Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində yeni şöbə - Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.

 

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli şöbədə yaradılmış şəraitlə yaxından tanış olub. Kitabxana rəhbərliyi ilə görüş keçirən akademik  Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu qeyd edərək, onun  irsinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb: “Məhz bu məqsədlə Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb. Bu şöbənin başlıca məqsədi böyük dühanın xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət sayılan irsini toplamaq, elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir. Xoş bir təsadüfdür ki, şöbənin açılışı Milli Qurtuluş Gününü bayram etdiyimiz bir ərəfəyə düşdü”.

 

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova çıxış edərək Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin gələcək fəaliyyət planları haqqında məlumat verib və gələcəkdə bu istiqamətdə şöbədə mütəmadi olaraq tədbirlərin keçiriləcəyini vurğulayıb.