Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Xaricdə təhsil adı ilə dələduzluq

 

Niyazi RƏHİMOV,
 “Azərbaycan müəllimi”
[email protected]

Budəfəki mövzumuz Azərbaycan vətəndaşlarının qeyri-qanuni yollarla xaricdə təhsil almaları ilə bağlıdır. Hamımıza məlumdur ki, son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərinə “əlverişli təhsil” təklifləri edən şirkətlərə üz tuturlar. Bu şirkətlər əvvəlki illərdə gənclərə əsasən MDB məkanındakı ali məktəblərə  qəbul təklif etsələr də, son zamanlar bir az da irəli gedərək, Türkiyə, İsveçrə, Çexiya və bu kimi nüfuzlu Avropa ölkələrini də öz siyahılarına əlavə ediblər. Yəqin oxucularımızı da maraqlandırar ki, bu cür inkişaf etmiş ölkələrdə qeyri-leqal təhsil necə həyata keçirilə bilər? Araşdırmalarımız göstərdi ki, əsasən azərbaycanlılardan ibarət olan bəzi işbazlar asan pul qazanmaq üçün bu ölkələrdə hər hansı bir universitet adıyla kurs statusunda olan təşkilat və cəmiyyətlər yaradırlar. Hətta dil bacarıqları belə yoxlanılmadan həmyerlilərimizi attestat balı ilə bu müəssisələrə qəbul etdirirlər. Bu şirkətlər xüsusilə yay aylarında KİV və digər vasitələrlə “Xarici universitetlərə tək attestat ilə, imtahansız qəbul” başlığı altında reklamlar hazırlayır, bu reklamlar hesabına vətəndaşları həmin “universitetlərə” qəbul etdirirlər. Nəticədə bilik, bacarıq baxımından aşağı səviyyədə olan gənclərimiz 4 il boş-boşuna həmin müəssisələrə ayaq döyür, xeyli vəsait xərcləyir, sonda isə lazımsız, heç bir təşkilat tərəfindən qəbul edilməyən sənədə-kursu bitirmək haqqında  diploma sahib olurlar. Bu işlə məşgul olan şirkətlər isə bu kimi hallardan istifadə etməklə böyük mənfəət əldə edirlər.  Rusiya, Ukrayna, Gürcustan kimi ölkələrin universitetlərinə təklif olunan “təhsil xidmətləri” isə gənclərimizi tamamilə başqa problemlərlə üz-üzə qoyur. Yalançı təhsil şirkətlərı azərbaycanlı abituriyentləri özlərinin də söz verdikləri kimi, attestatla həmin ölkələrin hətta bəzi nüfuzlu dövlət universitetlərinə də yerləşdirə bilirlər. Amma təəssüf ki, onlara təhsil yox, diplom almaqda kömək edirlər. Bu təhsil maklerləri  azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də “yola verməyi” öz üzərlərinə götürürlər. Sonda isə ölkə sərhədlərindən çıxmayan həmyerlilərimizə həmin ölkələrdə yerləşən universitetlərin diplomlarını təqdim edirlər. Təhsil Nazirliyinin belə diplomları tanımaması işbazların toruna düşmüş həmyerlilərimizin asan yolla ali təhsil almaq sevdasını gözündə qoyur.  Qeyd edək ki, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul olunub. Hər il yüzlərlə azərbaycanlı gənc bu proqramdan bəhrələnərək dünyanın yüksək reytinqli  universitetlərində təhsil ala bilirlər. Bundan başqa, öz vəsaiti hesabına qanuni yollarla xaricdə təhsil alan gənclərimiz də az deyil. Bəs onda bəzi gənclərimizi  qeyri-qanuni  yollarla  təhsil almağa vadar edən səbəb nədir? Araşdırmalarımız göstərdi ki, bu məsələlərdə valideynlərin və gənclərin məlumatsızlığı əsas  səbəblərdən  biri  olsa da, digəri asan yolla diplom əldə etmək sevdasıdır. Hətta çoxları bu diplomların müvafiq dövlət qurumlarında tanınmayacaqlarını bilsə belə, ali təhsil almaq istəklərindən əl çəkə bilmirlər. 

Şirkətlər təhsili deyil, maddi maraqlarını üstün tuturlar  

Mütəxəssislərin fikrincə, bu işlə məşğul olan şirkətlər “övladım universitetə qəbul olunsun, el qınağına tuş gəlməyək” prinsipi ilə yaşayan insanların sadəlövhlüyündən istifadə edərək xeyli vəsait götürürlər. Onlar əsasən universitetə qəbul olmaq üçün öncədən pul tələb edirlər. Bundan başqa, abituriyentdən alınan yüksək təhsil haqqından da hər il müəyyən faiz paya sahib olurlar. Tədris prosesi zamanı  tələbənin necə təhsil alması isə, ümumiyyətlə, onları maraqlandırmır.

Təəssüf doğuran məqam budur ki, bununla bağlı aparılan əks-təbliğata baxmayaraq, insanlar hələ də kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Onlar övladlarının təhsilini, gələcəyini diplom eşqinə qurban verirlər. Lakin nəticədə övladlarının əldə etdikləri diplom heç bir işə yaramır.  

Universitetləri yalnız təhsil haqqı düşündürür 

Məsələnin başqa tərəfi isə bu abituriyentləri qəbul edən ali təhsil müəssisələri ilə bağlıdır. MDB məkanında olan bəzi universitetlər heç bir imtahan vermədən vətəndaşları ali məktəbə qəbul edirlər.  Onları əcnəbi tələbənin dil bilikləri, ümumi bilik səviyyəsi, Avropa və ABŞ universitetlərindən fərqli olaraq, hətta verdikləri diploma görə öz nüfuzları belə  maraqlandırmır. Bu məktəblərdə əcnəbi vətəndaşlara  yalnız maliyyə mənbəyi kimi baxırlar. Əcnəbilərə hansısa səviyyədə təhsil vermək qətiyyən universitetin maraq dairəsində deyil. Burada təhsil haqqı məsələlərində də qeyri-bərabərlik mövcuddur. Belə ki, həmin universitetlər əcnəbi tələbələrdən yerli tələbələrə nisbətən 30-40 faiz artıq təhsil haqqı alır. Deməli, belə qənaətə gəlinir ki, imtahansız xaricdə təhsil verən “universitetlər”i də təhsil vermək deyil, pul qazanmaq düşündürür. 

Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür 

Yuxarıda qeyd etdiyimiz kimi, övladlarını dırnaqarası xaricdə oxudan valideynlər sonrakı dövrlərdə böyük peşmançılıq hissi keçirirlər. Öncə övladlarının əldə etdikləri diplomu təhsildən üstün dəyərləndirən valideynlər uşaqları ali məktəbi bitirdikdən sonra fərqli mənzərə ilə qarşılaşırlar. Diplomların nostrifikasiyası ilə bağlı müvafiq quruma müraciət edərkən başa düşürlər ki, övladlarının əldə etdiyi diplom kağız parçasından başqa heç bir şey deyil. Nəzərə çatdıraq ki, mövcud qanunvericiliyə görə belə yollarla təhsil alanların diplomu rəsmən tanınmır. Bu barədə rəsmi qurumlar dəfələrlə vətəndaşlara məsləhət və tövsiyələr versə də, təəssüf ki, bəzi valideynlər rəsmilərin dediklərinə deyil, daha çox fırıldaqçılara inanırlar.  

Distant təhsil, yoxsa?.. 

Bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, bu gün qloballaşan dünyada müasir təhsilin yeni formalarından biri də distant təhsildir. Mütəxəssislər bu təhsilalma formasının rüşeymlərinin hələ XVII əsrdən mövcud olduğunu bildirirlər. Onlar iddia edirlər ki, həmin dövrdə bu, poçt vasitəsilə, müəyyən üsullarla həyata keçirilib. Get-gedə təkmilləşən bu formadan əsasən texnologiyanın sürətlə inkişaf etdiyi XX əsrin sonlarından daha qabarıq şəkildə istifadə olunur. Distant təhsil sahəsində bir çox ölkələrin-Amerika, Böyük Britaniya, Avstraliya kimi ölkələrin təcrübəsi daha geniş yayılıb. Bu sahədə nüfuz qazanan bir çox ali məktəb var ki, buna misal olaraq Pensilvaniya Univetsitetini  göstərmək olar. Qeyd edək ki, bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir.

Distant təhsil - təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir.  Distant təhsilin yüksək səviyyədə verilməsi üçün güclü maddi-texniki baza, əsasən də İKT bazasının olması vacibdir. Distant təhsil tələbə  və  müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirən şəbəkə texnologiyasıdır. Təhsilalanlar imtahanları yazılı və şifahi şəkildə verirlər. Şəffaflığın təmin olunması məqsədilə tələbələr imtahanları tərəflər arasında rəsmi təyin olunan yerlərdə- əsasən səfirlik və həmin universitetin filiallarında verirlər. Tələbələri  tədris-metodik materiallarla təmin etmək, həmçinin tələbə  və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə internet şəbəkəsindən  istifadə mütləqdir.

Azərbaycanda isə bu gün distant təhsil texnologiyalarından istifadəni bir o qədər də qənaətbəxş hesab etmək olmaz. 2009-cu ildə təsdiq olunmuş “Təhsil haqqında” Qanunda distant təhsil bir təhsilalma forması kimi qeyd olunsa da, bununla bağlı müvafiq icra mexanizmi və qanunvericilik bazası hələ də yaradılmayıb. Mütəxəssislər bunun başlıca səbəblərini universitetlərimizdə distant təhsilin həyata keçirilməsi üçün lazımi şəraitin və bu sahədə püxtələşmiş mütəxəssislərin olmaması ilə əlaqələndirsələr də, əsl reallıqda problemin mahiyyəti bu təhsilalma formasının Azərbaycan və bu kimi inkişaf etməkdə olan ölkələrdə özünü bir o qədər də doğrultmaması ilə bağlıdır. Yəni, konkret desək, distant təhsil adı altında saxtakarlıqların baş verə biləcəyi ilə əlaqədardır. Lakin bütün bu sadaladıqlarımıza baxmayaraq, bəzi işbazlar vətəndaşlarımızı son vaxtlar distant təhsil adı altında aldatmağa daha çox üstünlük verirlər. Təəssüf ki, onlar bu mütərəqqi texnologiyalardan öz maraqlarına uyğun formada istifadə edirlər.  

Təhsil Nazirliyi xəbərdarlıq edir 

Etiraf edək ki, Təhsil Nazirliyi hər il qəbul ərəfəsində xaricdə “təhsil” təşkil edən belə şirkətlərlə bağlı rəsmi açıqlama yayır, valideynləri ehtiyatlı olmağa çağırır. Tövsiyə edilir ki, xaricdə təhsillə bağlı hər hansı bir ali məktəbi seçərkən diqqətli olsunlar. Əks halda, qeyri-qanuni fəaliyyət göstərən “universitet”lərin verdiyi sənədlər rəsmi qurum tərəfindən tanınmayacaq.

Nazirlik xəbərdarlıq edir ki, vətəndaşlar imtahansız və natamam sənədlərlə xarici ali təhsil müəssisələrinə qəbul təklif edən bu şirkətlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində maddi və mənəvi zərər görə bilərlər. Buna görə də xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər. Azərbaycan vətəndaşları xaricdəki bəzi təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar.

 Rəsmi statistika 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası haqqında qısa statistik faktlar

 * Proqramın mövcud olduğu 8 il ərzində 3558 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.

 * Proqram üzrə cari ildə 373 nəfər xaricdə təhsil almaq hüququ əldə edib.

 * Tələbələr 32 ölkənin  379 ən nüfuzlu universitetində təhsil alırlar.

 * Tələbələrin 1032 nəfəri Birləşmiş Krallığın,  767 nəfəri Türkiyənin, 441 nəfəri Almaniyanın,  242 nəfəri  Kanadanın, 181 nəfəri Niderland Krallığının universitetlərində təhsil alırlar.

 * Proqram çərçivəsində tibb üzrə 923, iqtisadiyyat üzrə 847, informasiya texnologiyaları üzrə 348, mühəndislik üzrə 337, sosial və humanitar elmlər üzrə 221 tələbə təhsil alır.

 * Tələbələrin 1526 nəfəri magistratura, 1044 nəfəri bakalavr, 547 nəfəri rezidentura, 168 nəfəri PhD / Doktorantura, 213 nəfər baza ali tibb təhsili səviyyələri üzrə təhsil alırlar. 

* Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir.

 * Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov