Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Dekabr 2015 - №47

 

Görkəmli alim Qara Mustafayev məktəbin qonağı olub

 

Böyütmək üçün seçinDekabrın 25-də Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının və Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli  Qara Teyfur oğlu Mustafayevin 84 yaşı tamam olur.

Bu günlərdə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə Qara Mustafayevlə görüş keçirildi.

Məktəbə daxil olanda hər kəsin böyük sevinc və həyəcanla qonağı gözlədiklərinin şahidi olduq. Hətta məktəbin şagirdlərinin valideynləri də vaxtilə müəllimləri olmuş Qara müəllimi səbirsizliklə gözləyirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əlislam Abasquliyev öz çıxışında vaxtilə Azərbaycan Televiziyası ilə yayımlanan “Təbiəti sevənlər”, indi isə “Azərbaycan təbiəti” adlı proqramların yaradıcısı və əvəzsiz aparıcısı, ölkəmizin füsunkar təbiətinin cəfakeş təbliğatçısı olan Qara müəllimin həyatının əsas məqamlarına toxundu. O bildirdi ki, “Şöhrət” ordenli Qara Mustafayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə çoxlu sayda alim-mütəxəssis  yetişdirib. Bunların arasında qonşu dövlətlərin nümayəndələri də var. Qara müəllimin saysız yetirmələri ölkəmizin ali və orta məktəblərində biologiyanın müxtəlif sahələrini tədris edirlər. Olduqca sadə və təvazökar insan olan Qara müəllimin biblioqrafiyası geniş və zəngindir (onlarla monoqrafiya, dərslik və dərs vəsaiti, metodik göstəriş, bədii-publisistik kitab, 500-dən çox elmi və populyar əsər və s.). Bu əsərlər dünyanın 20-yə yaxın ölkəsində müxtəlif dillərə tərcümə edilib.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşi Fərman Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məhəmməd Əsədov, “AZƏRTAC”ın müxbiri, şairə-publisist Zərəngiz Mansurova  və başqaları fədakar alimin elmimiz qarşısındakı xidmətlərindən danışdılar. Pedaqoq-alimin yetirmələri - Bakı Dövlət Universitetinin dosent əvəzi, biologiya üzrə fəlsəfə doktoru Anar Məmmədov və 80 nömrəli tam orta məktəbin biologiya müəllimi Zülfiyyə Mehdiyeva Qara müəllimin maraqla keçən, unudulmaz dərslərindən xatirələrini bölüşdülər.

Tədbirdə məktəblilər şair-publisist və təbiətşünas alim Anar Məmmədovun ustadı Qara Mustafayevə həsr olunan, eləcə də təbiəti vəsf edən şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Alimin ömür yoluna aid foto-slayd təqdim olundu.

Daha sonra məktəbin direktoru Ə.Abasquliyev Qara müəllimə məktəbin fəxri üzvü seçilməsi münasibətilə fəxri diplom təqdim etdi.

Tədbirin keçirilməsində əməyi və iştirakı olanlara dərin təşəkkürünü bildirən Qara Mustafayev öz uşaqlıq və gənclik illərindən xatirələrini danışdı, müəllimlik peşəsinin nə qədər şərəfli bir peşə olduğunu, bu peşəni canından artıq sevdiyini vurğuladı və məktəblilərə dərslərində uğur dilədi. Sonda məktəbin müəllim-şagird heyəti, qonaqlar və məktəblilərin Qara müəllimin vaxtilə tələbəsi olmuş valideynləri alimlə xatirə şəkli çəkdirdilər. 

Zülfiyyə MEHDİYEVA,
Bakı şəhəri 80 nömrəli tam orta məktəbin biologiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov