Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Ölkəmizi tanıyaq

 

Qədim və müasir Qəbələ şəhəri məktəbliləri heyran edib 

Böyütmək üçün seçin Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilən növbəti tur-aksiya çərçivəsində Abşeron, Qusar, Quba, Sumqayıt, Xaçmaz və Xızıdan olan məktəblilər noyabrın 17-də Qəbələ rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən məktəblilər Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış olublar.

Altı rayonu təmsil edən 210 nəfər məktəblinin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başlayıb. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, 10 xizək yolundan 5-də tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verilib.

Sonra şagirdlər rayon tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Onlara bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.

Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.

“Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur.

Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olublar.

Şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Yeddi gözəl” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti, eləcə də Nohur gölü ilə tanış olub, istirahət edib, əylənib və xatirə şəkilləri çəkdiriblər.

Sonda məktəblilər səfər zamanı qədim və müasir Qəbələ şəhərini heyranlıqla seyr etdiklərini bildirib, xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.


Cənub bölgəsi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb 

Böyütmək üçün seçin “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Gəncə, Göygöl, Şəmkir, Samux, Gədəbəy rayonlarının məktəbliləri noyabrın 17-də Lənkəran rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, Lənkəranla tanışlığa Bayraq Meydanından başlayan şagirdlər üçrəngli bayrağımızın önündə Azərbaycanın Dövlət himnini ifa etdilər.

Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Dairəvi qala”, “Mayak” binası ilə tanışlıq məktəblilərin böyük marağına səbəb oldu.

Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verildi.

Məktəblilər rayondakı “Xanbulan” istirahət mərkəzinə və “Hirkan” Milli Parkına da səyahət etdilər. Məlumat verildi ki, sahəsi 21,435 hektar olan “Hirkan” qoruğu 2004-cü ildə “Hirkan” Milli Parkına çevrilib. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur.

Məktəblilər, həmçinin rayondakı konserv kombinatında texnoloji prosesləri yaxından izləyiblər.

Həmin gün tur-aksiyanın Qazax, Ağstafa və Tovuz rayonlarından olan iştirakçıları Lerik və Astara rayonuna səyahət ediblər.

Məktəblilər Lerikdə Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində və Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə, “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar.

Lerikdən sonra Astaraya səfər edən məktəblilər rayonda fəaliyyət göstərən “Astaraçay” fabrikində istehsal prosesini izləyib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, Astara şəhərində Xəzər dənizi sahili boyu 8 hektar ərazidə salınmış park-bulvar kompleksində gəziblər.

Məktəblilər, həmçinin Astara rayonunun Ərçivan qəsəbəsində “Yanar bulaq”da suyun necə yandığını böyük maraqla izləyiblər.

Cənub bölgəsinə səyahəti həmişə xatırlayacaqlarını bildirən məktəblilər tur-aksiyanın onlarda zəngin təəssürat yaratdığını vurğulayıblar.

Astara ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkərana yola düşüblər.


Səkkiz rayonun təmsilçiləri Azərbaycanın şimal qapısı Qusard 

Böyütmək üçün seçin Noyabrın 17-də səkkiz rayonun məktəblilərindən ibarət 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Qusar rayonunun görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan qruplar günün birinci yarısında Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzində olublar. Onlara burada yaradılan şərait, istirahət və əyləncə növləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu mərkəzin tikintisi ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını da artırır.

Bundan sonra məktəblilər Qusarın Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

Tur-aksiyanın iştirakçıları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında məlumat verilib. Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış olublar.

Məktəblilər dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov