Bakı Slavyan Universitetində (BSU) koronavirus infeksiyası  və icbari tibbi sığorta ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə BSU-nun müəllimləri, tələbələri və əməkdaşları iştirak ediblər.

 

BSU-nun tərbiyə işlər üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, hazırda respublikada koronavirus infeksiyası  və icbari tibbi sığorta ilə bağlı müxtəlif tədbirlər keçirilir. Universitetdə bu çərçivədə təşkil olunan tədbirlər müəllim və tələbələrin maarifləndirilməsinə xidmət edir.

 

2 nömrəli Tələbə Poliklinikasının həkimi Məhbubə Şükürova hazırda koronavirus infeksiyasına  qarşı bütün dünyada, o cümlədən Azərbaycanda müvafiq tibbi-profilaktik tədbirlərin reallaşdırıldığını bildirib və bu mövzunun cəmiyyət üçün aktual olduğunu vurğulayıb. O,  koronavirusun  səbəbləri, əlamətləri və bu infeksiyadan  qorunma üsulları, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsinin vacibliyindən də danışıb. 

 

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Pərvin Baxşəliyeva ölkəmizdə icbari tibbi sığorta sahəsindəki mövcud qanunvericilik bazası, icbari tibbi sığorta sisteminin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi, aidiyyəti dövlət təşkilatlarının bu istiqamətdə həyata keçirdikləri işlər barədə geniş məlumat verib.

 

Tədbirin sonunda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.