Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

700 BAL TOPLAYANLAR

 
 

2012

 

Səfərov Orxan Arif oğlu 

1994-cü ildə Gəncə şəhərində anadan olub. Əslən Qazax rayonundan olan ailəsi 2001-ci ildə Sumqayıt şəhərinə köçüb və Orxan buradakı 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. Sonra təhsilini Qazax rayonunun Ürkməzli kənd tam orta məktəbinin 7-ci sinfində davam etdirib. X və XI siniflərdə oxuyarkən rayon və respublika olimpiadalarında iştirak edib. Dəfələrlə TQDK-nın sınaq imtahanlarında iştirak edərək 600-650 bal toplayıb. 2012-ci ildə isə məktəbi "əla" qiymətlərlə bitirib.

Bu günlərdə redaksiyamızın qonağı olan Orxan Səfərov qəbul imtahanları zamanı topladığı 700 balın sevincini bizimlə bölüşərək dedi:

- Mən hər dəfə sınaq imtahanlarına gedib 650-dən çox bal toplayanda nə isə elə bilirdim ki, hələ istədiyim nəticəni əldə edə bilmirəm. İstər-istəməz məndə ruh düşkünlüyü yaranırdı. Amma Qafqaz Universitetinin II kurs tələbəsi olan qardaşım Elnur mənə ürək-dirək verirdi, mənəvi dəstək olurdu. Qazandığım bu uğurda valideynlərimlə yanaşı qardaşımın da böyük əməyi olub. Bu qayğıya görə, onlara ömrüm boyu borcluyam.  Eyni zamanda bu yüksək nəticənin əldə olunmasında mənə dərs deyən riyaziyyat müəllimim Novruz Əfəndiyevə, coğrafiya müəllimim Səadət Carçıyevaya, tarix müəllimim Mustafa Mirzəyevə, Azərbaycan dili müəllimim Abbasqulu Alıyevə, ingilis dili müəllimim Kifayət Carçıyevaya öz dərin minnətdarlığımı bildirirəm. Əldə etdiyim bu yüksək nəticəyə görə məni təbrik edənlərə, başda Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevə öz təşəkkürümü bildirirəm.

Ən böyük arzum seçərək daxil olduğum Qafqaz Universitetində sənayenin təşkili və idarə olunması ixtisasını əla qiymətlərlə başa çatdırmaq, daha sonra təhsilimi dünyanın nüfuzlu universitetlərinin birində davam etdirib layiqli bir mütəxəssis kimi doğma Azərbaycana xidmət etməkdir.

Orxana biz də təhsildə, elmdə daha böyük uğurlar arzu edirik.


 Nərgiz Məzahirqızı 

1995-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakıdakı 292 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. O, məktəbdə biliyi ilə bərabər yüksək əxlaqi keyfiyyətlərə malik bir şagird kimi tanınıb.

Nərgiz 2005-ci ildə imtahan verərək Yasamal rayonunda yerləşən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə qəbul olunub. Özünün də söylədiyinə görə bundan sonra qazandığı bütün uğurlara görə bu liseyə borclu olub. Burada  təhsil aldığı illərdə "Araz" kurslarının respublika üzrə keçirdiyi bilik yarışlarında iki dəfə iştirak edib. 2-ci və 4-cü yerləri tutub. TQDK-nın keçirdiyi sınaq imtahanlarında da həmişə 600-650-dən çox bal toplayıb.

Nərgiz 2012-ci ildə liseyi qızıl medalla bitirib. O, bu il TQDK-nın keçirdiyi II ixtisas qrupu üzrə qəbul imtahanı zamanı bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb və öz arzusu ilə Qafqaz Universitetinin dünya iqtisadiyyatı fakültəsinə qəbul olunub.

Nərgiz bu uğurun qazanılmasında ona mənəvi dəstək olan anası Kəmalə xanıma, ibtidai sinif müəllimi Bənövşə Cəfərovaya, liseyin mənəviyyat müəllimi Yusif  Səfərova, liseyin müdiri Kadır Bektaşoğluna, "Araz" kurslarının kollektivinə minnətdarlığını bildirir.

Nərgiz təhsildə, elmdə daha böyük uğurlar qazanmağı qarşısına məqsəd qoyub. Onun ən böyük arzusu bu təhsil ocağını bitirdikdən sonra biliyini daha da artırmaq üçün Avropada - xüsusi ilə də Almaniya universitetlərindən birində təhsilini davam etdirməkdir. Sonra doğma Vətənə qayıdaraq layiqli bir mütəxəssis, layiqli bir övlad kimi müstəqil Azərbaycana xidmət etməkdir.

Biz də Nərgizə "arzuların çin olsun", - deyirik!


Əliyeva Xeyransa Rafiq qızı 

1994-cü il dekabrın 2-də Bakıda anadan olub. 2001-ci ildə Bakının Sabunçu rayonundakı F.Tağıyev adına 72 nömrəli məktəb-liseyin I sinfinə qəbul olub. 2012-ci ildə həmin məktəbi "əla" qiymətlərlə bitirib. Dəfələrlə müsabiqələrdə, olimpiadalarda iştirak edib. Yuxarı siniflərdə oxuyarkən TQDK tərəfindən keçirilən sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb.

2012-ci ildə ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupu üzrə yüksək bilik nümayiş etdirərək 700 bal toplayan yeganə abituriyent olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olan Xeyransa burada hüquqşünas ixtisasına yiyələnəcək.

Bu günlərdə telefon əlaqəsi yaratdığımız Xeyransa Əliyeva sevincini bizimlə bölüşdü:

- Mənim 700 bal yığmağımın əsas səbəblərindən biri valideynlərimin mənə yaxından dəstək olması idi. Anam Səriyyə ixtisasca riyaziyyatçıdır və həmişə çətin anlarımda yardımçım olub. Yaxşı oxumağımda valideynlərimin əməyi danılmazdır. Elə bu uğurum üçün mənə yaratdıqları şəraitə görə valideynlərimə minnətdaram. Eyni zamanda ibtidai sinif müəllimim Aidə Həsənovaya, riyaziyyat müəllimim Qulam Babayevə, ingilis dili müəllimim Ceyran Bağırovaya, Azərbaycan dili müəllimim Gəncəvi Veysəlova və əlbəttə, məktəbimizin direktoru Polad Əjdərova öz dərin təşəkkürümü bildirirəm.

Ən ülvi arzum daxil olduğum ali məktəbi də "əla" qiymətlərlə başa vurmaq və gələcək illərdə təhsilimi xaricdə deyil, məhz doğma Azərbaycanda davam etdirməkdir. Düşünürəm ki, Azərbaycandakı təhsilin səviyyəsi heç də xarici ölkələrdən geri qalmır. Təki oxumağa, dərin bilik alaraq, yüksək ixtisas sahibi olmaq üçün hər kəsdə həvəs və iradə olsun.

Bu yolda Xeyransaya biz də uğurlar diləyirik.  


Həmidov Kamran Elçin oğlu 

1995-ci il aprelin 22-də Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. 2001-ci ildə Cəfər Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. İbtidai təhsilini həmin məktəbdə "əla" qiymətlərlə başa vurduqdan sonra 2005-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə imtahan verərək 5-ci sinfə qəbul olunub.

Kamran IX və XI siniflərdə oxuyarkən keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarında da "əla" qiymətlər alıb və liseyi qızıl medalla bitirib. O, bu il TQDK tərəfindən IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında yüksək bilik nümayiş etdirib. 700 bal toplayaraq respublika birincisi olub.

Bu yaxınlarda Kamranla görüşümüz zamanı ürək sözlərini belə ifadə etdi:

- Mən qəbul imtahanında yüksək bal yığacağıma inanırdım. Ona görə ki, TQDK-nın sonuncu sınaq imtahanında 695 bal toplamışdım. "Araz" kurslarının keçirdiyi sınaq imtahanlarında da yüksək bal toplayaraq respublika 1-si olmuşam. Atam Elçin mühəndis, anam Çiçək müəllimdir. Yaxşı oxumağımda, bu uğuru qazanmağımda ən çox onlara borcluyam. Çünki onlar mənim təhsil almağım üçün Bakı şəhərinə gələrək Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuduğum 7 il ərzində kirayədə yaşayaraq bütün əzab-əziyyətlərə qatlaşıblar.

Bu lisey mənim həyatımda böyük rol oynayıb. Ona görə də başda müdirimiz Kadır müəllim olmaqla biologiya müəllimim Məhsəti Eyvazovaya, kimya müəllimim Ramin Hüseynova, Azərbaycan dili müəllimim Kəmalə Bədəlovaya və liseyin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm.

Ölkə Prezidenti İlham Əliyev cənablarının bizim kimi gənclərə qayğısının nəticəsidir ki, xaricdə təhsil proqramı üzrə çoxlu sayda azərbaycanlı tələbələr xaricdə dövlət hesabına pulsuz təhsil alırlar. Mən də o tələbələrdən biri olaraq təhsilimi xaricdə davam etdirib yüksək ixtisaslı bir həkim kimi vətənə qayıdıb xalqıma layiqli xidmət göstərmək istərdim. 


Sərdarlı Kamil Hüseyn oğlu 

1995-ci il yanvarın 4-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Atatürk liseyinin 1-ci sinfinə qəbul olub. Sonra 5-ci sinifdən təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. O, IX və X siniflərdə oxuyarkən "Araz" kurslarının keçirdiyi bilik yarışlarında iştirak edərək IV qrup üzrə 3 və 5-ci yerləri tutub. Kamil liseyi qızıl medalla bitirib.

O, bu il TQDK-nın keçirdiyi sınaq imtahanlarında ardıcıl olaraq 634, 666, 682, 687 bal toplayıb. Bax, elə sınaq imtahanlarında yüksək bal topladığına görə özünə güvənən Kamil qəbul imtahanlarında bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb.

Bu günlərdə Kamillə də məzunu olduğu Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində görüşdük. O, arzu və istəklərini bizimlə bölüşdü:

- Mən hələ uşaqlıq illərimdən həkim olmaq istəmişəm. Valideynlərimin hər ikisinin ADNA-nı bitirib mühəndislik peşəsinə yiyələnmələrinə baxmayaraq, mənim həkim olmaq arzu və istəyimi dəstəklədikləri üçün onlara minnətdaram. Bu uğurumda onların əməyi danılmazdır.

Eyni zamanda hamımızın sevimlisi olan müdirimiz Kadır Bektaşoğluna liseydə hər cür şərait yaratdığına görə təşəkkür edirəm. Həmçinin mənə kimya fənnindən dərs deyən Ramin Hüseynova, fizika müəllimim Yahya Şərifova, biologiya müəllimim Məhsəti Eyvazovaya öz dərin təşəkkürümü bildirirəm. İndi mənim sevincimin həddi-hüdudu yoxdur, ona görə ki, ən yüksək bal toplayaraq həkim olmaq arzuma çatmaq üçün təhsilimi ATU-nun müalicə işi fakültəsində davam etdirəcəyəm. Daha sonra isə təhsilimi xarici ölkə universitetlərindən birində davam etdirərək doğma vətənim Azərbaycana yaxşı bir mütəxəssis kimi qayıtmaq istəyirəm.

Kamil, arzularının həyata keçməsində sənə uğurlar diləyirik. 

 
 
 
Səhifənin başına qalx Bölməyə dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov