Məlum olduğu kimi, Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesi aprelin 20-dək dayandırılıb. Bu vəziyyətdən irəli gələrək distant təhsilə önəm verilib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  də (ADNSU) artıq   onlayn təhsilə başlayıb. Universitetdən verilən məlumata görə,  onlayn formada keçirilən dərslərin sayı 150-yə çatıb.  Aprel ayının 1-dək ADNSU-da onlayn formada təhsil tədrisin planı üzrə dərslərin 100%-ni əhatə edəcəkdir. 

 

ADNSU-da onlayn təhsil Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Onlayn-təhsil Təhsil Nazirliyinin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platforması üzərində təşkil olunub. Nazirliklə “Microsoft” şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

 

ADNSU-da 12 oktyabr 2016-cı il tarixindən təkmilləşdirimiş elektron universitet-Unibook-un istifadəyə verilməsi sayəsində universitetin hər bir tələbəsinə fərdi şifrəsi vasitəsilə portala daxil olaraq, burada yerləşdirilən bütün məlumatlar, sillabuslar, mühazirələr, təqdimat materialları, fənn proqramları, imtahan sualları, elektron dərs vəsaitləri, o cümlədən Word formatında ədəbiyyatlar, dərs cədvəlləri ilə tanış olmaq imkanı yaradılıb.

 

Unobook-da dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Tələbələr Unibook vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, istənilən dərs tapşırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala, hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.

 

ADNSU-nun qabaqcıl Unibook sistemi “Microsoft Teams” platformasının imkanları ilə birlikdə video bağlantı vasitəsilə məsafədən təhsilvermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək, onlayn təhsilin effektiv şəkildə təşkilini təmin edir.