31 mart təqvimdə Azərbaycanlıların Soyqırımı Günüdür. Hər ilin bu gününü Azərbaycan xalqı dərin kədər hissi ilə qeyd edir.

 

Çünki 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırım öz amansızlığına və miqyasına görə, təkcə Azərbaycan deyil, dünya  tarixində də ən dəhşətli faciələrdən biri idi. Hafizələrdən silinməyən həmin tarixdə  Bakı, Şamaxı, Quba qəzaları, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə baş verən qanlı hadisələrdə dinc əhali kütləvi surətdə qətlə yetirildi; şəhər və kəndlər yandırıldı; milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Bakı xarabalığı xatırladan bir şəhərə çevrildi. Erməni vəhşiliyi hər yerdə öz çirkin izini qoydu, beləliklə, tarix öz arxivində Azərbaycana qarşı erməni düşmənçiliyi, genosid siyasətini isbat edən kifayət qədər təkzibolunmaz dəlillər, ciddi faktaloji rəqəmlər, dəhşətli səhnələr, tükürpədən fraqmentləri həmişəlik saxladı...     

 

XX əsrin sonlarında separatizm, genosid eyni qəddarlıqla davam etdi və Azərbaycan xalqı erməni zülmünü Xocalı hadisələrində təkrar yaşadı. Tarixi vərəqlədikcə, ermənilərin Azərbaycan xalqına qarşı qəddar münasibətinin bütün dövrlərdə mövcud olması aydın görünür. Bu həqiqətdir və Azərbaycan bir əsrdir ki, genosid siyasətinin acı nəticələrini dünyaya çatdırmaqla məşğuldur.

 

Müasir dünyaya mesajlar tarixdəki təkzibolunmaz faktlardan verilir; çağdaş nəslə bilgilər tarixin etibarlı arxivindən çatdırılır. Alimlərimiz, diaspor təşkilatlarımız yorulmadan Azərbaycanın haqq səsini bütün tribunalardan dünya ictimaiyyətinə bəyan edir.

 

Çünki qanlı tarix unudulmur!

 

Azərbaycan məruz qaldığı zülmü, ardıcıl genosid siyasətini, qanlı soyqırım hadisələrini  heç bir zaman unutmayacaq!!!