Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

70 il xalqımızın və elmimizin xidmətində

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin  Akademiyanın 70 illik yubileyi münasibətilə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsi 

 “XXI əsrdə yalnız yüksək elmi potensiala və elmi tutumlu texnologiyalara malik ölkələr öz xalqları  üçün  xoşbəxt  və  firavan  həyat  tərzi  təmin  etmək  imkanına  malik  olacaqlar”.

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
 

Böyütmək üçün seçinBu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 ili tamam olur. Möhtəşəm yubiley ərəfəsində respublikamızda ali elmi qurum olan Akademiyanın keçdiyi tarixi və şərəfli yola nəzər salmaq,  xalqımıza, elmimizə verdiyi böyük töhfələr barədə, ölkə başçısının rəhbərliyi  ilə orada aparılan çoxşaxəli islahatlar haqqında oxucularımızı məlumatlandırmağı məqsədəuyğun hesab etdik. Yubiley ərəfəsində gərgin iş qrafikinə baxmayaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsahibəyə məmnuniyyətlə razılıq verdi. AMEA-nın Rəyasət Heyətinə, məşhur “İsmailiyyə”yə yollandıq. Akif müəllim iş otağında bizi mehribanlıqla qarşıladı. Akademik öncə bizi yubiley münasibətilə nəfis şəkildə çap olunmuş yeni kitablarla tanış etdi.  Bütövlükdə Akademiyanın fəaliyyətini əks etdirən “AMEA -70” fundamental nəşri, Akademiyanın prezidentləri haqqında olan ensiklopedik məlumat toplusu,  70 il öncə Akademiyanın təsisçisi olmuş, elmimizin inkişafında müstəsna rol oynamış  15 görkəmli alimə həsr olunmuş on beş kitab, AMEA-nın bütün üzvləri haqqında bioqrafik məlumatlar toplusu olan “Akademiya simalarda”, neçə-neçə nəfis şəkildə nəşr olunmuş bukletlər, broşürlər...   Nəşrlərin təşəbbüsçüsü və ideya rəhbəri olan Akif müəllim kitablar haqqında  bizə ətraflı məlumat verdi. Sonra hörmətli akademiklə söhbətə başladıq: 

- Akif müəllim, öncə Akademiyanın 70 illik yubileyi münasibəti ilə Sizi təbrik edirik. Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası artıq  yubiley tədbirlərinə hazırlıq ərəfəsindədir. 70 illik şərəfli bir yol keçmiş Akademiyanın xalqımızın sosial-mədəni inkişaf tarixində rolunu necə dəyərləndirərdiniz?

- Biz bu günlər həqiqətən də möhtəşəm bir bayram ərəfəsindəyik. Azərbaycan elminin tərəqqisində, müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq ideyasının formalaşmasında,  ziyalı elitasının yetişdirilməsində, respublika iqtisadiyyatının inkişafında  mühüm rol oynamış Elmlər Akademiyasının  70 illik yubileyidir.  Mübaliğəsiz demək olar ki, bu 70 il Azərbaycan xalqının tarixində renessans, dirçəliş dövrüdür. Bu mənada Akademiyanın, bu milli elm məbədinin yubileyi tək bir qurumun bayramı deyil, xalqımızın şərəfli tarixində müstəsna əhəmiyyətə malik olan ümummilli bir hadisədir.

Akademiya 70 illik fəaliyyət müddəti ərzində, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycanın sosial-mədəni tərəqqisinə  misilsiz töhfələr vermiş, cəmiyyətin əksər sosial-mədəni sferalarının inkişafında   təkanverici qüvvə kimi çıxış etmişdir. Respublikada güclü təhsil sisteminin formalaşması, milli kadr potensialının yetişməsi, iqtisadiyyatın inkişafı, xüsusən Azərbaycan neft strategiyasının reallaşması, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin, dilimizin tədqiqi kimi ümummilli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr  Akademiyanın fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tarixən Azərbaycanda ayrı-ayrı mütəfəkkirlər, müstəqil şəkildə fəaliyyət göstərən elmi məktəblər çox olmuşdur. Lakin sistemli şəkildə təşkil olunmuş, qarşısında konkret vəzifələr müəyyənləşdirilmiş, dövlət tərəfindən dəstəklənən qurum olmamışdır. Məhz 70 il bundan əvvəl Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə qədim və zəngin ənənələrə malik milli intellektual potensial tarixdə ilk dəfə olaraq müasir tələblər baxımından təşkil olundu, nəticədə, elmi fəaliyyətin cəmiyyətin inkişafında iştirakı sistemli və intensiv xarakter aldı.

Böyütmək üçün seçinBilirsinizmi, hazırda dünyada elm əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edərək xüsusi bir sosial fenomenə çevrilmişdir. İndi elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ fəaliyyət cəmiyyətin mövcudluğunu, təhlükəsizliyini,  davamlı inkişafını şərtləndirən əsas amil kimi çıxış edir. Eyni zamanda, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının  da əsas təminatçısı elmdir.  Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Dəfələrlə bəyan edildiyi kimi, dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, təbii resurslarla intellektual potensialın vəhdəti təşkil edir. Belə bir şəraitdə Akademiyanın yubileyi xüsusi məna kəsb edir.  İndi biz 70 illik zəngin elmi təcrübə işığında gələcək hədəflərimizə doğru addımlamalıyıq. Bir daha vurğulamaq istərdim ki, müasir dövr gələcək hədəflərə məhz elmin, intellektin, zəkanın işığında nail olmağın mümkünlüyünü təsdiq edir. Bu mənada ümummilli lider Heydər Əliyevin Akademiya haqqında dediyi dahiyanə formul,  “Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” tamamilə yeni məzmun kəsb edir. Milli sərvət statuslu Akademiyanı həm də ona görə qoruyub saxlamalıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividenti hesabına strateji oriyentirləri dəqiq müəyyənləşdirməyi bacaraq, necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək...

- Akif müəllim, Akademiyanın 70 illik tarixinin böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan elminin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu barədə düşüncələrinizi oxucularımızla bölüşməyinizi xahiş edərdik.

Böyütmək üçün seçin- Hər bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən titanik fəaliyyətində təzahür edir. Xalqımızın XX əsrdə yetişdirdiyi belə görkəmli şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin xüsusi yeri vardır.  İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.  

Mübaliğəsiz demək olar ki, Akademiyanı “milli sərvət” adlandıran ümummilli lider Heydər Əliyev həm də bu quruma dövlət statusunun verilməsinin təşəbbüskarı olmuşdur.  Elmlər Akademiyasının 70 illik tarixinin ən parlaq mərhələsi 1969-1985-ci illəri əhatə edən dövrdür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan həmin tarixi mərhələdə yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında çoxsaylı elmi uğurlar əldə edilmişdir. Bu, bilavasitə Heydər Əliyevin elmə, təhsilə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyev hələ respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edərkən o dövrdə təzyiqlərə məruz qalmış görkəmli alimlərimizi, elm xadimlərimizi öz imkanlarından istifadə edərək qoruyurdu.  1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra isə elmimiz demək olar ki, yeni  bir inkişaf  mərhələsinə qədəm qoydu. Mən çox xoşbəxtəm ki, həmin illərdə ölkə iqtisadiyyatının inkişafı baxımından prioritet sahə olan geologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra ulu öndərin tövsiyəsi ilə Akademiyanın Geologiya İnstitutunda rəhbər vəzifəyə təyin olundum. Bu illər ərzində mən ulu öndərin Akademiyaya göstərdiyi diqqət və qayğının canlı şahidi olmuşam.

Böyütmək üçün seçinHeydər Əliyevin ən mühüm xidmətlərindən biri yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi olmuşdu.

Həmin illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə istedadlı azərbaycanlı gənclərin təhsil almaq, elmi təcrübə keçmək məqsədilə SSRİ-nin müxtəlif  elm və təhsil mərkəzlərinə göndərilməsi intensiv xarakter aldı. O dövrdə yaşayanlar yaxşı bilərlər ki,  o vaxt Moskvada, Leninqradda, Kiyevdə, Novosibirskdə, Volqoqradda və digər şəhərlərdə çoxlu sayda tələbələrimiz oxuyurdu. Dəfələrlə şahidi olmuşam ki, Heydər Əliyev hər il ölkəmizdən kənara təhsil almaq üçün gedən tələbələrlə Respublika Sarayında görüşlər keçirərdi. Bu görüşlər olduqca möhtəşəm bir bayrama çevrilər, böyük ruh yüksəkliyi yaradardı. Həmin kadrlar təhsil alıb ölkəmizə qayıtdılar və böyük bir intellektual qüvvə kimi Azərbaycan elmi, iqtisadiyyatı və mədəniyyətinin yüksəlişinə xidmət göstərdilər.

Ulu öndər alimlərə böyük diqqət və qayğı göstərirdi. Bu sırada alimlərin sosial şəraitinin yaxşılaşdırılmasını, onlar üçün mənzillərin tikilməsini, alimlərə müxtəlif imtiyazlar yaradılmasını, tez-tez onların yubiley tədbirlərinin keçirilməsini xüsusi qeyd edərdim. Bu böyük elm hamisi alimlərlə şəxsən özü görüşürdü. Bu münasibət elmi mühitdə, insanlar arasında ruh yüksəkliyi yaradırdı.

Böyütmək üçün seçinBildiyimiz kimi, ötən əsrin 80-ci illərinin sonunda həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. SSRİ-nin süqutu, ənənəvi dövlət və ictimai institutların dağılması, dərin iqtisadi böhran, hüquqi nihilizm cəmiyyətin üzləşdiyi problemlərin yalnız bir qismi idi. Cəmiyyətdəki bu proseslərin nəticəsi olaraq Azərbaycan Elmlər Akademiyası da öz inkişafı tarixində ən ağır böhran mərhələsinə qədəm qoymuşdu. Qeyd olunan proseslər elmi potensialın tənəzzülünə, yüksəkixtisaslı kadrların xarici ölkələrə axınına, onilliklərlə yaranmış elmi əlaqələrin qırılmasına gətirib çıxardı. Təbii ki, bu hadisələr elmin inkişafına çox mənfi təsir göstərdi.

1993-cü ildə ulu öndər Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Hamımıza yaxşı məlumdur ki, Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ictimaiyyətlə ilk görüşünü 1993-cü ilin sentyabrında Elmlər Akademiyasında keçirmişdi. Bu tarixi görüşdən sonra Elmlər Akademiyasının fəaliyyətində canlanma baş verdi. Elmdən uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Ulu öndərin tövsiyələrini rəhbər tutaraq Akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin yenidən müəyyənləşdirilməsi üzrə tədbirlər getdikcə intensivləşdi.

Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası”, yəni dövlət statusu verildi. Bu da Akademiyanın cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi baxımından olduqca mühüm addım oldu. 

- Məlumdur ki, Akademiyanın 70 illik fəaliyyəti ərzində Azərbaycan alimləri tərəfindən istər fundamental, istərsə də tətbiqi elm sahələrində əldə olunmuş bir sıra mühüm nailiyyətlər ölkəmizin həm iqtisadi, həm də mədəni inkişafında mühüm rol oynamışdır. Bütövlükdə Azərbaycan elminin cəmiyyətin inkişafına verdiyi töhfələr barədə danışmağınızı xahiş edərdik.

- Əlbəttə, mən tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan alimləri nəinki ölkə daxilində, həm də dünya miqyasında elmi uğurlara imza atmış, elmimizi yüksək səviyyədə təmsil etmişlər. Təsadüfi deyildir ki, 70 illik yubiley ərəfəsində bu uğurlara, nailiyyətlərə həsr olunmuş cildlərlə kitab işıq üzü görmüşdür. Əgər biz Azərbaycan elmində əldə olunmuş uğurları ən qısa şəkildə xülasə etmək istəsək, onda elmi istiqamətlərə və şəxsiyyətlərə nəzər salmalıyıq.

Bu baxımdan  ilk olaraq dünya kimya elminə layiqli töhfələr vermiş Yusif Məmmədəliyevin adını qeyd etmək istərdim. Onun elmi nailiyyətlərinin miqyası və əhəmiyyəti o qədər böyükdür ki, əgər  SSRİ kimi qapalı bir ölkədə deyil, başqa bir inkişaf etmiş ölkədə yaşasaydı, Nobel mükafatına layiq görülə bilərdi. Onun kəşf etdiyi yüksəkoktanlı aviabenzini qeyd etmək elə kifayət edər. Bax bu, Azərbaycan elminin və intellektual potensialının gözəl nümunəsidir.

Ötən illər ərzində Akademiyanın alimləri fizika, riyaziyyat, astronomiya, mexanika, kibernetika, informasiya texnologiyaları sahəsində də böyük uğurlar əldə etmişlər. Mən bu gün Həsən Abdullayevin, Zahid Xəlilovun, Əşrəf Hüseynovun, Azad Mirzəcanzadənin, İsmayıl İbrahimovun və başqa böyük alimlərin adlarını qeyd etmək istərdim. Bu alimlərin hər biri öz sahəsində böyük nailiyyətlər əldə etməklə bərabər, Azərbaycanda elmi məktəblərin də formalaşmasına töhfələrini vermişlər.

Elmlər Akademiyası respublikada tibb elmi və təhsilinin təşəkkülündə də mühüm rol oynamışdır. Bu fəaliyyət sahəsindəki uğurlar xüsusilə diqqəti cəlb edir. Əgər biz Akademiyada bu elmi istiqamətin nailiyyət və uğurlarına baxsaq, onların müəlliflərinin ölkənin sərhədlərindən kənarda tanınan görkəmli bioloq və həkimlər olduğunu görərik. Azərbaycanda kliniki cərrahiyyənin baniləri Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, oftalmologiya sahəsində Zərifə Əliyeva, biologiya sahəsində Cəlal Əliyev, onkologiya sahəsində Cəmil Əliyev, Əhliman Əmiraslanov və  bir sıra başqa alimlər bu sahələrin inkişafına dəyərli töhfələr vermişlər.

Azərbaycan geoloqlarının əldə etdiyi uğurları da qeyd etməyi özümə borc bilirəm. İstər sovet dövründə, istərsə də müstəqillik illərində geoloqlarımız böyük əhəmiyyətə malik olan neft və qaz yataqlarının elmi əsaslandırılması və proqnozlaşdırılması istiqamətində mühüm işlər görmüşlər. Təsadüfi deyildir ki, Neft Daşları, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi dünya əhəmiyyətli yataqların kəşfində, işlənməsində bizim alimlərin tədqiqatları mühüm rol oynamışdır. Elm və istehsalatın vəhdətinə gözəl  nümunə olan bu uğurlar böyük Azərbaycan alimlərinin - Musa Əliyev, Əşrəf Əlizadə, Şəfayət Mehdiyev, Həsən Əhmədov, Sübhi Salayev, Xoşbəxt Yusifzadə, Baba Babazadə, Faiq Bağırzadə və başqalarının adları ilə bağlıdır. 

Akademiyada xalqımızın sosial-mədəni inkişafına töhfə verən sahələrdən biri də humanitar və ictimai elmlərdir. Bu elm sahəsinin görkəmli alimləri xalqımızın milli varlığının, mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılması, Azərbaycan tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti, incəsənətinin tədqiqi və təbliği istiqamətində mühüm işlər görmüşlər. Bu şəxsiyyətlər  xalqın milli özünüdərkində, milli düşüncənin inkişafında, həmçinin ölkədə gedən yüksək quruculuq işləri ilə həmahənglik təşkil edən “70-80-ci illər mədəni intibahı”nın yetişməsində  müstəsna rol oynamışlar. Akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinə, mədəniyyətinə və  ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş fəlsəfi tədqiqatları humanitar və ictimai elmlərin cəmiyyətimizə, elmimizə ən dəyərli töhfələrindəndir.

Sözsüz ki, bizim dediklərimiz, Azərbaycan elmində əldə olunmuş nailiyyətlərin az bir hissəsini təşkil edir. Qeyd etdiyimiz elmi istiqamətlər üzrə bu gün də müasir dünyanın tələb və çağırışlarına müvafiq olaraq inkişaf etməkdə, yeni-yeni nailiyyətlər əldə olunmaqdadır. 

- Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilmişdir. Belə bir şəraitdə respublikanın əsas elmi mərkəzi olan Akademiyanın üzərinə xüsusi vəzifələr düşür...

- Sualınıza cavab olaraq bir az əvvəldən başlamaq istərdim. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Təsadüfi deyildir ki, “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçid ölkənin strateji hədəfi elan edilmişdir. Belə bir strategiya kontekstində milli elmi potensialın inkişafı özünün yeni mərhələsinə qədəm qoydu. Elmin yeni tendensiyalara uyğunluğunu təmin etmək məqsədilə 2009-cu ildə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” qəbul edildi. Strategiyanın icrası istiqamətində beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, Akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli işlər görüldü. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi, elektron elmin formalaşması sahəsində də çox ciddi uğurlar əldə olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmin inkişafına böyük təkan verəcək addımlarından biri də sizin adını qeyd etdiyiniz “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qəbul etməsidir. Bu Konsepsiya son dərəcə uğurlu bir inkişaf proqramıdır. Əgər biz bu Konsepsiyanın elm, Akademiya qarşısında qoyduğu vəzifələrə baxsaq görərik ki, burada ənənəvi iqtisadiyyatdan biliklər iqtisadiyyatına, neft kapitalından insan kapitalına keçid hədəf kimi seçilmişdir. Bu da ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən elan etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait vardır. İndi Akademiyada bu istiqamətdə köklü islahatlar aparılmaqdadır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. İslahatlar prosesində bir tərəfdən elmi müəssisə və təşkilatların fəaliyyətinin bu tələblərə uyğunlaşdırılması baxımından addımlar atılırsa, digər bir tərəfdən də yüksəkixtisaslı elmi kadrların hazırlanması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yeni kadr potensialının gücləndirilməsi sahəsində də işlər görülür. Bizim bu istiqamətdə həyata keçirdiyimiz işlərdən biri də alimlərin əməyinin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılmasıdır.

Heç şübhəsiz ki, Akademiyanın qarşısına qoyulmuş bu tələblərin icrasının daha səmərəli həyata keçirilməsi birbaşa olaraq beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi ilə bağlıdır. Artıq bu istiqamətdə də bir sıra addımlar atılmışdır. Belə ki, ötən il Akademiyada ABŞ-ın, Almaniyanın, İtaliyanın  nüfuzlu elmi mərkəzləri ilə birlikdə müvafiq olaraq Geologiya və Geofizika İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində, Botanika İnstitutunda, Ədəbiyyat İnstitutunda, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 10-a yaxın beynəlxalq laboratoriya yaradılmışdır. Hesab edirik ki, bu qarşılıqlı əməkdaşlıq elmimiz üçün əhəmiyyətli olmaqla yanaşı, dövlət proqramının uğurlu icrası baxımından da mühüm əhəmiyyətə malikdir.  

Yeri gəlmişkən onu deyim ki, Akademiyada bu işlər pərakəndə şəkildə həyata keçirilmir. Burada kadr təminatı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, gənc alimlərin təcrübə mübadiləsinə göndərilməsi, alimlərin sosial şəraitinin yaxşılaşdırılması məsələləri konkret proqram şəklində əks olunmuşdur.  Əgər biz elmimizin gələcəyini parlaq görmək istəyiriksə, bu gün həmin gələcək üçün səfərbər olmalı, əməli addımlar atmalıyıq.  

- Akif müəllim, son üç ilə yaxın müddət ərzində Akademiyanın fəaliyyətindəki canlanma diqqəti cəlb edir. Burada Sizin rəhbərliyinizlə çox ciddi islahatlar aparılır. Bu islahatların bir sahəsini də prioritet elmi istiqamətlərin, müasir elmi problemlərin müəyyənləşdirilməsi təşkil edir. Burada hansı elm sahələri əsas götürülür və bunlar hansı zərurətdən irəli gəlir?

- Biz “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarına, müasir dünyanın çağırışlarına, ölkə başçısının elm qarşısında müəyyənləşdirdiyi tələblərə, eləcə də elmi araşdırmaların məntiqindən doğan istiqamətlərə əsaslanaraq Azərbaycan elminin qarşımızdakı illər ərzindəki prioritetlərini müəyyənləşdirərək təsdiq etmişik. Mənim dəfələrlə vurğuladığım kimi, elm hadisə və proseslərin arxasında deyil, önündə getməlidir. Bütün fəaliyyət sahələrində elmin tətbiqi, elmi yanaşma inkişafa yol açmaqla bərabər, risklərin də minimallaşdırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycan sürətlə beynəlxalq aləmə inteqrasiya olunur, iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə elmin bu proseslərdə yaxından iştirakı, heç şübhəsiz,  əsas hədəflərdəndir.

Bütün bunları nəzərə alaraq, biz konkret elm sahələri üzrə prioritetləri müəyyənləşdirmiş və onların elmi proqramlar şəklində maliyyələşdirilməsinə başlamışıq.

Bu istiqamətlərdən energetika, həyat haqqında elmləri xüsusilə qeyd etmək istərdim. Bura biofizika, biokimya, biotəbabət, biotexnologiya və s. daxildir. Ümumilikdə, Akademiyada bütün istiqamətlər üzrə ciddi elmi yeniliklərin əldə olunması üçün müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarının tətbiqi əsas şərtdir. Bilirsiniz ki, müasir dövrdə heç bir sahəni İKT-siz təsəvvür etmək mümkün deyil. Bu gün AMEA-nın bütün struktur bölmələri və institutları ən müasir İKT avadanlığı və İnternetə çıxışla təmin edilib. İndi Akademiyanın bütün müəssisələri AzScienceNet şəbəkəsinə birləşdirilib, onların tələbatlarının ödənilməsi üçün böyük yaddaş və emal imkanlarına malik olan Data mərkəzi yaradılmışdır. Bir sözlə, İKT-nin tətbiqi Akademiyanın mühüm elmi prioritetlərindən biri olmaqla bərabər, Azərbaycan elminin müasir dünyanın çağırışlarına adekvat cavab verməsinə şərait yaradan əsas amillərdən biridir.

Eyni zamanda humanitar və ictimai elmlərin də özünəməxsus prioritetləri vardır. Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra sovet ideologiyasına uyğun yanaşmaları, fakt və izahları, bir sözlə, təhrifləri aradan qaldırmağa böyük ehtiyac yaranmışdır. Bu gün Azərbaycançılıq ideologiyasının, multikulturalizm nəzəriyyəsinin daha mükəmməl şəkildə öyrənilməsi və təbliği humanitar və ictimai elmlərin qarşısında duran əsas məsələlərdəndir. Həmçinin bu gün Azərbaycanın tarixi, ədəbiyyatı, dili, arxeologiyası, etnoqrafiyası, folkloru dünyanın müasir nəzəri metodoloji bazası əsasında təhlil olunmalı və dünyanın qəbul etdiyi üsulla təqdim olunmalıdır. Bu məqsədlərə nail olmaq bizim humanitar və ictimai elmlər qarşısında müəyyənləşdirdiyimiz əsas prioritetlərdir.  

Qeyd etməliyəm ki, bu prioritetlərə uyğunlaşmaq məqsədilə, Akademiyanın elmi müəssisə və təşkilatlarının strukturunda dəyişiklik edilməklə yanaşı, yeni elmi təşkilatlar da yaradılmışdır. Bilirsiniz ki, bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu kontekstində dünyaya inteqrasiya güclənmiş, Azərbaycanın beynəlxalq münasibətləri daha da genişlənmişdir. Belə bir şəraitdə dünyada gedən siyasi prosesləri dərindən öyrənmək, analiz etmək, proqnozlaşdırmaq, bir sözlə, Azərbaycanın beynəlxalq maraqlarının elmi şəkildə təhlil və tədqiqinə böyük ehtiyac yaranmışdır. Məhz bunu nəzərə alaraq, biz Dünya Siyasəti İnstitutunu yaratmışıq. Həmçinin elmimizin tarixinin, onun müxtəlif vaxtlarda əldə etdiyi nailiyyət və uğurlarının araşdırılması və təbliğ edilməsi məqsədilə Elm Tarixi İnstitutu yaradılmışdır.

Təbiidir ki, qeyd etdiyim bu prioritet istiqamətlər Akademiyada öyrənilən problemlərin yalnız bir qismini təşkil edir.

- Akif müəllim, Akademiyada görülən işlərin mühüm istiqamətlərindən birini də elmlə təhsilin inteqrasiyası təşkil edir. Bizə məlumdur ki, son dövrlərdə Akademiyada bu sahədə bir sıra əməli tədbirlər həyata keçirilmişdir. Onlar təhsil ictimaiyyətimiz üçün də maraqlı olardı.

- Sizin qəzetinizin oxucu auditoriyasının daha çox təhsil işçiləri, müəllimlər və tələbələr olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, elm və təhsilin inteqrasiyası olduqca aktual və gərəkli məsələdir. Vaxtilə böyük rus alimi M.V.Lomonosov bu məsələ ilə bağlı çox maraqlı və dəyərli bir fikir söyləmişdir:  “Akademik reqlament elə düşünülmüşdür ki, onun mahiyyəti nəinki öz alim sıralarını zənginləşdirib, sayını dəfələrlə artırmaq, hətta onları bütün dövlət üzrə yerləşdirməkdir... Universitet Elmlər Akademiyasının dostu, onunla qan qardaşı olub Vətənin rifahı naminə birgə xidmət etməlidir. Universitetin nəzdində gimnaziyanın mövcudluğu vacibdir, çünki onsuz universitet sanki toxumsuz bir əkin sahəsidir”. Məncə, bu, sualınıza ən yaxşı cavabdır.

Qeyd edim ki, bu gün Akademiyada elm və təhsilin inteqrasiyası konseptual xarakter daşıyır. Məlum olduğu kimi, Akademiyada illərlə formalaşmış böyük elmi potensial, müxtəlif elmi istiqamətlər üzrə çoxsaylı mütəxəssislər, müasir elmi avadanlıq və cihazlarla təmin olunmuş laboratoriyalar mövcuddur. Bu potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasına böyük ehtiyac vardır. Alimlərimiz təhsil prosesində iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır. Bu gün biz alimlərin pedaqoji prosesdə yaxından iştirakında maraqlıyıq. Həqiqətən də, bu gün püxtələşmiş  alimlərimiz öz təcrübələrini universitet auditoriyalarında gənc nəslə öyrətməkdədirlər. Biz bu prosesi daha da təkmilləşdirmək məqsədilə konkret addımlar da atmışıq. Artıq bu gün Akademiyada 15-ə yaxın baza kafedrası fəaliyyət göstərir. Bu kafedralar universitetlərdəki kafedraların elmi mütəxəssislərlə daha yaxşı təmin olunmasına, təcrübə və nəzəriyyənin bölüşdürülməsinə geniş imkanlar yaradır. Bu isə bizə Akademiyada magistratura təhsil pilləsini təşkil etməyə imkan yaratdı. Artıq bu il  Akademiyada 7 prioritet ixtisas üzrə magistraturaya qəbul həyata keçirilmişdir. Biz bununla gənclərin elmə daha erkən cəlb olunmasına nail olmaq istəyirik.

Mən Azərbaycan Alimlərinin I Qurultayındakı məruzəmdə qeyd etmişdim ki, biz  gələcək alimi orta məktəblərdən seçməli və yetişdirməliyik. Bu gün təhsil prosesində tətbiq olunan kurikulum da əslində dünyanın müasir çağırışları zəminində meydana çıxmışdır. Burada əsas məqsəd şagirdlərdə ilkin tədqiqat, araşdırma vərdişlərini aşılamaqdır ki, bu da gənclərdə elmi araşdırmalara marağın yaradılmasına imkan verir. Çox sevindirici haldır ki, artıq Azərbaycan təhsilində də bu proses uğurlu şəkildə gedir və heç şübhəsiz ki, yaxın gələcəkdə biz bunun müsbət nəticələrinin şahidi olacağıq. 

- Akif müəllim, bu gün Azərbaycanda gənclər siyasəti əsas prioritetlərdəndir. Akademiyada həyata keçirilən islahatların da mühüm istiqamətlərindən birini müasir tələblərə uyğun intellektual gənclərin yetişdirilməsi təşkil edir. Sonda gənclərə tövsiyələrinizi eşitmək istərdik.

- Bəli, bu gün Azərbaycanda gənclik dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlətin birbaşa dəstəyi ilə gənclərin ölkənin ictimai, siyasi, iqtisadi, təhsil sahəsində uğurlar əldə etməsi üçün münbit şərait yaradılmışdır. Mən arzu edərdim ki, gənclərimiz, o cümlədən intellektual gənclərimiz yaradılmış bu imkanlardan səmərəli istifadə etməyi bacarsınlar.

Bu gün dünyada baş verən sürətli proseslər tələb edir ki, müasir gənclik öz sahəsinə dair nəzəri bilikləri mənimsəməklə bərabər, xarici dillərə yiyələnsin, İKT bacarıqlarına sahib olsun. Gələcək məhz bu tələblərə cavab verə bilən gəncliyin simasında nikbin görünür.   

Bütün sahələrdə olduğu kimi, elmdə də varisliyin qorunması, təcrübə və ənənələrin ötürülməsi intellektual gəncliyin üzərinə düşür. Gənclərimiz böyük tarixə malik olan elmimizin əldə etdiyi təcrübəni dərindən mənimsəməli, Vətənin və xalqın inkişafı naminə praktikada tətbiq etməli, özündən sonrakı nəslə ötürməlidir. Azərbaycan gəncliyinə bir daha xatırlatmaq istəyirəm ki, müasir dünyanın reallıqları və çağırışları dahi Nizaminin XII əsrdə dediyi fikrin doğruluğunu hər an daha əminliklə təsdiq etməkdədir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

- Akif müəllim, maraqlı və geniş müsahibə üçün Sizə təşəkkür edirik. 

Müsahibəni apardılar:
Bayram HÜSEYNZADƏ,
Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov