Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Məktəblilər arasında “Olimpiya hərəkatı” adlı yeni idman proqramı icra olunacaq

 

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya partnyoru olan “Coca-Cola” şirkətinin Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya hərəkatı” adlı yeni idman proqramı icra ediləcək.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməkdir. Həmçinin şagirdlərə sağlam və fəal həyat tərzini, Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya hərəkatı” proqramı uşaqları müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə onların valideynlərinin də aktivliyinin artırılmasına xidmət edir.

İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilmiş “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. “Olimpiya hərəkatı”nın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə davam edəcək və gələn ilin əvvəlində “Bakı-2015”in yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Proqramın xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq ediləcək.

“Olimpiya hərəkatı” və məktəblilərin Bakı birinciliyi haqqında ətraflı məlumat dekabrın ortalarında Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil ediləcək geniş mətbuat konfransında açıqlanacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov