Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

700 bal toplamaq uğurdur, yoxsa...

 

Niyazi RƏHİMOV,
“Azərbaycan müəllimi”

[email protected]
 

2007-ci ildən başlayaraq ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin maksimum nəticə göstərərək 700 bal toplaması  artıq bir ənənəyə çevrilib. İndiyədək  57 abituriyent bu yüksək nəticəni əldə edib. “Azərbaycan müəllimi” olaraq, biz də təhsilimizin ildən-ilə yüksələn  bu addımlarını böyük uğur hesab edirik və bu məsələnin təbliği  ilə bağlı  qəzetimizdə  mütəmadi  olaraq  yazılar veririk.

Ancaq məsələnin digər tərəfi isə 700 bal toplayanların həyatlarının sonrakı mərhələlərində cəmiyyətdə hansı mövqe tutmaları, təhsilin növbəti pillələrində bir peşəkar mütəxəssis kimi yetişə bilmələri, bir sözlə, cəmiyyətin onlardan gözləntiləridir. Nəzərə çatdıraq ki, redaksiyamız həmin şəxslərin sonrakı təhsilini və iş karyeralarını daim diqqətdə saxlayır. Bu məqsədlə də qəzetimizin əvvəlki nömrələrində 700 bal toplayanların ali məktəbi bitirdikdən sonra harada çalışmaları və təhsil aldıqları ali məktəbdə imtahan sessiyasındakı nəticələri ilə bağlı araşdırmalar aparmışıq. Bu araşdırmalardan məlum oldu ki, 700 bal toplayanlar heç də qəbul imtahanlarında əldə etdikləri uğuru iş karyeralarında təkrarlaya bilmirlər. Onlardan əksəriyyəti ya dövlət idarələrindəki aşağı təsnifatlı vəzifələrdə, ya da nüfuzu olmayan özəl təşkilatlarda çalışırlar. Hətta onların arasında elələri də var idi ki, 3-4 il bundan əvvəl ali məktəbi bitirməsinə baxmayaraq, hələ də işsizdir. İmtahan sessiyasının nəticələrinə gəldikdə isə bu məsələdə də onlar bir çox hallarda önə çıxa bilmirlər. Yəni ali məktəblərə qəbulda göstərdikləri nəticələri universitetlərdə doğrultmur, qəbul imtahanlarında onlardan olduqca az bal toplayan tələbələrdən bir o qədər də seçilmirlər. Ayrı-ayrı pedaqoqlarla, mütəxəssislərlə müzakirə zamanı onlar bunun ən başlıca səbəbini ali məktəblərə qəbul imtahanlarına hazırlıq zamanı həmin şəxslərin olduqca gərgin yüklənmələri ilə izah etdilər. Eyni zamanda, bu tələbələrin hətta yaxın çevrələrində olan insanlarla belə ünsiyyət qurmaqda çətinlik çəkdikləri, ən əsası isə sosiallaşa bilməmələri qeyd olundu.  Müşahidələr göstərir ki, onların bəziləri özlərinə qapanır, bir yeniyetmə kimi fəal həyat tərzindən uzaq düşürlər. Nəticədə sağlamlıq və psixoloji baxımdan problemlərlə qarşılaşırlar.

Araşdırmalarımız onu da göstərdi ki,  700 bal toplamaq üçün ixtisaslarına aid olmayan fənlərlə bağlı abituriyentlərin yükləndikləri bəzi incə fakt və rəqəmlər, dərin biliklər, sonrakı fəaliyyətlərində, demək olar ki, onlara lazım olmur və getdikcə unudulur.

 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda şagirdlərdə ünsiyyət bacarığı, idrak fəallığı və məntiqi təfəkkürün inkişafı orta ümumtəhsil məktəblərinin əsas vəzifələrindən biri hesab olunur. Ancaq etiraf edək ki, 700 bal toplamaq arzusu bir çox hallarda şagirdləri dövlətin ümumtəhsil məktəbi qarşısında qoyduğu bu mühüm vəzifələrdən yayındırır.

Bəs, bu haqda mütəxəssislər nə düşünür? Sualımıza cavab tapmaq üçün onlarla əlaqə saxladıq.  


Şahlar ƏSGƏROV,  təhsil eksperti 

Əgər uşaq istedadlıdırsa və təbii olaraq, deyək ki, Azərbaycanın uzaq bir kəndindən gəlib 700 bal toplayıbsa bu, əlbəttə, böyük nailiyyətdir. Yəni bu adamın potensialı yüksəkdir, bütün deyilənlər yadında qalır ki,  700 balı toplayıb. Amma süni surətdə, yəni repetitor tutmaqla, uşağın istirahətini, sağlamlığını bada verməklə, valideynin təzyiqi, yəni qoy mənim uşağım 700 bal toplasın deyib uşağı  qəhrəman sifətində görməsi ilə bu balın toplanması uğursuz bir şeydir. Uşaq o əziyyətin  hesabına 700 bal toplamaqdansa, sərbəst olaraq 650 toplasa daha yaxşıdır. Bu həm uşağın sağlamlığı üçün, həm də sosiallaşa bilməsi üçün yaxşı olar.

Mən sizə bir misal çəkim. Bizim Apple telefonlarımızın yaradıcısı Stiv Cobsu Harvard Universitetinin bakalavr tələbələri ilə görüşə çağırırlar. Dünyanın ən varlı adamlarından biri sayılan Stiv Cobs bilirsinizmi tələbələrə nə deyir? Deyir ki, ay uşaqlar, heç mən universitet qurtarmamışam. Ali təhsilim yoxdur.

Hətta deyilənə görə, Microsoft şirkətinin yaradıcısı, dünyanın ən varlı adamlarından olan Bill Qeytsin də ali təhsili olmayıb. Uinversiteti çox sonralar, məşhurlaşanda bitirib.

Buradan həm də o qənaət hasil olur ki, insan yaradıcı olmalıdır,  ali təhsil o qədər də önəmli deyil. Ona görə indi kreativ sözü tez-tez işlədilir. O məhz yaradıcı düşüncəni, məsələlərə yaradıcı yanaşmanı özündə ehtiva edir. Yenə deyirəm, ümumiyyətlə mənimsəmənin, yüksək bal toplamanın özü yaxşı şeydir, amma bunu, necə deyərlər, həyatın mənasına çevirmək, uşağın ömrünü bu yolda xərcləmək düzgün deyil.

Ölkəmizdə ümumiyyətlə biliyin qiymətləndirilməsi yaxşı vəziyyətdə deyil. Biliyin qiymətləndirilməsi təhsilə nəzarət üçün lazımdır ki, müəllimin necə dərs deməsi, uşaqların necə mənimsəməsini müəyyənləşdirsin. Bunun üçün cürbəcür şkalalar var: 5 ballıq, 10 ballıq, 100 ballıq, 700 ballıq. Hazırda bunların hamısı bizdə tətbiq olunduğundan qiymətləndirilmənin vahidlik prinsipi pozulub. Hətta bir müddət eksperiment qaydasında 9 ballıq şkaladan da istifadə olunub. Şkala şagirdin bildiyinin bilməli olduğuna nisbətini əks etdirir. 700 ballıq şkala özü də Azərbaycan cəmiyyəti tərəfindən tam dərk olunmuş bir şkala deyil. 700 bal 5 ballıq şkalanın 5-i,10 ballıq şkalanın 10-u, 100 ballıq şkalanın 100-ü deməkdir. 700 ballıq şkalada bizim klassik “4” qiymət 560,  “3”  420, “2” 280-dir. İndi gör bu 700 ballıq şkala cəmiyyətdə necə dolaşıqlıq yaradıbsa  uşaq 250 bal toplayanda valideyn sevinir ki,  uşağım əməlli-başlı bal toplayıb. Halbuki bu, “2”-dən də aşağıdır.

Qiymətləndirmədə bir vacib məsələ də var - mənimsəmənin minimal həddi. Misal üçün, Amerika kimi ölkədə mənimsəmə həddi hardasa 80 faizdir. 80 faizdən aşağı mənimsəmə qeyri-kafi hesab olunur. Amma SSRİ-də 60 faiz idi, yəni “3”. “3”-dən aşağıdakı qiymətlər qiymət deyil, göstəricidir, yəni simvolikdir.  Bu o deməkdir ki, şagird mənimsəməyib.


Asif CAHANGİROV,  təhsil eksperti 

Bu məsələ məni də neçə müddətdir ki, narahat edir. Ali təhsil müəssisələrində çalışan təhsil işçiləri ilə  söhbətlərimdən də məlum olub ki,  bu gənclərin bir çoxu ali məktəbə daxil olduqdan sonra təhsil prosesinə uyğunlaşa bilmirlər. Onlar çox vaxt özlərinə qapılırlar. Yaşıdları və ətrafdakılarla münasibət qurmaqda çətinlik çəkirlər. Qəbul imtahanlarına hazırlıq zamanı onlarda yaranan özünəqapanma sonrakı təhsillərində müxtəlif problemlərə gətirib çıxardır. Belə ki, həmin tələbələrin bir hissəsi müxtəlif məsələlərlə bağlı müstəqil fikir yürütmək, nəticə çıxarmaq və natiqlik qabiliyyətlərinə malik olmurlar. Təbii ki, bunu onların hamısına şamil etmək də düz deyil. 

Məsələ ilə bağlı bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Deməli, 700 bal toplayan tələbələrdən biri oxuduğu universitetə və tələbələrə uyğunlaşa bilmədiyi üçün II kursdan sonra təhsilini xaricdə davam etdirmək qərarına gəlmişdir. Valideynləri düşünürdü ki, bəlkə xaricə getsə oradakı təhsil mühitinə adaptasiya ola bilər. Bu məqsədlə xarici dil öyrənmək üçün əvvəllər mənimlə birgə çalışan  yaxşı tanıdığım müəllimlərdən birinə müraciət etmişdi. Müəllim həmin tələbənin biliklərini yoxlamaq üçün ona test tapşırığı vermişdi. Tələbə test tapşırıqlarını çox sərbəst şəkildə düzgün cavablandırmış, lakin ingilis dilində danışmaqda çətinlik çəkmişdir. Çox uzun müddət keçdikdən sonra müəllim bu vərdişi onda formalaşdıra bilmişdir.  Buradan belə nəticəyə gəlmək olar ki, həmin tələbənin qramatikanı və lüğəti çox yüksək səviyyədə bilməsinə baxmayaraq, şifahi nitq və ünsiyyət vərdişlərinə yiyələnməmişdir. Bütün bunlar həm də onu göstərir ki, repetitorlar abituriyentlərdə zəngin bilik, zəruri kompetensiyalar yaratmaq əvəzinə onları əzbərçiliyə alışdırırlar.  Bu da onların sonrakı inkişafına, cəmiyyətdə fəal mövqe tutmasına mənfi təsir göstərir.


Ənvər ABBASOV,  Təhsil Problemləri İnstitutunun direktor müavini 

Bu sual haqqında düşünərkən istər-istəməz 120 test üzərində üç saata qədər işləyib nəticədə 700 bal toplayan abituriyentin fəallığı göz qabağına gəlir. O, bir göz qırpımında test  tapşırıqlarını həll edir. Heç şübhəsiz, özünün təhsil illərində qazandığın  bilik və bacarıqları konkret vaxt çərçivəsində  verilmiş tapşırıqlara uyğun  nümayiş etdirmək çox böyük qabiliyyətdir və hər kəsin belə bir uğur sahibi olması mümkün deyildir. Özünün yüksək səviyyəli idrak fəaliyyəti ilə, xüsusən fenomenal yaddaşı ilə fərqlənənlər belə bir nəticəyə gəlib çata bilirlər. Fakt və hadisələri yadda saxlamaq, yada salmaq və nümayiş etdirməklə xüsusi  bacarıq sahibi olduqlarını göstərirlər.

700 və ona yaxın bal toplamaq cəhdi böyük bir zəhmətin nəticəsi olsa da, lakin müasir təhsil dünyasının ölçüləri ilə uyğun gəlmir. Çünki humanist tələblərin mövcud olduğu hazırkı şəraitdə insanın bir şəxsiyyət kimi inkişafının əsasında biliklərinin çoxluğu deyil, məntiqi, tənqidi və kreativ bacarıqlara hansı səviyyədə sahib olması dayanır.

Çox bilik əldə etmək bir tərəfdən abituriyentlərin həddindən artıq yüklənməsi ilə, digər tərəfdən isə onların sosiallaşa bilməməsi ilə  nəticələnir. Şagird yaddaşında toplanıb qalmış olan bu biliklər müasir məktəbin ölçüləri baxımından inkişafın təminedici faktoruna çevrilə bilmir.

Biz isə həm müəllim, həm də valideyn mövqeyimizdən   uşaqlarımıza müxtəlif inzibati təsirlər göstərməklə onları daha çox 700 və ona yaxın bal toplamağa məcbur edirik. Müşahidələr göstərir ki, əksər hallarda valideynləri övladlarının səhhətindən daha çox onların biliklərə yiyələnməsi, akademik savad alması düşündürür. Lakin müşahidələr onu da göstərir ki, müxtəlif təsirlərə məruz qalaraq həddindən artıq  biliklərə yiyələnən abituriyentlər ali məktəbə daxil olduqdan sonra çox az hallarda qeyri-adilikləri ilə fərqlənirlər. Adi tələbələrlə bir səviyyədə oxuyur, o qədər də fərqlilik nümayiş etdirə bilmirlər. Eyni zamanda belə tələbələrin ali məktəbi bitirdikdən sonra iş karyeralarında uğur qazanmasında da problemlər müşahidə edilir, onlar göstərdikləri yüksək nəticələrə uyğun fəaliyyət ortaya qoya bilmirlər.


 Aytəkin İBRAHİMOVA, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekan müavini 

Məlumdur ki, bizim fakültəyə daxil olan və dövlət hesabına təhsil alan tələbələr qəbul imtahanlarında çox yüksək bal toplayırlar. Tələbələrin arasında 700 və ona yaxın bal toplayanların sayı çoxdur. Onlar universitetə qədəm qoyduqları ilk vaxtlarda, daha dəqiq desək, birinci semestrdə müəyyən adaptasiya dövrü keçirirlər. Belə ki, həmin tələbələr yoldaşları ilə ünsiyyət qurmaqda, seminarlarda dərsə cavab verməkdə çətinlik çəkirlər. Lakin müəyyən vaxt keçdikdən sonra onlar bu dövrü keçirlər. Bilirsiz, bu məsələdə şəxsin özündən də çox şey asılıdır. Elə tələbələr olur ki, 4-cü kursu bitirənə qədər insanlarla ünsiyyət qurmaqda, sosiallaşmaqda çətinlik çəkirlər. Fakültə tərəfindən tələbələrin aktiv şəkildə fəaliyyəti üçün müxtəlif debatlar təşkil olunur. Bundan başqa, onları Tələbə Elmi Cəmiyyətinə sövq etməklə erkən vərdişlər formalaşdırırıq. Sosiallaşmalarına şərait yaradılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov