Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi

 

“Rossotrudniçestvo”nun dəstəyi ilə 20-24 oktyabr 2015-ci il tarixlərində  Moskvada “Xarici dövlətlərdə ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” III Beynəlxalq müsabiqəsinin finalı keçirilib.   Müsabiqənin seçim turunda  MDB, Baltikyanı, Avropa, Asiya, Amerika, Afrikanın 60-dan çox ölkəsindən  600-dən artıq müəllim iştirak edib. Ekspert qiymətləndirməsinin nəticələrinə görə 15 ölkədən (Avstriya, Azərbaycan, Belarus, Bolqarıstan, Vyetnam, Gürcüstan, Hindistan, İspaniya, Ermənistan, Qazaxıstan, Kipr, Qırğızıstan, Çin, Moldova, Xorvatiya) olan 15 müəllim finalda iştirak edib. Beynəlxalq müsabiqə 2011-2015-ci illərdə rus dili Federal proqramı çərçivəsində keçirilib.

Müsabiqənin final mərhələsi tədbirləri çərçivəsində hər bir müəllim xaricdə rus dilinin tədrisi təcrübəsini nümayiş etdirib. Final proqramına, müsabiqə tapşırıqlarından başqa (test, esse, təqdimat, dərs fraqmenti) rus dili tədrisinin müasir texnologiyaları, ən yeni metodik və tədris ədəbiyyatı ilə tanışlıq da daxil olub.  

Finalda ölkəmizi Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin rus dili və ədəbiyyatı müəllimi, təşkilati işlər üzrə direktor müavini Naibə Kərimli təmsil edib.  O,  “Yaradıcı potensialın nümayişinə görə” nominasiyası üzrə qalib olub. Onu da qeyd edək ki, bu, Naibə xanımın ilk uğuru deyil. O,  Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərində, rus dili və ədəbiyyatının tədrisi ilə bağlı müxtəlif konfrans və seminarlarda daim fəal iştirak edib, dəfələrlə fəxri fərman, diplom və təşəkkürnamə ilə təltif edilib. 2010-cu ildə  Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin keçirdiyi “Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” Respublika müsabiqəsinin qalibi olub. Onun şagirdləri daim müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, bilik yarışlarında iştirak edərək mükafatlar alıb. 2013-cü ildə üç şagirdi XIII Beynəlxalq rus dili olimpiadasında iştirak edib: iki şagirdi 1-ci yerə layiq görülüb, bir şagirdi isə olimpiadanın mütləq çempionu olub. Rus şairi M.Y.Lermontovun yubileyinə həsr olunmuş Respublika qiraət müsabiqəsində də şagirdləri fərqlənərək birinci və ikinci yerlərə layiq görülüb.

Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr 2015-ci il tarixli əmri ilə Naibə Kərimli  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

Naibə Kərimlini əldə etdiyi uğurlar  münasibətilə təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər  arzulayırıq.  

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov