Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində tələbələrin və magistrantların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.

 

“Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə Microsoft Teams  platforması üzərindən online formatda təşkil olunub.

 

Online imtahan sessiyasının gedişatı barədə məlumat verən Ş.Bayramov ilk səkkiz gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və faktiki olaraq bütün tələbələrin müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Rektor MDU-nun magistratura səviyyəsinə növbəti qəbulun təşkili və abituriyentlər arasında universitetin təbliği istiqamətində görülən işlər haqqında da məlumat verib.

 

Görüşdə çıxış edən tələbələr məsafədən təşkil olunan imtahanlardan, qiymətləndirmədə tətbiq edilən güzəştlərdən və “İmtahan könüllüsü” layihəsində iştirak üçün yaradılmış imkanlardan məmnunluqlarını bildiriblər. 

 

Qeyd edək ki, 2019/2020-ci tədris ilinin yaz semestrində “Erasmus+” proqramı çərçivəsində İspaniyanın Valladolid Universitetində təhsil alan MDU tələbəsi Aidə Qurbanova da virtual görüşə qoşulub və fikirlərini bölüşüb.

 

Sonda Ş.Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.