Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  Coğrafiya İnstitutunda karantin şəraitinə uyğun olaraq Skype  vasitəsilə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.

 

Dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və AMEA Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.

 

İclasda magistrantlar – Landşaftşünaslıq  ixtisası üzrə Yeganə İbadlı “Lənkəran təbii vilayəti landşaftlarına antropogen təsirlərin ekoloji qiymətləndirilməsi” və Fiziki okeanologiya  ixtisası üzrə İradə Əhlimanova “Xəzər dənizinin səviyyə tərəddüdlərinin Qızılağac körfəzinin hidrometeoroloji şəraitinə təsirinin tədqiqi” mövzularında dissertasiya işlərini təqdim ediblər.

 

Müzakirələrdən sonra  səsvermə keçirilib və dissertasiya işləri qiymətləndirilib. Nəticələrə əsasən, magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.