Bakı şəhərinin rayonları üzrə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə yekun vurulub.

 

Yarışlara Bakı şəhərinin 12 rayonu üzrə 305 ümumtəhsil məktəbindən 2 min nəfərə yaxın şagird qatılıb. Rayonlarüzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib.

 

Yarışın nəticələrinə əsasən, Nəsimi rayonu üzrə texniki-humanitar lisey, Xətai rayonu üzrə 29, Nərimanov rayonuüzrə 212,  Səbail rayonu üzrə 236, Qaradağ rayonu üzrə 319, Binəqədi rayonu üzrə 244, Nizami rayonu üzrə 109, Yasamal rayonu üzrə 13, Xəzər rayonu üzrə 26, Pirallahı rayonu üzrə 168, Sabunçu rayonu üzrə 155, Suraxanı rayonu üzrə 114 nömrəli tam orta məktəblərin komandaları finala vəsiqə qazanıb.    

 

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

 

Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.

 

Yarışlar Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.