Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Bilik Fondunun “Ev kitabxanası”nda yeni dörd müəllif

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Ev kitabxanası” layihəsi çərçivəsində bu günə qədər səkkiz müəllifin kitabları alınıb.

Əsasən müasir yazarların elmi və ədəbi kitablarının Fond tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilən layihə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Ədəbiyyatın cəmiyyətin inkişafında böyük rol oynadığını nəzərə alıb, kitabdan bir qədər uzaq düşən gənc nəslin maariflənməsinə xidmət edən “Ev kitabxanası”na Qan Turalının “9 hekayə”, Aydın Talıbzadənin “Əbuhübb”, Nəriman Əbdülrəhmanlının “Qurban”, Kənan Hacının “Yaddaş kartı”, Ömər Xəyyamın “Sayrışan hallar”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”, Alikin “Günəş qalib gəldi”, İkinci Mahmudun “Ümid arısı” kitabları daxil olub.

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub. “Ev kitabxanası” Yaradıcılıq Fondu ilə sıx əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi kitabların alınaraq oxuculara paylanacağı nəzərdə tutulur.

C.Musaoğlunun sözlərinə görə, “Ev kitabxanası”na daxil olan əvvəlki kitablar artıq müxtəlif  bölgələrdə yaşayan oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu sorğular vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini  müəyyənləşdirib. Məlum olub ki, oxucular onlara hədiyyə olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər. Əslində layihənin məqsədlərindən biri də şagird və tələbənin şəxsi kitabxanasının olmasına dəstək verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya uğurla davam edir.

Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, hansı kitabların alınmasını seçən komissiya həmin nəşrlərin hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra “Ev kitabxanası”na daxil olan növbəti dörd müəllifin kitabları oxuculara çatdırılacaq. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov