Koronavirusun yaratdığı böhranla mübarizə üçün səylər səfərbər olunacaq


Koronavirusun (COVID-19)  yayılmasının qarşısını almaq üçün məktəblərin və universitetlərin bağlanmasının kəskin artmasına cavab olaraq, YUNESKO yüksək səviyyəli təhsil rəsmiləri üçün fövqəladə hallara cavab vermə və tədrisdəki fasiləni   minimuma endirmək üçün bütün dünyada mübadilə strategiyalarını artırmaq məqsədilə qlobal videokonfrans keçirib.  

 

Konfransda 73 ölkənin nümayəndəsi, o cümlədən 24 təhsil naziri və 15 nazir müavini iştirak edib.

 

YUNESKO tərəfindən açıqlanan məlumata görə, mövcud böhran  dünyada 57,8 milyon universitet tələbəsi daxil olmaqla,  məktəbəqədər uşaqlardan lisey şagirdlərinə qədər, təxminən 363 milyon şagirdə təsir göstərib. Beləliklə, COVID-19 epidemiyası ilə əlaqədar olaraq, dünyada hər beş şagirddən birinin məktəb təhsili,  hər dörd tələbədən birinin isə ali  təhsil almaq imkanı yoxdur.

 

15 ölkədəki səlahiyyətlilər  ölkə daxilində məktəbləri bağlamaq qərarına gəlib, 14 ölkədə məktəblər yerli səviyyədə bağlanıb.  Beləliklə, məktəblərin bağlanması Asiya, Avropa, Orta Şərq və Şimali Amerikaya təsir edib. Hər beşinci şagird məktəbə getmədiyindən, YUNESKO  COVİD-19 epidemiyasının yaratdığı böhranı aradan qaldırmaq üçün təhsil nazirlərini səfərbər edir.

 

YUNESKO-nun baş direktoru Odre Azule: "Biz tədris prosesinin fasiləsizliyini təmin etmək üçün yüksək texnoloji, aşağı texnoloji  həllər axtarışı üçün ölkələrlə işləyirik.  Ölkələr koronovirusa qarşı cavab tədbirlərı hazırlayarkən, beynəlxalq əməkdaşlıq  ən təsirli yanaşmaları bölüşmək və tələbələr, müəllimlər, ailələrə dəstək olmaq üçün həyati əhəmiyyət daşıyır. YUNESKO bu böhranın təhsildə bərabərsizliyi  artırmaq əvəzinə,  bərabərlik  və inklüzivliyin təmin edilməsi üçün öz səylərini  gücləndirəcək”.
 

Beynəlxalq təşkilat qlobal cavab tədbirlərinin əlaqələndirilməsi üçün YUNESKO-COVID19 Fövqəladə İşçi Qrupunun yaradılacağını elan edib.  Qlobal cavab tədbirlərini əlaqələndirmək üçün YUNESKO  ən həssas ölkələrə xüsusi diqqət yetirməklə, ölkələrin koronovirusa qarşı cavab tədbirlərini dəstəkləyəcək və effektiv siyasətləri  bölüşəcək.
 

Bundan əlavə, məsafədən və açıq təhsil sahəsində  potensialın artırılması üçün  bilik mübadiləsi, qarşılıqlı təlim təcrübəsi üzrə təcrübəçi mütəxəssislərin geniş icması yaradılacaq.  YUNESKO  özəl sektor da daxil olmaqla, bütün maraqlı tərəfləri səfərbər etmək niyyətindədir. Microsoft kimi tərəfdaşlar artıq Fövqəladə İş Qrupuna texniki dəstək göstəriblər.


Videokonfrans zamanı ölkə nümayəndələri məktəblərin bağlanması  dövründə  davamlı təhsili təmin etmək üçün yanaşmalar və ən yaxşı təcrübələrin mübadiləsini aparıblar. Onların arasında Fransa, Çin, İran, Meksika, İtaliya, Yaponiya, Yunanıstan, Xorvatiya, Misir, Tailand, İndoneziya, Nigeriya, Livan, İraq, Koreya Respublikası, Mavritaniya, Kosta Rika, Kolumbiya, Paraqvay, Uruqvay və  Qvatemaladan olan nazirlər və nümayəndələr olub.
 

Koronavirusun  təhsilə təsirini izləməklə yanaşı, YUNESKO  valideynlər, müəllimlər və şagirdlər üçün, habelə daha böyük məktəb sistemləri səviyyəsində istifadəsi üçün yaradılan ümumi istifadədə olan distant təhsil tətbiqləri və platformalarının siyahısını dərc edib. Təşkilat  məktəblərin bağlanmasının ən çox həssas  şagirdlərə təsir etdiyini nəzərə alaraq  cavab tədbirlərinin planlaşdırılması üçün rəhbər prinsip kimi inklüzivlik və bərabərlikdən istifadə etməyə çağırıb.


YUNESKO-nun açıq və məsafəli təhsil sahəsindəki təcrübəsinə müəllim hazırlığı platformaları, elektron məktəb təhsili modellərinin inkişafı, internetdə təcrübə icmalarının yaradılması, Afrika ölkələrinə üstünlük verməklə təhsildə milli İKT siyasətinin inkişaf etdirilməsi daxildir.

 

“Çox sayda ölkənin eyni anda eyni problemlə qarşılaşdığı bir vaxtda biz qeyri-adi bir vəziyyətdəyik. Biz yalnız təhsil sahəsində bu görünməmiş böhranın  nəticələrini dərhal aradan qaldırmaq üçün deyil, həm də təhsil sistemlərinin uzunmüddətli dayanıqlığını artırmaq üçün güclərimizi birləşdirməliyik ",-deyə  YUNESKO-nun təhsil üzrə baş direktor müavini Stefania Giannini bildirib.


Misirin  təhsil naziri Tarek Şavki də  YUNESKO-ya təşəbbüskarlığına və digər ölkələrin sürətlə dəyişən vəziyyətin öhdəsindən necə gəldiyinə dair nümunələr göstərdiyinə görə təşəkkür edib.

 

Oruc MUSTAFAYEV