Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarından alim və ziyalılar pandemiya dövründə də  hamiliyə götürülən tələbələrə onlayn şəkildə  açıq dərslər keçirlər.

 

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş tarix-filologiya fakültəsinin tarix ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Zoom” proqramı vasitəsi ilə növbəti açıq dərs olub.

 

Bölmədən bildirilib ki, institutun Antik və Orta Əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov “Naxçıvan abidələrinin öyrənilməsi və qorunması sahəsində əldə olunan nailiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanda, o cümlədən Naxçıvanda xeyli sayda abidələrin həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələr olduğunu qeyd edib.

 

O, qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanda zəngin arxeoloji abidələrin tədqiqindən danışıb. Bildirib ki, Naxçıvan  ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və Daş dövrünün abidələri muxtar respublikanın ilk insan məskənlərindən biri olduğunu sübut edir. Bu abidələrdən tapılan fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar Naxçıvanda Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında da məlumatlar verir. Vurğulanıb ki, Naxçıvandakı  arxeoloji abidələrdə aparılan tədqiqatlar zamanı yalnız Azərbaycanın deyil, həmçinin Cənubi Qafqazın Neolit, Eneolit, Tunc və Erkən Dəmir dövrü abidələrinin dövrləşməsi üçün mühüm elmi əhəmiyyət dayışan nəticələr əldə olunub.

 

Toğrul Xəlilov Ovçulartəpəsi, Oğlanqala, I və II Kültəpə, Xələc, Ərəbyengicə, Duzdağ, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntıların nəticələrini tələbələrin diqqətinə çatdıraraq bildirib ki, tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən abidələrimizin hər birində zəngin mədəniyyət yaşayır. O, bu gün abidələrimizin əsaslı təmir və bərpa olunmasının, bir çox abidələrin tarixi qoruq sırasına daxil edilməsinin muxtar respublikada qədim tariximizə, mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsi olduğunu söyləyib.

 

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.