Azərbaycan Milli Elmlər Akademiyaası (AMEA) Botanika İnstitutu nəzdində yaradılan və respublika üzrə 12 təşkilatı təmsil edən Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI) təşkilatına üzv seçilib.

 

Qeyd edək ki, BGCI 1987-ci ildən dünyanın 100-dən çox ölkəsinin botanika sahəsi üzrə çalışan təşkilatlarını bitki mühafizəsi üçün qlobal bir şəbəkədə birləşdirir və təmsil edir. Əsas ofisi Böyük Britaniyada yerləşir və ABŞ, Çin, Kenya, Rusiyada regional offisləri fəaliyyətt göstərir.

 

Təşkilatın  mühüm və prioritet məqsədləri bitki mühafizəsi istiqamətində innovativ, strateji layihələrin təşkili və idarə edilməsi, bitki müxtəlifliyinin təmin edilməsi üzrə tərəfdaş və üzvlərin cəlb edilməsi, Botanika bağlarında və daha geniş cəmiyyətdə əlaqələrin yaradılması, bitki qorunması potensialının genişləndirilməsi, müasir çağırışlara cavab verən fəaliyyətin dəstəklənməsindən ibarətdir.

 

İnstitutdan bildirilib ki,  ABC (https://www.botanysociety.az) Azərbaycan botaniklərini dünya Botanika cəmiyyətinə cəlb etməyi və gələcək inkişaf üçün faydalı olan BGCI-nin xidmətlərindən məqsədyönlü istifadə etməyi nəzərdə tutur. Həmçinin, beynəlxalq əlaqələrin və müştərək layihələrin genişləndirilməsi istiqamətində fəal, uğurlu addım hesab edilən bu müsbət  hadisə olduqça aktualdır, çünki cəmiyyət  regionun botaniklərinin əksəriyyətini birləşdirir. Beləliklə, strateji əhəmiyyətli bioloji müxtəlifliyin mühafizəsi istiqamətində çalışan Azərbaycan botaniklərini dünya Botanika cəmiyyətinə cəlb etmək və gələcək inkişaf üçün vacib olan BGCI-nin xidmətlərindən faydalanmaq yeni imkanlar açır.