Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı onlayn formatda keçirilmiş VIII Məzun-Karyera sərgisinin nəticələrini açıqlayıb.

 

Qeyd edək ki, iyunun 11-də koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi şərtlərinə uyğun olaraq ilk dəfə ADNSU-da onlayn formatda VIII Məzun-Karyera sərgisi keçirilib. Təhsil və Energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən sərgiyə 37 dövlət qurumu və şirkət tərəfindən 217 vakant iş yeri çıxarılmışdı.

 

VIII Məzun-Karyera sərgisinin  nəticələrini ADNSU-nun rəsmi facebook səhifəsi üzərindən açıqlayan rektor  career.asoiu.edu.az saytında yerləşdirilmiş 217 vakant iş yeri üçün universitetin tələbə və məzunları tərəfindən 1260 CV-nin göndərildiyini bildirib.

 

Qida Təhlükəsizliyi Agentliyi, Bakı Abadlıq” MMC, “Azərişıq” ASC, “AzerGold” QSC, Socar-AQŞ və digər qurumların təqdim etdikləri vakant yerlərə tələbələrin böyük marağını vurğulayan M.Babanlı artıq bəzi müəssisələrin tələbələrlə müsahibələrə start verdiyini, “Azərişıq” ASC-nin isə 8 nəfər tələbəni daha sonra daimi işə qəbul məqsədilə təcrübəyə cəlb etdiyini söyləyib.

 

Rektor qlobal pandemiya ilə mübarizə şəraitində keçirilən VIII Məzun-Karyera sərgisində iştirak edən bütün şirkət və qurumlara təşəkkürünü bildirib, bütün tələbə və məzunlara uğurlar arzulayıb.

 

Xatırladaq ki, iyunun 11-də sərginin açılışı zamanı career.asoiu.edu.az saytının təqdimatı olub. Tələbə və məzunlar career.asoiu.edu.az linki vasitəsilə sayta daxil olaraq vakant yerlərlə tanış olduqdan sonra müvafiq şirkət və vəzifəni seçib CV-lərini göndəriblər. Hazırki nəticələr tələbələri yeni iş yerləri və vakansiyalar barədə məlumatlandıran saytda iki həftə ərzində olunan müraciətlərdir. Sayt daimi əsaslar üzrə fəaliyyət göstərir, mütəmadi olaraq ADNSU-nun tərəfdaşı olduğu müəssisə və qurumların vakant iş yerləri barədə informasiyası sayta əlavə olunacaq. Yaranan suallarla bağlı ADNSU-nun tələbə və məzunları universitetin İctimaiyyətlə əlaqələr və marketinq departamenti ilə əlaqə saxlaya bilər.