Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən izolyasiya tədbirləri zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə keçiriləcək təlimlərin də formatında müəyyən dəyişikliklərin olmasını zəruri edib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə,  təlimlər Bakı, Lənkəran, Göyçay, Şirvan, Xaçmaz və Şəki şəhərləri üzrə qeydiyyatdan keçmiş namizədlərlə onlayn formada aparılır.

 

Bildirilib ki, təlimlər əvvəlcə səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması texnikaları, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

 

Növbəti mərhələdə isə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri, funksiyaları haqqında məlumatlar verilir.

 

Qeyd olunub ki,  zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin  avqust ayından etibarən başlanılıb və 945 nəfər qeydiyyatdan keçib.

 

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra iştirakçılar onlayn şəkildə təşkil olunan yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

 

Məlumat üçün bildirək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron qeydiyyat cari ilin sentyabr ayından etibarən yenidən aktiv ediləcək.