Bakı Slavyan Universitetində (BSU) onlayn dərslər davam etdirilir.

 

Universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov bildirib  ki, BSU distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili üçün  bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib.

 

Hazırda www.tedris-bsu.org portalında kafedraların bir-biri ilə çevik əlaqə saxlaması məqsədilə korporativ elektron poçt ünvanlarına giriş üçün şəxsi kabinet istifadədədir və rəsmi sənədlərin fasiləsiz dövriyyəsi təmin olunur.

 

Prorektorun sözlərinə görə, tələbələrin mövcud elektron tədris resurslarına çıxışının təmin olunması, bütün mühazirə mətnlərinin əldə edilməsi, həmçinin hər bir fənn üzrə imtahan sualları, sillabuslar və auditoriyadankənar saatlara aid işlərin mövzularının əlçatan olması üçün elektron tədris platformasında fakültə, ixtisas və akademik qruplar üzrə xüsusi bölmələr açılıb, bütün zəruri tədris materialları tyutorlar tərəfindən virtual qovluqlara yerləşdirilib.

 

Bildirilib ki, maksimum tələbə heyətinin distant təhsil texnologiyaları vasitəsilə keçirilən dərslərdə daha həvəslə iştirak etmələri və motivasiya aləti olaraq davamiyyətin monitorinqini aparmaq və tələbələrin hazırlıq reytinqini müəyyənləşdirmək üçün elektron jurnal modulundan da istifadə edilir.

 

Elektron jurnala zəif nəticə göstərən tələbələrin qiyməti və davamiyyət qeyd olunmur. Elektron jurnal sistemi, sadəcə müəllimlərə onlayn dərslərdə iştirak etməyən tələbələri müəyyənləşdirərək onların dərslərdən geri qalmaması üçün digər imkanlardan istifadə edə bilməsinə şərait yaradır.

 

“Bununla yanaşı, Avropa İttifaqının Erasmus+ proqramının BSU-nun qoşulduğu PETRA layihəsi çərçivəsində tələbə və müəllimlərin istifadəsinə verilən “Moodle” elektron tədris platformasında da təlimlər uğurla davam etdirilir. Habelə BSU Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platformasından da istifadə etməkdə maraqlıdır. Layihəyə qoşulmaq üçün universitet artıq bütün tələbə və müəllim heyətinin qeydiyyat formasını nazirliyin müvafiq şöbəsinin elektron poçtuna göndərib”-deyə Telman Cəfərov qeyd edib.

 

O məlumat da verilib ki, BSU-nun rektoru tərəfindən imzalanan əmrdə dərslərin dayandırıldığı mövcud vəziyyətdə kredit sistemi əsasında tədrisin təşkili qaydalarına uyğun distant təhsil vasitələri və texnologiyaları ilə tələbələrin imtahanlaraqədərki cari fəaliyyətinin diqqətdə və nəzarətdə saxlanılması,  qiymətləndirilməsi yolları,  mexanizmləri aydın şəkildə təsvir olunub.

 

Qeyd edilib ki, BSU-da  Elektron informasiya texnologiyaları şöbəsi tələbələrin müxtəlif tədris-məlumat resursları bazalarından istifadəsinə, tədris portalları və platformalarına çıxışına dəstək verir.