Kimya üzrə fəlsəfə doktoru, dosent Vaqif Həsənovla 1967-ci ilin avqustunda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) təbiət-kimya fakültəsinə qəbul olunmaq üçün  Kimya ixtisası üzrə qəbul imtahanında iştirak edərkən tanış oldum.

 

Hər ikimiz orta məktəbi qızıl medalla bitirdiyimizə görə əsas korpusun III mərtəbəsində, 71 nömrəli auditoriyada imtahan verirdik. İmtahanda rektor Şövqi Ağayev, universitet partiya komitəsinin katibi Mürsəl Əliyev, analitik və fiziki-kolloid kimya kafedrasının müdiri, professor Allahverdi Verdizadə, üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri Əbdül Rzayev iştirak edirdilər. İkimiz də imtahandan “əla” qiymət alaraq universitetə qəbul olunduq.  Vaqif  Həsənov 331-ci, mən isə 332 –ci qrupda təhsil almağa başladıq. Təhsil aldığımız ilk illərdən onun oxumağa, öyrənməyə nə qədər həvəsli və maraqlı  olduğunu gördüm...

 

V.Həsənov 1950-ci il avqustun 1-də Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselo rayonunun Toxluca kəndində müəllim ailəsində  anadan olub. Orta məktəbi qızıl medalla bitirib.1967-1971-ci illərdə ADPU-nun kimya fakültəsində təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

 

O, tələbəlik illərində əla oxumaqla yanaşı, fakültənin və universitetin ictimai həyatında fəal çalışıb; elmi işə böyük maraq göstərib; 1971-ci ildə keçirilən elmi konfranslarda elmi məruzə ilə çıxış edib, iki tezisi çap olunub.

 

1971-ci ildə ADPU-nun üzvi kimya və kimya texnologiyası kafedrasına laborant vəzifəsinə qəbul olunub.  1972-1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. Hərbi xidməti illərində dəfələrlə fəxri diplomlara layiq görülüb və hərbi hissənin qəzetində onun haqqında yazılar dərc edilib. Ordudan tərxis olunduqdan sonra- 1973-cü ildə üzvi kimya və kimya texnologiyası kafedrasında laborant işləməklə Üzvi kimya ixtisası üzrə aspiranturanın qiyabi şöbəsinə qəbul olunub. 1984-cü ildə “Əvəzlialkanollar və arilizosianatlar əsasında karbamin turşusunun törəmələrinin sintezi və xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi (indi kimya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.1976–1989-cu illərdə üzvi   kimya    tədris laboratoriyasının müdiri, 1989–2011–ci illərdə “Yeni bioloji aktiv birləşmələr” elmi-tədqiqat laboratoriyasının müdiri,1991-1993-cü illərdə kafedrada   baş müəllim,1993-cü ildən dosent,1997-ci ildən ADPU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, universitet Elmi Şurasının və  Təhsil Nazirliyinin Elm İdarəsi yanında Elmi-Metodik Şuranın üzvü olub.

 

1999-2004-cü illərdə ADPU-nun elmi katibi və Tədris–metodiki şöbəsinin müdiri, 2004-2011-ci illərdə üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri, 2006-2016-cı illərdə isə kimya fakültəsinin dekanı, fakültə Elmi Şurasının sədri, universitet Elmi Şurasının üzvü, 2013-2016-cı illərdə Təhsil Nazirliyinin kurikulum proqramı üzrə Dərslikləri Qiymətləndirmə Şurasının  ( kimya  fənni üzrə)  üzvü, 2005-ci ildə Təhsil nazirinin əmri ilə Gəncə Dövlət Universitetində (GDU) Kimya ixtisası üzrə  Yekun Buraxılış Dövlət  Attestasiyası Komissiyasının sədri olub. Müxtəlif illərdə Təhsil nazirinin əmri ilə Bakı Dövlət Universitetində (BDU) və Qərbi Kaspi Universitetində Attestasiya və Akkreditasiya Komissiyasının işində üzv kimi fəal iştirak edib. 2007-2009-cu illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ( indiki DİM) ADPU üzrə Sənəd Qəbulu Komissiyasının məsul katibi, 2010-2013-cü illərdə  həmin komissiyanın məsul katibinin müavini olub. Onun rəhbərliyi ilə 2000-2017-ci illərdə 23 nəfər magistrlik dissertasiyası müdafiə edib.

    

5 nəfərin Üzvi kimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin rəsmi opponenti olub. Türkiyə Respublikasının Ankara şəhərində Hacettepe Universitetində keçirilmiş “ Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda II beynəlxalq simpoziumda (2010) iştirak edib.

     

İstedadlı və tanınmış kimyaçı alim 350 elmi-metodik əsərin, o cümlədən 141 məqalənin (xaricdə 47,respublikada 94),84 tezisin (xaricdə 4,respublikada 80),1 dərsliyin, 9 dərs vəsaitinin, 25 metodik vəsaitin, 61 fənn proqramının (bəziləri təkrar nəşr olunub), 19 ixtira üçün alınmış Müəlliflik Şəhadətnaməsinin və 5 Azərbaycan Patentinin müəlliflərindən biridir.

 

Universitetin Tədris-metodiki şöbəsinin müdiri və fakültə dekanı  işlədiyi vaxtlarda həmişə təhsilin dövlət standartlarının və tədris planlarının hazırlanması komissiyalarının işində fəal iştirak edib.Təkcə onu qeyd etmək istərdim ki, kimya fakültəsinin dekanı işlədiyi illərdə onun tərəfindən  2006, 2009 və 2014-cü illərdə iki ixtisas üzrə təhsilin dövlət standartları, tədris planları hazırlanıb və hazırda Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi ixtisaslarında 2014-cü ildə təsdiq edilmiş tədris planları əsasında tədris aparılır.

  

V.Həsənov 2004-cü ildə “XXI əsrin tanınmış alimi” Beynəlxalq diplomu, 2006-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2012-ci ildə Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə təltif olunub.

 

2012-ci ildə Prezident  İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Ailəlidir. 3 övladı var...

 

1971-ci ildə təyinatla Naxçıvana müəllim işləməyə göndərildim, sonradan Bakıya köçdüyüm 1984-cü ildə Vaqif müəllimlə universitetdə yenidən qarşılaşdıq. Onunla bir kafedrada işə  başladım. Öz işinə olduqca bağlı, nizam-intizamlı, məsuliyyətli bir insandır. 1985-ci ildə yeni korpusa köçdükdə, kimya laboratoriyalarını qurmaq və təсhiz etmək bizim üzərimizə düşmüşdü. Böyük zəhmət və əziyyətlə də olsa, bu işin öhdəsindən layiqincə gəldik. Bu işdə tədris laboratoriyasının müdiri kimi Vaqif müəllimin zəhməti və fədakarlığı hamıdan çox oldu. Onun belə  fəaliyyəti hər zaman ön planda olub, bu gün də ön plandadır. Hazırda analitik və üzvi kimya kafedrasının dosenti kimi uğurlu elmi-pedaqoji fəaliyyət göstərir.

      

Avqustun 1-də Vaqif Həsənovun 70 yaşı tamam olur. Ömrün müdrik dövrünü yaşayan Vaqif müəllimi 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibəti ilə kafedranın əməkdaşları adından  ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.

 

İsa Cəfərov,

ADPU-nun  analitik və üzvi kimya  kafedrasının dosenti

 



Bölmənin digər xəbərləri