Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Erasmus+ proqramı çərçivəsində hazırda İspaniya Krallığının Valladolid Universitetində təhsil alan MDU tələbələri Aidə Qurbanova, Zaur Məmmədov və Ülvi Aşurovla görüşüb.

 

Online formatda keçirilən görüşdə Ş.Bayramov qlobal pandemiya dövründə İspaniyada təhsil alan tələbələrin tədris prosesində iştirakı, onların gündəlik yaşayış durumu və Valladolid şəhərindəki mövcud karantin vəziyyəti ilə maraqlanıb.

 

COVID-19 infeksiyası ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışan Ş.Bayramov Prezident  İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq pandemiya dövründə xaricdə təhsil alan tələbələrə xüsusi diqqət göstərildiyini vurğulayıb. Ş.Bayramov bu istiqamətdə Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Mövcud şərtlər daxilində hər üç tələbənin İspaniyada qalmasının və təhsilini başa çatdırmasının məqsədəuyğun hesab edildiyini bildirən rektor  tələbələri yerli karantin rejiminin tələblərinə ciddi riayət etməyə və online dərslərdə fəal olmağa çağırıb.

 

Görüşdə çıxış edən tələbələr Vallodolid Universitetində tədrisin xüsusiyyətləri, onlayn dərs prosesində iştirak və pandemiya şəraitində yaşayış şətləri barədə danışıblar. Son günlər İspaniyada infeksiya durumu ilə bağlı pozitiv trendin müşahidə olunduğunu da bildiriblər.