Bakı şəhəri A.Muradov adına 84 nömrəli tam orta  məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə II və III qrant müsabiqəsinin qalibi olub. Məktəbin müsabiqəyə təqdim etdiyi  “Səriştəli valideyn”-video animasiyaların çəkilişi”  layihəsi martın 5-də  yekunlaşır.

 

Məlumat üçün bildirək ki, məktəb  ötən il Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsində “Ümumpedaqoji  məsələlər  mövzusunda öyrədici  animasiya filmlərinin hazırlanması” layihəsi ilə qalib olaraq müəllimlər üçün 10 ədəd öyrədici animasiya filmi hazırlayıb. Məktəbin direktoru Şəfəq İbişovanın  rəhbəri olduğu həmin layihənin məqsədi  qısa müddət ərzində daha effektiv üsullarla təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına nail olmaq idi.  

 

Direktor Ş.İbişova bildirib ki, layihə təhsil ictimaiyyəti tərəfindən kifayət qədər rəğbət qazanıb:”Çünki Azərbaycanda təhsil sahəsində  ilk dəfə idi ki, animasiya formatında maarifləndirici resurslar hazırlanır. Bu animasiya filmlərində qavramanı yüngülləşdirən xeyli nüans var idı”. 

 

Məktəbin ötən ilki uğurlu təcrübəsi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə qoşulmaq üçün motivasiya yaradıb və məktəb “Səriştəli valideyn”- video animasiyaların çəkilişi” layihəsi ilə yenidən qalib olub.  Məktəbin rəhbərliyi  hələ II qrant müsabiqəsindən hesab edib ki,  təlim-tərbiyə prosesində valideynlərə də deyiləcək məsələlər  çoxdur.  Yəni, valideyn təhsil üçbucağının bir nöqtəsidir,  uşaq tərbiyəsində səriştəsi şagirdlərin təlim nəticələrinə birbaşa təsir edir.  

 

Direktor deyib ki,  təhsil prosesinin subyektlərindən biri kimi valideyn  daim dəstəklənməli və səmərəli iş üçün resurslarla təmin olunmalıdır:” Bizim  layihənin də əsas məqsədi “Səriştəli valideyn” proqramının dəstəklənməsi məqsədi ilə maarifləndirici animasiya filmlərinin hazırlanması, uşaq  tərbiyəsi məsələlərində gənc valideynlərə elmi nəzəriyyələrə əsaslanan  praktik dəstək göstərməkdir”. 

 

Ş.İbişovanın sözlərinə görə, layihə çərçivəsində  uşaq tərbiyəsində valideynlərin əsas ehtiyaclarının öyrənilməsi,  bu  məsələlərə dair praktik yönümlü tövsiyələrin hazırlanması,  müasir pedaqoji bestsellerlərin xülasəsinin Azərbaycan dilinə tərcümə edilərək animasiya  filmləri ssenarisinin  hazırlanması, həmin tövsiyə və ədəbiyyat xülasələri əsasında  4 dəqiqəlik 6 ədəd öyrədici animasiya filmlərinin hazırlanması və bu filmlərin ölkənin bütün müəllimlərinin istifadəsi üçün müvafiq qurumların saytında yerləşdirilməsi, pedaqoji ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.  

 

Qeyd olunub ki, “Valideyn olmaq”, “Tərbiyə və öyrətmə üçün xüsusi vaxt olmur”, “Qadağalar”, “Valideyn sevgisi”, “Valideyn – uşaq münasibətlərinin təməl daşı – ünsiyyət” mövzusunda animasiya filmləri artıq hazırdır və Təhsil Nazirliyinin müvafiq saytında, eləcə də  sosial şəbəkələrdə yayımlanır.

 

Məktəbin rəhbərliyi hesab edir ki, layihə təhsil prosesinin iştirakçılarından olan valideynlərin praktik biliklərinin daha effektiv şəkildə artırılmasına, ümumən təhsil sahəsinə müsbət istiqamətdə kiçik bir töhfə vermiş olacaq.