Naxçıvan Dövlət Universiteti (NDU) distant təlim və tədris üsullarına dair beynəlxalq əhəmiyyətli onlayn konfransda təmsil olunub.

 

Xəzər Universitetinin təşkil etdiyi konfransda ali təhsil ocağını Naxçıvan Ali Məclisinin deputatı, universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin ingilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadə təmsil edib.

 

İngiltərə, Finlandiya, İspaniya, Macarıstan, Qazaxıstan, Özbəkistan və  Azərbaycanın bir sıra universitetlərindən professor-müəllim heyətinin qatıldığı konfransda COVİD-19 infeksiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yaranmış təlim-tədris problemləri, onlayn təhsilə keçid, mövcud durumla bağlı hər bir ölkənin qəbul etdiyi təhsil platformaları müzakirə edilib.

 

NDU-nun müəllimi Aidə Cəlilzadə qeyd edib ki, ali təhsil ocağında elektron dərslər artıq müəyyən bir ardıcıllıq və sistem üzrə həyata keçirilir. KOİCA şirkəti tərəfindən NDU üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia” layihəsi çərçivəsində yaradılan Öyrənmənin idarəolunması sistemi (Learning Management System) haqda ətraflı məlumat verilib. Vurğulanıb ki, bu sistem vasitəsilə tələbələrə mühazirələr, video dərslər, sərbəst iş mövzuları çatdırılır. Qeyd olunub ki, sistemdə, həmçinin tələbələrin öyrənməsinə nəzarət, onları qiymətləndirmək üçün  test və  ya açıq tipli sualların verilməsi də həyata keçirilir.  

 

Konfransa digər qatılanlar da tələbələrin onlayn tədrisə cəlb olunması istiqamətində aparılan işlərdən danışıblar. İngilis dilində edilən təqdimatlar Xəzər Universitetinin rəsmi facebook səhifəsindən canlı yayımlanıb.