Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Alimlərə təltif olunduqları mükafatlar təqdim edilib

 

Böyütmək üçün seçinNoyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Akademiyanın 70 illik yubileyinə həsr olunan növbəti iclası keçirilib. Yığıncağı AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin irəli sürdüyü elmi prioritetləri bir daha alimlərin diqqətinə çatdırıb. AMEA rəhbəri bildirib ki, bu il noyabrın  9-da AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə başçısı İlham Əliyev öz nitqində Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritetlərini elan edib, alimlər qarşısında həyata keçirilməsi zəruri olan yeni mühüm vəzifələr müəyyənləşdirib.

Akademik Akif Əlizadə qeyd edib ki, AMEA-nın müvafiq elmi bölmələrinin akademik-katibləri bu prioritetlərin elmi müəssisə və təşkilatların Elmi şuralarında geniş müzakirələrini təşkil etməli, təkliflər hazırlamalı, onların icrası ilə əlaqədar müvafiq qərar qəbul edərək AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər.

Çıxışında Azərbaycan elminin və alimlərimizin əməyinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran akademik Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  AMEA-nın 70 illik yubileyi münasibətilə də Akademiyanın bir qrup əməkdaşının  orden, medal və fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə  təltif edildiyini, səkkiz nəfərə   isə Azərbaycan Respublikası  Prezidentinin  fərdi təqaüdünün verildiyini  qeyd edib. AMEA-nın rəhbəri Akif Əlizadə  Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına  alimlər, bütövlükdə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib.

Sonra AMEA-nın müvafiq elmi bölmələrinin akademik-katibləri, eləcə də Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli,  AMEA-nın  İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və başqaları  geniş məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, AMEA-nın 70 illik yubileyi münasibəti ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüş  Akademiyanın bir qrup əməkdaşına  orden, medal və diplomlar təqdim edilib.  

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov