Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə (NDU) professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur. Dünyanı cənginə alan Covid-19 infeksiyasının yaratdığı problemlərə baxmayaraq tələbələrin bu dərslərdən yararlanmaları üçün ali təhsil ocağının malik olduğu informasiya- kommunikasiya texnologiyaları dəyərləndirilərək mütəxəssislərlə onlayn əlaqə yaradılır.

 

NDU-dan verilən məlumata görə, universitetin tibb fakültəsinin professor- müəllim heyəti, həkim-rezident və tələbələri üçün Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə “Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarından da tələbələr daxil olmaqla, İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin qatıldğı treninqdə 150-dən çox iştirakçı olub.

 

Universitetin  rektoru Elbrus İsayev qeyd edib ki, hazırda dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronovirus  infeksiyasının bu gün Azərbaycanda və muxtar respublikada geniş yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Əhalinin maarifləndirilməsi, psixoloji savadlılığının önəm kəsb etdiyi bir dövrdə tələbə-gənclərin də bu cür treninqlərdə iştirakının vacibliyi vurğulanıb.

 

Seminar-treninqdə təbabətin digər sahələrindən fərqli olaraq, bir qədər kənarda qalan psixiatriya elminin tarixinə nəzər salınıb, psixi xəstəliklər haqda ətraflı məlumat verilib. Psixiatriyanın aktual məsələləri, müasir dövrdə insanlarda daha çox görünən psixi pozğunluqlar, psixi problemlərin həllinə erkən yanaşmalar müzakirə olunub.

 

Uzman-həkim  Covid-19 virusunun insanlara psixoloji təsirindən də danışıb. Qeyd edib ki, əhval-ruhiyyənin pessimizmə köklənməsi virusa yoluxma riskini  artırır.  Onun sözlərinə görə, qorxu,  həyəcan virusun özündən daha təhlükəli və zərərlidir.

 

Qeyd edək ki, Ərzincan Binəli Yıldırım Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında tələbə və müəllim mobilliyi, ikitərəfli əməkdaşlıq mövcuddur. Bu müqaviləyə görə fakültənin hər il 25-30 nəfərlik heyəti yay istehsalat təcrübəsini bu universitetin xəstəxanalarında keçir. NDU-nun həkim-rezidentləri isə müqaviləyə uyğun olaraq, həmin universitetdə 3-6 aylıq ixtisasartırma kurslarında olurlar.

 

NDU-nun tibb fakültəsinin məzunu olmuş və hal-hazırda İspaniyada həkim-cərrah kimi fəaliyyət göstərən, tibb üzrə fəlsəfə doktoru Elvin Əliyev də müzakirələrdə iştirak edib, müxtəlif sualları cavablandırıb.