Gürcüstanda məktəbə hücum planlaşdıran iki yeniyetmə saxlanılıb
Tbilisidə məktəblərdən birinə hücum planlaşdıran iki yeniyetməyə ittiham irəli sürülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, yeniyetmələr 2026-cı ilin aprel-may aylarında sosial şəbəkə vasitəsilə tanış olub və məktəbə hücum təşkil etmək barədə razılığa gəliblər.
Məlumata görə, onlar Tbilisidə konkret bir məktəbi hədəf seçərək binanın daxili quruluşunu öyrəniblər. Yeniyetmələr məktəbin qarşısında saxta partlayıcı qurğu yerləşdirməklə diqqəti yayındırmağı, daha sonra nəzərə çarpmadan binaya daxil olaraq dağıntılar törətməyi və silahdan istifadə etməklə məktəbdəki şəxslərə xəsarət yetirməyi planlaşdırıblar.
Bu məqsədlə müxtəlif əşyalar əldə edərək cinayətin törədilməsi üçün hazırlıq görüblər. Lakin hüquq-mühafizə orqanları tərəfindən planlarının aşkar edilməsi nəticəsində hücumun qarşısı alınıb.
Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 18-ci maddəsi və 225-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə ittiham irəli sürülüb. Həmin maddələr üzrə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yeniyetmələrdən biri barəsində həbs qətimkan tədbiri seçilib. Digəri barəsində isə qətimkan tədbirinin seçilməsi üçün prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Faktla bağlı istintaq davam etdirilir.




