Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Azərbaycanın ilk veb-saytının iyirmi yaşı qeyd edildi

 

Böyütmək üçün seçinBu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Milli Elmlər Akademiyasının www.science.az veb-saytının 20 yaşı tamam olur. Portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin elmi-ictimai həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib. Alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradıb.

Dekabrın 17-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, tanınmış alimlər, İnternet-media üzrə mütəxəssislər, KİV nümayəndələri iştirak edirdilər.

Yubiley tədbirini giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq 2015-ci ilin ölkəmizdə müxtəlif əlamətdar hadisələrin yubiley tarixi ilə yadda qaldığını söylədi. Bildirdi ki, bu tədbirlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə təntənəli şəkildə qeyd olunan Azərbaycan mətbuatının 140 illik yubileyidir. AMEA-nın prezidenti “Əkinçi” qəzetinin nəşri ilə yaranan Azərbaycan mətbuatının bu müddət ərzində mürəkkəb və kəşməkəşli inkişaf yolu keçdiyini, sonralar Azərbaycan radiosu və televiziyasının fəaliyyətə başlaması ilə medianın inkişafında yeni mərhələlərin əsasının qoyulduğunu  söylədi. 1995-ci ildə ölkədə ilk veb-saytın - AMEA-nın rəsmi saytının yaradılmasının daha bir tarixi mərhələnin əsasını qoyduğunu dedi. Həmin dövrdə akademiyanın rəsmi saytının www.ab.az adı altında fəaliyyət göstərdiyini, 2003-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə saytın adının dəyişdirilərək science.az olduğunu qeyd etdi.

Böyütmək üçün seçinAMEA-nın prezidenti bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini bildirdi. Bundan əlavə, Azərbaycanda ilk elmi İnternet-televiziya olan Milli Elmlər Akademiyasının “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğuladı.

Tədbirdə “www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. R.Əliquliyev Azərbaycanda İnternet-medianın bugünkü inkişaf səviyyəsində mühüm xidmətləri olan science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışdı, bu media orqanının ölkənin informasiya məkanında xüsusi yeri olduğunu bildirdi. Alim ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, AMEA-da da inkişafın əsasının qoyulduğunu qeyd etdi.

Tədbirdə həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxış edərək İnternet-medianın, onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri, Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açdılar, saytın fəaliyyətinə yüksək dəyər verdilər.

Sonra AMEA-nın “ElmTV” İnternet-televiziyasının elmtv.az saytının təqdimatı oldu. “ElmTV”nin rəhbəri Xatirə Cabbarzadə müxtəlif bölmələri və zəngin videoqalereyanı özündə əks etdirən veb-telekanalda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını bildirdi.

Tədbirin sonunda science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olundular, xatirə hədiyyələri ilə mükafatlandırıldılar.  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov