Bakı Dövlət Universitetində (BDU) imtahan sessiyası təsdiq olunmuş  imtahan cədvəlinə uyğun  onlayn qaydada şifahi formada davam edir. Bakalavriat səviyyəsinin I, II və III kurslarında, SABAH qruplarında, I kurs magistraturada, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr onlayn formada təşkil olunan yaz semestrinin imtahan sessiyasının ikinci həftəsində də aktiv iştirak ediblər.

 

İmtahanların gedişi, tələbələrin fəallığı, universitetin imtahan sessiyasının səmərəli və şəffaf, obyektiv keçirilməsi üçün atdığı addımlar barədə akademik heyət öz fikirlərini bölüşüb.

 

BDU-nun cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov onlayn imtahan sessiyası haqqında danışarkən qeyd edib ki, universitetin mexanika-riyaziyyat fakültəsində də yay imtahan sessiyası tələbələrin fəal iştirakı ilə onlayn şəkildə davam edir və professor-müəllim heyəti tələbələrə humanist, qayğıkeş münasibət göstərir.

 

A.Səlimov imtahanların uğurlu təşkil edilməsi məqsədilə bütün şəraitin yaradıldığını, fakültələrin veb səhifələrində elektron mühazirə mətnlərinin yerləşdirildiyini bildirib. O, həmçinin imtahandan əvvəlki günlərdə onlayn məsləhət saatlarının təşkil edildiyini və Microsoft Teams platformasının tədris prosesinin məsafədən idarə edilməsi üçün verdiyi bütün imkanlardan istifadə olunduğunu vurğulayıb. Kafedra müdiri kimi özünün də imtahan prosesinə onlayn qoşularaq, sessiyanın şəffaf həyata keçirildiyinin şahidi olduğunu qeyd edib.

 

Jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirova tədris prosesinin mövcud şəraitə uyğunlaşdırılması, müasir tələblər səviyyəsində qurulması səbəbindən yaddaş təhsilindən təfəkkür təhsilinə keçid zərurətinin yarandığını söyləyib. O, bu baxımdan, BDU-da pandemiya şəraitində həyata keçirilən təhsil prosesinin çox təqdirəlayiq olduğunu bildirib. Onlayn formada reallaşan imtahanların, mart ayının ortalarından davamlı şəkildə həyata keçirilən onlayn dərslərin mütəşəkkil təşkil olunduğunu qeyd edib. A.Nəsirovanın fikrincə, tələbələrin fənləri yüksək səviyyədə qavramaları, sualları elmi şəkildə cavablandırmaları distant və ya rəqəmsal təhsilin müsbət nəticə verən, ürəkaçan olduğunu sübut edir. O, jurnalistika fakültəsində iki imtahan keçirdiyini və tələbələrin hazırlıq səviyyəsindən çox razı qaldığını bildirib.

 

Ekologiya və torpaqşünaslıq fakültəsinin torpaqşünaslıq kafedrasının müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru Günel Əhmədova ölkəmizin bütün sahələrində, o cümlədən təhsil sahəsində virtuallaşma prosesinin getdiyini söyləyərək,   BDU-da da  Microsoft Teams  platformasının geniş imkanlarından istifadə olunduğunu,  imtahanların onlayn şəkildə yüksək səviyyədə keçirildiyini, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılmasının uğurla davam etdirildiyini vurğulayıb.  

 

Geologiya fakültəsinin hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Ələkbər Mirzəyev imtahan sessiyasının gedişində tələbələrin onlayn tədris prosesində əldə etdikləri bilik və bacarıqların nümayişi üçün həm universitet rəhbərliyi, həm də fənn müəllimləri tərəfindən şəffaf imtahan mühitinin yaradılmasının müsbət amil olduğunu bildirib.  Auditoriyada mühazirə oxumağın gözəlliyini heç nəyin əvəz edə bilmədiyini vurğulayan Ələkbər Mirzəyev, onlayn platforma sayəsində tələbələrlə onlayn dərs mühitinin rahat formada qurulduğunu qeyd edib. İmtahan prosesində imtahan götürən müəllimlə birlikdə imtahana nəzarət edən kafedra müdirinin də mövzular ətrafında müəyyən suallar verdiyini deyən Ə.Mirzəyev, bunun tələbənin bilik səviyyəsini bir daha nümayiş etdirməsinə şərait yaratdığı fikrindədir. O, Bakı Dövlət Universitetinin gələcəkdə zərurət yaranarsa, onlayn tədrisdə daha mütərəqqi metodlardan istifadə etməklə tədris prosesinin maksimum yerinə yetirilməsi, bilik və peşə vərdişlərinin tələbələrə daha müasir metodlarla çatdırılmasında böyük nailiyyətlərə imza atacağına əminliyini ifadə edib.