Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş  iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsinin həmmüəllifi, dosent Mirnuh İsmayılov Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması  ilə bağlı Əlaqələndirmə Qrupunun onlayn iclasının iştirakçısı olub.

 

Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə keçirilən iclasda bir sıra dövlət qurumları və nazirliklərin, eləcə də AMEA-nın nümayəndələri iştirak ediblər. Tədbirdə  Senday çərçivə proqramına dair veb-saytın  təqdimından sonra sənədə dair Milli Strategiyanın yaradılması və hazırlanma mərhələləri müzakirə edilib. Tədbirdə  müvafiq dövlət qurumları nümayəndələrinin təklifləri dinlənilib, maraq doğuran suallara cavablar səsləndirilib. Bildirilib ki, Senday çərçivə sənədinə dair Milli Strategiyanın hazırlanması üç mərhələdə həyata keçiriləcək.