Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində dərc olunub.

 

Qeyd edək ki, sözügedən konfrans Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilən  Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçirilməli olan beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar çərçivəsində təşkil olunmuşdu.

 

Ötən ilin  6-7 dekabr tarixlərində keçirilən  konfransın əsas məqsədi hazırki mərhələdə şəxsiyyət, cəmiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin məzmunu, xarakteri və inkişaf istiqamətləri üzrə elmi diskussiyaların aparılması, eləcə də mövzu üzrə müasir yanaşmalar və yeni nəzəri konsepsiyalar haqqında elmi məruzələrin dinlənilməsindən ibarət olub.

 

Ali təhsil və elm ictimaiyyətinin böyük marağına səbəb olan və doqquz elmi istiqaməti əhatə edən konfransa respublikanın 22 ali təhsil müəssisəsindən, AMEA-nın 16 sahə elmi-tədqiqat institutundan və 5 digər təşkilatdan 3 bölmə (Humanitar: İqtisadiyyat və idarəetmə; Texnika və ekologiya) üzrə ümumilikdə 300-ə yaxın məqalə və tezis daxil olmuşdu.

 

Məlumat üçün bildirək ki, konfransın plenar iclasında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan İlahiyyat İnstitutunun həmin dövrdəki rektoru Ceyhun Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli və MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov məruzələrlə çıxış etmişdilər. Konfrans çərçivəsində müvafiq mövzulara dair müasir nəzəri yanaşmalar və praktiki təcrübələr ətrafında geniş elmi diskussiyalar aparılmışdı.