Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə tədrisin davamlılığını təmin etmək, məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Tədris prosesinin dayandırıldığı müddətdə nazirlik tərəfindən bir sıra ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, sərgi, dəyirmi masalar və digər tədbirlər həyata keçirilib. Mövcud vəziyyətlə əlaqədar onlayn platformada keçirilən sözügedən tədbirlər üzrə 8000 nəfərdən çox məktəblinin iştirakı təmin edilib. Belə ki, nazirliyin nəzdində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən yaradıcılıq istiqaməti üzrə respublika səviyyəli “Biz birlikdə güclüyük”, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı rəsm müsabiqələri, “Evdə qalaq, evdə yaradaq!” yaradıcılıq festivalı, “Gələcək naminə birlikdə!” videoçarx müsabiqəsi, “Evdə qalaq, nəğmə deyək” mahnı müsabiqəsi, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ürəklərdə yaşayan Ulu Öndər” adlı virtual sərgi və dəyirmi masalar, həmçinin beynəlxalq səviyyəli “Qavaldaş” - zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və I Beynəlxalq festival-müsabiqəsi, “Bu günün alimi“ (Scientist for a day) inşa-yazı müsabiqəsi, “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində gənclərin V Ekoloji Forumu və digər tədbirlərdə ümumilikdə 6000 nəfərdən çox məktəbli iştirak edib. Mayın 7-dən start verilən “Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına  iyunun 1-də yekun vurulacaq.

 

Eyni zamanda uşaq və gənclərin fiziki hazırlığının təmin edilməsi məqsədilə idman istiqaməti üzrə keçirilən şahmat üzrə respublika birinciliyi, 17 yaşadək şahmatçılar arasında Qran-pri turniri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq təhsil kuboku” və digər idman tədbirlərində 2000 nəfərdən artıq şagirdin iştirakı təmin edilib.

 

Bundan əlavə, aprelin 1-dən start verilən onlayn dərslərdə hazırki vaxtadək 27 idman növü və 103 dərnək üzrə 15 min nəfərdən artıq qrup və dərnək üzvü, 1200-dən artıq pedaqoji heyət iştirak edib. Dərslər müəssisələrin dərs cədvəlinə uyğun təşkil edilib.

 

Qeyd edək ki, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə həftəiçi 5 gün “Mədəniyyət”  kanalında yayımlanan "Dərs vaxtı" proqramı və şənbə günü yayımlanan “Dərsdən sonra”  blokuna uyğun olaraq məktəbdənkənar fəaliyyətlə bağlı teledərslər də yayımlanır.