KİV təmsilçisinin peşəkar təhsilli olması mütləq şərtə çevrilir


Bu günlərdə diqqətimi Rusiya internet-media qurumlarından birinin açdığı maraqlı polemika cəlb etdi. Mövzu bu idi: jurnalist olmaq üçün müvafiq təhsil almaq vacibdir, ya yox? Müzakirələrin tarixi üç il əvvələ (12 fevral 2015-ci il) gedib çıxsa da, problem aktuallığını saxlamaqdadır, ələlxüsus da bizim üçün. Razılaşmayan az adam tapılar ki, hazırda Azərbaycanda jurnalistikanın bir sıra istiqamətləri, misal üçün, araşdırmaçı, reportyorluq tamamilə sıradan çıxıb. Adları barmaqla sayılacaq veteran jurnalistlərdən bir neçə nəfəri qeyd etmək olar ki, bu istiqamətləri yaşadırlar. Ancaq xüsusilə internet-medianın təsir dairəsinin genişlənməsi ilə əlaqədar belə demək mümkündürsə, “tənbəl jurnalistika” daha “populyar”dır: xəbər oğurluğu, minimum yaradıcılıq, köçürmə və az qala “gözə girən” savadsızlıq.

 

Qayıdaq bir daha yazının əvvəlinə: Rusiyada münasibət öyrənilən əksər top-jurnalistlərin jurnalistika təhsili yoxdur. Onların bəziləri belə qənaətdədir ki, buna heç ehtiyac da duyulmur. Kimisi tarix-ədəbiyyat, kimisi fəlsəfə, eləsi var hətta kimya fakültəsinin məzunudur.

 

Digərləri isə düşünür ki, xüsusilə Qərbdəki nüfuzlu universitetlərdə 1-2 illik jurnalistika proqramlarını keçmək lazımdır. Rusiyanın böyük universitetləri qabaqcıl tələbələri belə kurslara göndərirlər. Ancaq bir reallıq qaçılmazdır: jurnalist işləyən şəxs aldığı təhsilin profilindən asılı olmayaraq savad və bilik, müvafiq dünyagörüşün sahibi olmalıdır. Azərbaycan jurnalistikasının ağrılı yaralarından biri deyilmi?

 

Problemdən irəli gələrək qərara aldıq ki, oxuculara dünyanın müxtəlif yerlərində jurnalistika təhsilinin necə təşkil edilməsi, hansı nüfuzlu ali təhsil ocaqlarının bu peşə sahiblərini hazırlaması, peşəkar jurnalistin nələri bilməsi və necə təhsil alması barədə məlumat verək. Həqiqətən də beynəlxalq praktika ilə tanış olduqca görünür ki, jurnalist əslində, hamıdan - bütün peşə sahiblərindən çox bilməlidir. Bunun üçün isə təbii ki, çox oxumalıdır.

 

İncə sənət - jurnalistika

 

Jurnalistika ixtisası ilə dünyanın əksər universitetlərində rastlaşmaq mümkündür. Bəzi ölkələrdə, məsələn, Avstraliya, Yeni Zelandiya, qismən Fransada jurnalistika incəsənət fakültəsinin tərkibində öyrənilir və sonda müvafiq diplom verilir. Dilimizə tərcümədə diplomu belə şifrələmək olar: “İncəsənət sahəsi jurnalistika ixtisası üzrə bakalavr dərəcəsi”. Təbii ki, bu, formal xarakter daşıyır: əsas məqsəd təhsil almaqdır.

 

Jurnalistika müxtəlif sahələrə ayrılır - qəzet, televiziya, elmi, hərbi və s. Bu baxımdan, istiqamət seçərkən tələbənin hansı predmetlərdən təhsil alacağını bilməsi vacibdir. Amerikanın ən nüfuzlu ali məktəblərindən olan Kolumbiya Universiteti nəzdində fəaliyyət göstərən Junalistika məktəbi (Columbia University Graduate School of Journalism) bütün istiqamətlər üzrə jurnalist hazırlayır. Ancaq məsələn, Almaniyanın Dortmund Universiteti jurnalist və elmi jurnalist peşələrinə üstünlük verir. Burada jurnalist olmaq istəyən şəxsə bir sıra texniki elmlərdən də dərslər keçilir, problemin elmi tərəflərindən məqalələr yazdırılır. Hərdən elə olur ki, heç fakültə və ixtisasın adında “jurnalistika” sözünə rast gəlinmir. Misal üçün, Avstraliyanın “University of Western Sydney” təhsil mərkəzi məzunlarına “Bachelor of Communication” diplomu verir. Dəxli yoxdur tələbə hansı sahədə təhsil alıb - işgüzar, elmi, siyası, yaxud idman jurnalistikası. Yeni Zelandiyanın Texnologiya İnstitutunda (Waikato Institute of Technology) “Bachelor of Media Arts” peşəsi üzrə jurnalistlərlə yanaşı, dizaynerlər, fotoqraflar və hətta musiqişünasları da hazırlayırlar. Bir çox halda “jurnalist” sözü “Kütləvi kommunikasiyalar” ifadəsi ilə əvəzlənir.

 

İki peşə birdən

 

Dünyanın bir sıra universitetlərində jurnalist olmaq istəyən tələbəyə iki istiqamətli təhsil verilir. Almaniyada Bonn-Reyn-Ziqq Texniki İnstitutunda (Fachhochschule Bonn-Rein-Sieg) “Texniki jurnalistika” (Technikjournalismus) üzrə mütəxəssislər hazırlanır. Tələbələrə humanitar elmlərlə yanaşı, riyaziyyat, informatika, fizika, avtomatlaşdırılmış idarəetmə texnikası və s. dərslər keçilir. Başqa sözlə, gələcək jurnalistlər əlavə texniki təhsil alırlar.

 

Madriddə fəaliyyət göstərən III Karlos Universiteti (Universidad Carlos III de Madrid) jurnalistika ilə yanaşı, “Hüquq və jurnalistika”, “İqtisadiyyat və jurnalistika” sahələrinə qəbul elan edir. Burada tələbələr sosial-humanitar biliklərə yiyələnirlər. “Hüquq və jurnalistika” fakültəsində bu predmetlərdən dərslər keçilir: hüquq tarixi, cinayət hüququ, Konstitusiya hüququ, politologiya, fəlsəfə, dövlət idarəçiliyi, jurnalistikanın əsasları, İspaniya KİV-nin tarixi və s.

 

“İqtisadiyyat və jurnalistika” ixtisası üzrə təhsil alan tələbələr isə mikro və makro iqtisadiyyat, mühasibat üçotu, statistika, beynəlxalq iqtisadiyyat, informatika və digər predmetlərdən mühazirələr dinləyirlər. Yeri gəlmişkən, İspaniya jurnalistika sahəsində təhsil almaq üçün ideal ölkə hesab edilir. Çoxlarımız bilmirik, ancaq İspaniya KİV-ləri dünyanın ən məşhur və peşəkarlarından hesab edilirlər. İspaniya mediası dünyada ən çox istinad edilənlər sırasındadır. Elə bir ölkə yoxdur ki, orada xarici mətbuatın xülasəsi zamanı İspaniya KİV-nə istinad olunmasın. Hətta nüfuzlu “Euronews” xəbər buraxılışları və reportajlarında mütləq halda İspaniyanın populyar “El Pais” və “El Mundo” qəzetlərini mənbə kimi qeyd edir. “El Mundo” İspaniyanın ən iri elektron qəzetidir. “El Pais” isə ispan və ingilis dillərində çap edilməklə dünyanın əksər nöqtələrində xüsusi reportyora malikdir.

 

Jurnalistika peşəsinə yiyələnmək istəyən bütün tələbələr təcrübə keçməlidirlər. Qərbdə praktikanın ünvanı adətən nüfuzlu media-orqanlar olur. Rusiyanın özündə də “Exo Moskvı” radiosunda, “Kommersant” və “Vedomosti” kimi qəzetlərdə tələbələrdən yararlanma praktikası geniş yayılıb. Bir çox halda gələcək məzunlar bu KİV-lərdə iş yerinə yiyələnirlər. Fransada praktika ilə yanaşı, xaricdə ixtisasartırma imkanlarından da istifadə etmək olar. İtaliyaya belə səfərlər Fransa ali məktəblərində mütəmadi xarakter daşıyır.

 

Navarra Universitetində (Universidad de Navarra) tələbələr “Jurnalistika və fəlsəfə” üzrə təhsil alırlar. Ona görə də məzun olduqdan sonra “Analitik” peşəsi üzrə də işləyə bilirlər. Almaniyanın “Hochschule Magdeburg-Stendal” Universiteti abituriyentlərə “Jurnalistika/media-menecment” ixtisasını təklif edir. Kurs ərzində tələbələr politologiya, marketinq, KİV-də maliyyə, KİV-də menecment istiqamətlərində təhsil alırlar. Ali məktəbi bitirdikdən sonra isə həm jurnalist ola bilərlər, həm də menecer.

 

Təcrübə göstərir ki, jurnalistika oxuyan şəxslərin kombinə edilmiş təhsil almaları onların gələcək karyeralarında çox xeyirli olur. Jurnalist işəgötürənə hər zaman deyə bilər: mən tək xəbər yazan deyiləm, elmi, yaxud işgüzar sahədə mütəxəssisəm! Əmək bazarının belə işçilərə həmişə ehtiyacı var.

 

Müasir jurnalistikanın təsnifatı olduqca genişdir. Siyasi, iqtisadi, elmi jurnalistika, “sarı mətbuat” və s. Ancaq ümumilikdə götürdükdə, daha miqyaslı anlamda media bu gün ciddi və qeyri-ciddi məzmunlu mövzulara müraciəti baxımından iki cəbhəyə bölünür. Burada mühüm bir amilin altından qırmızı xətt çəkilməlidir: istər ciddi siyasi-iqtisadi, istərsə də şou-biznes KİV-ləri olsun, dəxli yoxdur - jurnalistin savadlı olması mühüm şərtdir. Xarici ali məktəblərdə jurnalistika fakültələrində tələbələrin hansı predmetlərdən təhsil almaları qənaətimizə əsaslı sübutdur. “Deutsche Welle”nin məlumatına görə, Almaniyada 20-30 il bundan əvvəl jurnalistdən peşəkar savad tələb edən KİV olduqca az idi. İndi isə vəziyyət köklü şəkildə dəyişib: mütəxəssisdən tələblərin siyahısı olduqca genişdir. “Təcrübə göstərir ki, bu gün Almaniyada keyfiyyətli ali savadı və bir neçə iş yeri praktikası olmayan şəxsin jurnalist işləməsi müşkül məsələdir” - deyə Almaniya Jurnalistlər İttifaqının əməkdaşı Hendrik Sörner bildirir. Statistikaya görə, son 5 ildə peşəkar fəaliyyətə başlamış gənc jurnalistlərin 90%-i ali təhsil və xüsusi hazırlığa malikdir. 1998-ci ildən etibarən tək Finlandiyada jurnalist hazırlayan təhsil ocaqlarının sayı 3 dəfə artıb. Sənəd verən abituriyentlərin yalnız 10%-i qəbul imtahanlarından keçməyə müvəffəq olur. Rəqabət amansızdır!

 

(ardı gələn sayımızda)

 

Rüstəm QARAXANLI