Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurasının nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Bu seminarda  muzey əməkdaşları, o cümlədən Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri mütəmadi olaraq müxtəlif mövzularda elmi məruzələrlə çıxış edir, müzakirələr aparırlar.

 

Muzeydən verilən məlumata görə, elmi seminarın növbəti toplantısı videobağlantı vasitəsilə həyata keçirilib. “Qələmi və cərrah bıçağı ilə xalqa xidmət edən Cavad Heyət” adlı növbəti videoseminar cərrah alim Cavad Heyətin 95 illiyinə həsr olunub.

 

Muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Nərmin Əliyeva məruzəsində C.Heyətin həyat və yaradıcılığına toxunub, onun təsisçisi olduğu jurnallardan, Məhəmməd Hüseynlə olan dostluq əlaqələrindən bəhs edib.

 

Videoseminar C.Heyətin şəxsi fotoları, muzeyin ekspozisiyasında ona aid olan guşədən görüntülər, “Varlıq” jurnalının nömrələrinin, eləcə də alimin müəllifi olduğu kitabların yer aldığı təqdimatın nümayişi ilə davam etdirilib.