Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

UNEC-də tələbələr BMT modelində müxtəlif ölkələri təmsil ediblər

 

Böyütmək üçün seçinNoyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanda diplomatiya və beynəlxalq əlaqələr sahəsində təhsil alan tələbələri BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasına töhfə verməkdir. Tələbələr öncədən verilmiş mövzu üzrə araşdırma aparıb və təyin olunduqları ölkələrin iqtisadiyyatını, tarixini və siyasi münasibətlərini öyəniblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə dəstəyi və “UNEC Model UN” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin 7 ali təhsil ocağından 50-yə yaxın yerli və əcnəbi tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirə aparılıb.

Rəsmi açılışda təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış ediblər. Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu cür konfranslar tələbələrin dünyagörüşünü artırmağa, elmi debatlara olan marağı yüksəltməyə müsbət təsir edəcək.

Daha sonra öz işinə başlayan simulyasiya konfransında ölkə “deleqasiyaları” öz çıxışlarını edib. Tələbələr ölkələr üzrə təbii resursların səmərəli istifadəsindəki təkliflərini səsləndiriblər. Neft ixrac edən ölkələri təmsil edən tələbələr təbii resurlardan istifadənin qlobal proqramının hazırlanmasını təklif ediblər. Qlobal enerji təminatı və təhlükəsizlik siyasətinin formalaşdırılması üçün müəyyən “yol xəritəsi” müəyyənləşdirilib.

Konfransın formatına uyğun olaraq mövzu ətrafında iştirakçılar diskussiya xarakterli debatlar aparıblar. “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun yekunu olaraq iştirakçılar tərəfindən qətnamə qəbul edilib. 

İki gün davam edən konfransın bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunublar. Konfransda ən yaxşı 4 nümayəndə xüsusi “Ən yaxçı təmsilçilik” mükafatı ilə təltif edilib.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov