Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirib.

 

Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli görkəmli ədibin həyat və yaradıcılığından danışaraq bildirib ki, o,  sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib. Ə.Haqverdiyevin Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışdığını vurğulayan  direktorun sözlərinə görə, nasirin  adının YUNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının yaradıcılığına verilən böyük dəyərdir.

 

Sonra institutun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ə.Haqverdiyevin diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

 

İnstitutun  Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov isə “Ə.Haqverdiyevin ictimai və fəlsəfi görüşləri” mövzusunda məruzəsində onun  dilçi, dramaturq, ədib, tərcüməçi və tənqidçi olduğunu vurğulayaraq bildirib ki,  cəmiyyətin dərdlərini görməsi, yazması, həmçinin, dövrünün problemlərini həll etməyə çalışması nöqteyi- nəzərindən Ə.Haqverdiyevi  mütəfəkkir- filosof da hesab etmək olar.

 

Daha sonra AMEA  Ədəbiyyat İnstitutunun əməkdaşları, aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları – Gülbəniz Qocayevanın “Ə.Haqverdiyevin həyatının bilinməyən tərəfləri”, Lütviyyə Əsgərzadənin “Haqverdiyevin dramaturgiyası” və digər məruzəçilərin mövzuya dair məruzələri təqdim olunub.

 

Çıxışlarda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə də yol açıb.