(Əvvəli ötən sayımızda https://muallim.edu.az/news.php?id=11730#prettyPhoto)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il martın 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Əməkdar artist Bəhram Bağırzadənin Bakıda böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifi ilə çıxış etdiyini, sözsüz, hörmətli oxucularımız yaxşı xatırlayırlar. Qaldırılan məsələyə yüksək həssaslıq və qədirşünaslıqla yanaşan, milli dəyərlərə hər zaman olduğu kimi böyük diqqət və qayğı göstərən dövlət başçısı həmin təklifi dəstəklədiyini bəyan etdi. “Mən Bəhramın təklifini də bəyənirəm. Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir”, - deyə vurğulayan Prezident İlham Əliyev böyük xeyriyyəçinin tarixi xidmətlərini yada salaraq onun on minlərlə insana köməyi dəydiyini, hətta Hacının xeyriyyəçilik əməllərindən onun ailəsinə də pay düşdüyünü məmnunluqla xatırlatdı, öz növbəsində bu böyük insana olan diqqət və qayğısının əlaməti olaraq öz şəxsi təşəbbüsü ilə  Hacının əbədi uyuduğu Mərdəkandakı Pir Həsən Ziyarətgahının abadlaşdırıldığını, Hacının şəxsi mülkünün əsaslı şəkildə bərpa olunduğunu, nəhayət, hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi yerləşən həmin sarayda H.Z.Tağıyevin ev-muzeyinin də təşkil olunduğunu həssas duyğularla görüş iştirakçılarının diqqətinə çatdırdı, müvafiq dövlət qurumlarına məsələylə bağlı təkliflər hazırlanmasını tapşırdı. Qısa müddətdə abidənin ucaldılması ilə bağlı təşkilati işlərə start verildi.

 

Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında”  11 mart 2020-ci il tarixli Sərəncam imzalanmış, Azərbaycanda neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim H.Z.Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsinin ucaldılması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

 

Hesab edirik ki, milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır. Bu sərəncam tarixdə iz qoymuş böyük şəxsiyyət olan H.Z.Tağıyev fenomeni haqqında xalqımızın çoxdan arzuladığı tarixi ədalətin təntənəsi baxımından müasir tariximizə, milli yaddaşımıza əbədi həkk olunacaqdır.

 

Məktəbin açılışında təbrik nitqi söyləyən Bakı quberniyasının baş keşişi, görün, nə demişdi: “Cənab Hacı! Siz ömrünüzdə çox yaxşı işlər və xeyir əməllər görübsünüz. Siz o xeyir əməllər ilə öz başınız üçün çoxdan gözəl tac əmələ gətirib hazır edibsiniz. Lakin, Sizin bu əməli-xeyriniz ki, Bakıda rus-müsəlman ünasiyyə (qadın) məktəbini təsis edibsiniz, o tacın üzərində çox qiymətli almaz tək şölə edəcəkdir...”.

 

Bəli, Qız Məktəbi Hacının maarifçilik fəaliyyətinin simvolu olan qızıl tacın almaz qaşı kimi milli təhsil tariximizə daxil oldu. Bu məktəb əvvəllər dördillik idi, 2 ildən sonra beşillik, sonra altı illik oldu. 1913-cü ildə məktəb ibtidaidən Marinski məktəbləri tipli orta tədris müəssisəsinə  çevrildi və 1915-ci ildən isə məktəbin nəzdində ikiillik müəllim hazırlayan  müsəlman qadın pedaqoji kursları açıldı. 1916-ci ildə onun statusu ali ibtidai məktəbə bərabərləşdirildi.  1918-ci il Bakıda mart qırğınları zamanı məktəb bağlandı. Cümhuriyyət dövründə də onu bərpa etmək mümkün olmadı. Nə yaxşı ki, həmin binada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyət göstərmişdi. Sovet dönəmində də həmin bina uzun illər Parlament binası kimi fəaliyyət göstərmişdi. Lakin bir həqiqət var ki, ötən əsrin əvvəllərində yetişən Azərbaycan ziyalı qadınlarının böyük əksəriyyətini bu məktəbin məzunları təşkil etmişdi...

 

1903-cü ildə nəşr edilmiş ilkin mənbəyə görə, bu maarif ocağına mərhəmətli Hacı “əvvəl ibtidasından ta itmamınacan (tamamlanmasına kimi) beş yüz min rubl xərc edibdir” (“Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı”, s. 16).

 

Bu təhsil ocağını yaratmaqla H.Z. Tağıyev öz şərəfli adını milli tariximizə, Azərbaycan xalqına savadlı ana bəxş edən, ilk milli ziyalı qadın kadrlarını formalaşdıran, Vətənimizdə dünyəvi müsəlman qadın təhsilinin təməlini qoyan böyük maarifçi kimi əbədi həkk etdirdi...

 

Müasirləri bu maarif ocağını milli qadın təhsili üzrə “ana məktəb” adlandırır, onun “müsəlman dünyasına işıq saçacağına inanırdılar”. Həqiqətən də, belə oldu. Onun ardınca İrəvanda, Gəncədə, Şəkidə, Ağdaşda, Bakıda, Qubada, Naxçıvanda, Qazaxda, Şuşada, Şamaxıda eyni tipli rus-Azərbaycan qız məktəbləri açıldı. 1906-cı ildə Tiflisdə açılan müsəlman qız məktəbinin açılışına dəvət alsa da, xəstəlik səbəbindən tədbirə qatıla bilməyən Hacı həmin məktəbin xeyrinə 25 min manat toxunulmaz vəsait köçürmüşdü ki, ondan gələn gəlir məktəbin ehtiyaclarına sərf olunsun...

 

Yeri gəlmişkən, burada bir tarixi məqama toxunmaq istərdik. Gələn il həmin məktəbin fəaliyyətə başlamasının 120 illiyi tamam olacaq. Çox istərdik ki, Azərbaycanda ilk dünyəvi qadın təhsili müəssisəsi kimi məktəb və təhsil tarixinə şanlı səhifələr yazmış, Vətənimizdə qadın ziyalıların, qadın müəllimlərin yetişməsinə böyük töhfələr vermiş bu məktəbin yubileyinin keçirilməsi təşkil olunaydı.

 

Mərhəmətli Hacının maarifçilik fəaliyyətinin mühüm istiqamətlərindən biri də milli kadrların yetişdirilməsi məqsədilə tələbələrin təqaüdlə təmin olunması idi. 1903-cü ildə çap olunmuş bir mənbədə deyilirdi ki, “Hacı dəxi öz millətinin tərəqqisi yolunda köməklik qədəmlərini səxavət meydanına qoyub hər ildə 20 nəfərəcən mütəllimlər (tələbələr) ümumi-dünyəviyyə (dünyəvi elmlər) və sənayeyi-elmiyyəni (sənaye elmləri) təhsil etmək üçün darülfünun (universitet) mərkəzlərinə göndərirdi və ildə onlara yeddi min beş yüz rubl qədərində xərc verirdi...”.

 

Digər bir mənbədə 1890-1917-ci illər ərzində səxavətli Hacı tərəfindən təhsil alan tələbələr üçün 143,3 min rubl vəsait xərcləndiyi göstərilirdi.

 

Əlbəttə, bu rəqəmlər Hacının millət yolunda, milli kadrlar yetişdirilməsi sahəsində xərclədiyi vəsaitlərin cüzi bir hissəsidir. Onun fərdi təqaüdü ilə ali və ya orta təhsil alanlar içərisində XX əsr Azərbaycan tarixinin çox önəmli tarixi şəxsiyyətləri vardır. Belələrindən Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, Qarabəy Qarabəyov, Behbud xan Cavanşir, Lütvəli bəy Behbudov, Mustafa ağa Vəkilov, Fətulla bəy Rüstəmbəyov, Fərrux bəy Vəzirov, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Mirhəsən Vəzirov, Ruhulla Axundov, Ağa Axundov, Şövkət Məmmədova, Ayna Sultanova, Mirzə Davud Hüseynov, Xudadat bəy Məlikaslanov, Xəlilbəy Xasməmmədov, Aslan bəy Səfikürdski, İsmayıl bəy Ziyadxanov, Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə və onlarla başqalarını göstərmək olar.

 

Burada bir tarixi faktı yada salmaq yerinə düşərdi. 1860-cı illərdə ilk ali təhsilli azərbaycanlı Həsən bəy Zərdabi idisə, XX əsrin əvvəllərində ali təhsilli azərbaycanlıların sayı yüzlərlə, bütövlükdə ziyalıların sayı minlərlə idi. Bu milli kadrların yetişdirilməsində, onların təqaüdlə təmin edilməsində Hacının müstəsna xidmətləri olmuşdu.

 

Hesab edirik ki, mətləb aydınlığı üçün bir neçə tarixi məqamı burada yada salmaq yerinə düşərdi:

 

Böyük mesenat ali təhsil almaq arzusunda olan və ona müraciət edən hər kəsə yardım əlini uzatmışdı. Tiflisdən mehmanxanadan Hacıya teleqram vuraraq Beyrutdakı Amerika Məktəbində təhsil almaq arzusunda olduğunu, bu məqsədlə ona yol xərcinə və təhsil haqqına yardımçı olmağı xahiş edən təbrizli Seyid Həsən Tağızadəyə böyük maarifpərvər dərhal pul göndərmişdi.

 

Yaxud İrəvan şəhər gimnaziyasını əla qiymətlərlə bitirib Peterburqda ali təhsil almaq üçün ona kömək etməyi xahiş edən Əziz Əliyevin ünvanına Hacı tərəfindən təcili 300 rubl yol xərci göndərilmişdi (Maraqlıdır ki, bu fakt dövlət başçısının mədəniyyət işçilərinin bir qrupu ilə görüşündə də xatırlandı). Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil olmuş və sonralar Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük xidmətlər göstərmiş tarixi şəxsiyyət kimi yetişmişdi.

 

Və yaxud Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə 2 nəfər azərbaycanlı şagirdin qəbulu üçün vəsaitlə yardım etməyi xahiş edən Soltan Məcid Qənizadənin arzusu dərhal, həm də daha geniş ölçüdə yerinə yetirilmişdi. Belə ki, Hacı 4 azərbaycanlı, 2 gürcü, 2 erməni uşağının da təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdü...

 

Belə faktlar bir deyil, beş deyil, yüzlərlə, minlərlədir...

 

H.Z.Tağıyevin maarifçilik fəaliyyətinin istiqamətlərindən biri də müxtəlif xeyriyyə cəmiyyətləri vasitəsilə yeni açılan məktəblərə yardımların edilməsi idi. 1906-cı ildə Bakıda yaradılan “Müsəlmanlar arasında savad yayan cəmiyyət-Nəşri maarif” xeyriyyə cəmiyyətinin sədri olan H.Z.Tağıyev uzun illər cəmiyyətin məktəblərinə qəyyumluq etmiş, mədəni-maarif cəmiyyətlərdən olan “Nicat” (1906), “Səadət” (1907) və başqalarının maarifçilik fəaliyyətində də yaxından iştirak və kömək etmişdi.

 

H.Z.Tağıyev yaşlıların təhsili üçün də müəyyən işlər görmüş, 1898-ci ildən başlayaraq yaşlılar üçün savad kursları açmağa vəsait ayırmış, özünün toxuculuq fabriki nəzdində məktəb və savad kursları təşkil etmişdi. Bundan əlavə, 30 min rubl vəsait ayıraraq Bakı II Realnı Məktəbin nəzdində müsəlman uşaqları üçün pulsuz “Əlifba” öyrədən kurslar açdırmışdı...

 

Böyük mesenatın maarifçilik fəaliyyətində qəzet və jurnalların, eləcə də elmi-bədii və dini kitabların nəşri məsələləri də mühüm yer tuturdu. Bu məqsədlə mərhəmətli Hacı 1895-ci ildə 57 min rubl verib “Kaspi” qəzetini mətbəəsi ilə birlikdə alaraq onun sahibi olmuş, görkəmli fikir adamlarından olan Həsən bəy Zərdabini, Əlimərdan bəy Topçubaşovu, Əhməd bəy Ağayevi, Əlibəy Hüseynzadəni qəzetdə işləməyə cəlb etmiş, tezliklə qəzet azərbaycanlıların ideoloji fikir tribunasına - “Müsəlman Kaspisi”nə çevrilmişdi...

 

Hacının təşəbbüsü ilə “Qurani-Kərim” Azərbaycan türkcəsinə çevrilərək təfsiri ilə birlikdə üç cilddə çap olunmuş, həmin nəşrdən Osmanlı İmperatoru Sultan II Əbdülhəmidə də hədiyyə göndərilmişdi.

 

Sonralar Hacının maliyyə dəstəyi ilə “Həyat” (1905-1906) qəzeti, “Füyuzat” (1906-1907) jurnalı Əlibəy Hüseynzadənin, “İrşad” qəzeti Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr edilmişdi. Ümumiyyətlə, Hacı bu illərdə Azərbaycan ziyalılarının mətbuat vasitəsilə bir yerə cəm olmasını, xalqın milli ideya ətrafında səfərbər olması üçün fikir adamlarını maddi və mənəvi cəhətdən hər zaman dəstəkləmişdi...

 

Hacı qəzet və jurnallara böyük önəm verərək mətbuata “məktəbdarlara vacibatdandır” deyərdi. Hacı yazı-pozu bilməzdi. İmza atmağı güclə öyrənmişdi. Rusca “Q”, “Z”, “A”, “T” hərflərini (adının və soyadının baş hərflərini) birtəhər yazıb, doqquz dənə düz xətt çəkərdi. Lakin buna baxmayaraq, fars, türk, ərəb, fransız və rus dillərində çıxan qəzet və jurnallarla gündəlik tanış olardı. Şərq dillərində olan qəzetləri Mirzə Sadıq oxuyar, Avropa dillərində olan qəzet və jurnalları isə müsyö Kadusli tərcümə edib Hacıya çatdırardı...

 

H.Z.Tağıyevin maarifçilik fəaliyyətinin istiqamətlərindən biri də ölkəmizdə teatr sənətinin təşəkkülü və inkişafı ilə bağlıdır. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın böyük rolunu yüksək qiymətləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binası  tikdirdi. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə oldu. “Tağıyev teatrı” adı ilə tarixə düşən bu bina 1918-ci ildə Bakıda baş verən azərbaycanlıların soyqırımı zamanı erməni vandalları tərəfindən yandırılmışdı. 1922-ci ildə sovet dönəmində bərpa olunan teatr binasının açılışına hökumət başçısı Nəriman Nərimanovun təşəbbüsü ilə dəvət alan H.Z.Tağıyev orada söylədiyi nitqində teatrda həmin gün keçirdiyi hissləri həyatında bir dəfə də Məkkədə müqəddəs daşa toxunan zaman yaşadığını söyləmiş, bununla da mədəniyyət ocağına sonsuz məhəbbətini bir daha təsdiq etmişdi... Təsadüfi deyil ki, Hacı bütün teatr tamaşalarına ailə üzvləri ilə birlikdə həmişə tamaşa edərdi.

 

Göründüyü kimi, böyük mesenat və maarifpərvər H.Z.Tağıyevin maarifçilik sahəsindəki xidmətlərinin coğrafiyası çox əhatəli və geniş idi. O, təkcə Azərbaycanda deyil, türk-müsəlman xalqlarının yaşadığı Rusiya imperiyasında, eləcə də İran, Türkiyə və Misirdə məktəblərin açılması işinə hər zaman yardımlar etmişdi. Hətta Misir məktəblərində H.Z. Tağıyevin mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə dair dərslər də keçilirdi....

 

XIX əsrin 90-cı illərində Hindistandan Vətəninə dönən Con Daltner adlı bir ingilis zadəgan Bakıda Hacının qonağı olarkən onun mesenatlıq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına mərhəmətli Hacının büstünü  ucaltdırmışdı.

 

H.Z.Tağıyev Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qurulmasını sevinclə qarşılamış, məsləhət və yardımlarını əsirgəməmiş, hökumətin bütün xarici qonaqlarının öz malikanəsində qarşılanmasına və görüşünə şərait yaratmışdı. Bakı Dövlət Universitetinin təşkili məqsədilə tədris binalarının təmiri və avadanlıqların alınmasına maliyyə yardımı göstərmişdi...

 

Bir neçə kəlmə də bu böyük maarifpərvərin ailəsi və ailə həyatı haqqında demək istərdik.

 

Hacı iki dəfə evlənmişdi. İlk həyat yoldaşı Zeynəb xanımdan 3 övladı (İsmayıl, Sadıq və Xanım) olmuşdu. Böyük oğlu İsmayıl Rusiya II Dövlət Dumasına Bakı quberniyasından deputat seçilmişdi. Birinci arvadı dünyasını tez dəyişmişdi.

 

1896-cı ildə Hacı əslən Zaqataladan olan general Balakişi Ərəblinskinin qızı Sona xanımla evlənmiş, bu izdivacdan 5 övladı (Leyla, Sara, Sürəyya, Məhəmmədtağı, Məmmədkazım) dünyaya gəlmişdi, Sona xanım Bakı “Müqəddəs Nina” məktəbini bitirmiş, kübar hərbiçi ailəsindən çıxmış ziyalı qadın idi. Azərbaycanda qadın xeyriyyəçiliyinin əsasını qoyanlardan biri idi.  Mesenatlıq, xeyriyyəçilik sahəsində Hacının əsl silahdaşı idi. Ötən əsrin əvvəllərində Bakıda keçirilən bütün xeyriyyə gecələrinin təşkilində hər zaman fəallığı ilə seçilmişdi.  Çox təəssüf ki, sovet rejiminin təqibləri nəticəsində ruhi sarsıntılara məruz qalan Sona xanım 30-cu illərdə faciəli şəkildə həlak olmuşdu...

 

Hacının qızları - Leyla və Sara Peterburqda Smolnı Qızlar İnstitutunda yüksək təhsil almışdılar. Sovet dövrünün repressiyalarına tuş gələn Tağıyevlər ailəsinin üzvləri pərən-pərən salınmışdılar. Ən çox müsibətlərə düçar olan Sara xanım sovet dövründə bütün faciəli həyatını atasının həqiqi, təmiz adının bərpası uğrunda mübarizəyə həsr etmiş, H.Z.Tağıyevin maarifçilik fəaliyyətinə dair araşdırma aparsa da, istədiyinə nail olmamışdı. Sara xanım ömrünün son vaxtlarında Hacı haqqında həqiqətlərin yenicə meydana çıxdığı 1991-ci ildə 92 yaşında dünyasını dəyişdi. Taleyin işinə bax: Sara xanım anadan olduğu, 70 il həndəvərinə buraxılmadığı ata evindən - indiki Milli Azərbaycan Tarixi Muzeyi yerləşən binadan son mənzilə yola salındı, Mərdəkanda atasının yanında da dəfn edildi...

 

Atalar doğru deyib: “Haqq nazilər, ancaq üzülməz”. Həqiqətən də, səxavətli və maarifpərvər H.Z.Tağıyevin böyük adı və əməlləri kommunist rejimi tərəfindən nə qədər inkar edilsə də, saxtalaşdırılsa da, axırda yenə də haqq-ədalət zəfər çaldı, onun təmiz adı özünə qaytarıldı. Adının əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldı. Bu məqsədlə ölkənin bir sıra qəsəbə, küçə, məktəb və digər müəssisələrinə onun adı verildi, ümumtəhsil məktəb dərsliklərinə onun haqqında oçerklər daxil edildi.

 

Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yuxarıda deyildiyi kimi, son illərdə Mərdəkanda böyük mesenatın uyuduğu görkəmli din xadimi Axund Əbu Turabın məqbərəsi, bütövlükdə Pir Həsən Ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Hacının büstü, qəbirüstü abidəsi, vaxtilə təsisçisi və banisi olduğu bağçılıq məktəbinin (indiki 123 nömrəli orta məktəbin) ərazisi abadlaşdırıldı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə Hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi” də yaradıldı.

 

Bir tarixi həqiqəti də yada salmaq lazımdır ki, böyük neft sənayeçisi H.Z.Tağıyev tərəfindən vaxtilə neft gəlirlərindən xalqın maarifləndirilməsi və milli kadrların yetişdirilməsi yolunda XIX əsrin sonu - XX əsrin əvvəllərində ilk addımlar atılmışdı. Şükürlər olsun ki, bu mütərəqqi ənənə müstəqil Azərbaycanda müəllifi Ümummilli lider Heydər Əliyev olan  neft strategiyasında yenidən özünün parlaq ifadəsini tapdı.

 

Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən həmin strategiyanın əsas prioritet istiqamətlərindən biri “Qara qızıldan əldə edilən kapitalın ölkədə insan kapitalının inkişafına yönəldilməsi” sayılır. Bu istiqamətdə atılan uğurlu addımlar böyük mesenatın yüz il bundan əvvəlki arzularının çin olduğunu, nurlu ideyalarının reallaşdığını göstərir.

 

Vaxtilə H.Z.Tağıyev Vətənimizdə ilk dünyəvi milli qız məktəbinin açılması, eyni zamanda həmin məktəbdə ana dilinin tədrisi yolunda böyük maneələri, keçilməz sədləri dəf etmək zorunda qalmışdı. Nə xoşbəxtik ki, Hacının arzuladığı ana dilli dünyəvi məktəb, təhsil şəbəkəsi bu gün müstəqil Azərbaycanda tam reallığa çevrilib. Sevindirici haldır ki, bu gün sürətlə dünya təhsil məkanına inteqrasiya olunan Azərbaycanın təhsil sistemində ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq 5 prioritet istiqamətdə müasir təhsil sisteminin qurulması yönündə əsaslı islahatlar aparılır. Bütün bunlar böyük maarifpərvər H.Z.Tağıyevin vaxtilə arzuladığı ideyaların parlaq təntənəsidir. Hacı indi rahat uyuya bilər ki, millətlər arasında onun millətinin də imzası var və hər zaman da var olacaqdır...

 

Hesab edirik ki, Hacının böyük adı və maarifçilik sahəsində misilsiz əməlləri bu gün də yaşayır, onun təşəbbüsü və ya şəxsi vəsaiti hesabına Bakıda tikilən möhtəşəm binalar Azərbaycan təhsilinə, elminə və mədəniyyətinə ləyaqətlə xidmət edir.

 

Qürurvericidir ki, tezliklə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı tarixi Sərəncama uyğun olaraq müstəqil Azərbaycanın paytaxtı Bakıda böyük xeyriyyəçi, mesenat, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xalqımızın bir əsrə yaxın müddətdə gözlədiyi möhtəşəm abidəsi ucaldılacaq, tarixi ədalət zəfər çalacaq, bu məkan gənclərin ziyarətgahına çevriləcəkdir.

 

Əsgər QULİYEV,

Azərbaycan Respublikası Təhsil Nazirliyi Tədris resursları şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 

 

 


Bölmənin digər xəbərləri