Sumqayıt Dövlət Universitetində (SDU ) I-III tədris illərində təhsil alan tələbələrin 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn rejimdə öz işinə başlayıb.

 

SDU-dan bildirilib ki, universitetin rektoru, professor Elxan Hüseynov və  prorektorlar  ayrı-ayrı fakültələr  üzrə imtahanların gedişini izləyiblər.  

 

Rektor  E. Hüseynov tələbələrlə onlayn görüş zamanı qeyd edib ki,  2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması,  imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbirlər  görülməsi, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitet rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.

 

Rektorun sözlərinə görə,  SDU-da imtahanların giriş balı hamı üçün 49 bal hesablanıb; biletə daxil edilən imtahan suallarının sayı 5-dən 3-ə endirilib; imtahanların keçid balı minimum 17 bal qəbul edilib. Müxtəlif səbəblərdən cari imtahan sessiyasında iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda, avqustun 17-dən, sentyabrın 15-nə qədər icmal mühazirələr və imtahanlar təşkil ediləcək.

 

İmtahanlar onlayn şəkildə Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, bu gün magistratura pilləsi üzrə bütün fakültələrdə imtahanlar onlayn şəkildə aparılır.

 

İmtahan sessiyası iyunun 8-dən  5 həftə müddətində  onlayn formada təşkil olunacaq.