Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azəraycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin Fransa, Latviya və Litvadan olan rəhbərləri Mingəçevir Dövlət Universitetində (MDU) olublar.

 

Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, universitetin tarixi və mövcud akademik potensialı, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində reallaşdırılan tədbirlər, sürətlə dəyişən və qloballaşan əmək bazarının tələblərinə əsaslanan strateji məqsədlər barədə məlumat verib.

 

MDU-nu paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevirməyi hədəflədiklərini bildirən Ş.Bayramov milli ali təhsilin inkişafı və Avropa ali təhsil məkanına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin yaratdığı imkanlardan faydalanmağa çalışdıqlarını qeyd edib.

 

Layihənin Azərbaycan ali təhsilinə verəcəyi töhfələrdən bəhs edən rektor regionda yerləşən universitetlərin inkişaf xüsusiyyətləri ilə tanış olmaq baxımından layihə rəhbərlərinin MDU-ya səfərini yüksək qiymətləndirdirib.

 

Tvinninq layihəsinin Fransadan olan rəhbəri Bruno Kurval ölkəmizdə ali təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə olunan uğurlardan danışıb. Layihə çərçivəsində görülən işlər barədə məlumat verən B.Kurval hazırlanan pilot təhsil proqramları və səriştəyə əsaslanan ali təhsildən gözləntilər barədə məlumat verib.

 

Layihənin Litvadan olan rəhbəri Giedrius Viliunas hazırda Avropa ölkələrində də ali təhsilin məzmununda islahatların davam etdiyini və bu prosesdə universitet – sənaye əməkdaşlığının həlledici rola malik olduğunu diqqətə çatdırıb. G.Viliunas tələbəyönümlü təhsil yanaşmasının tətbiqi ilə Azərbaycan ali təhsilinin məzmununun əhəmiyyətli dərəcədə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Layihənin Latviyadan olan rəhbəri Baiba Ramina Azərbaycan universitetlərində akademik potensialın gücləndirilməsi və inzibati heyət üzvlərinin bacarıqlarının inkişafı sahəsində görülən işləri xüsusi vurğulayıb. B.Ramina MDU-da strateji hədəflərə çatmaq yolunda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə müvafiq ekspert dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

 

Sonra qonaqlar MDU-nun professor-müəllim heyəti  ilə görüşüblər. Avropa ali təhsil məkanı, Avropa Kredit Transfer Sistemi, keyfiyyətin təminatı, kreditlərin tanınması, səriştəyə əsaslanan təhsil proqramlarının məzmunu, tələbəyönümlü təhsil yanaşmasının xüsusiyyətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, 2018-ci ilin aprelindən başlayaraq reallaşdırılan Tvinninq layihəsinin əsas məqsədi Azərbaycan ali təhsilini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirmək, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir.