Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

 

İnstitutun elmi katibi, dosent Əhməd Qarayev alimin həyat və fəaliyyətindən, onun kimya elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, H.Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Onun rəhbərliyi ilə metallurgiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvari reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənilib hazırlanmış və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir.

 

Qeyd olunub ki, akademikin apardığı elmi və praktiki araşdırmaların nəticələri onun “Zəylik yatağı süxurlarından alüminium duzlarının alınması”, “Alunitin kompleks emalından qalliumun alınması”, “Maqnezium və kalsiumun arsenat metodu ilə təyini”, “Miqdari kimyəvi analiz” və digər əsərlərində yer alıb. 7 monoqrafiya və dərsliyin, 380 elmi əsərin müəllifi olan akademikin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru hazırlanıb.

 

Məruzəçi bildirilib ki, kimyaçı alimin “Miqdari kimyəvi analiz” kitabı bu gün də elmi işçilərin, pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislərin və tələbələrin stolüstü dərs vəsaitlərindən biridir.

 

Daha sonra institutun böyük elmi işçisi, dosent Aliyə Rzayeva “Akademik Həbibulla Şahtaxtinskinin həyatı”, Əhməd Qarayev “Həbibulla Şahtaxtinskinin analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinin həlli yolları sahəsində yaradıcılığı” və Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, dosent Qorxmaz Hüseynov “Akademik Həbibulla Şahtaxtinskinin “Miqdari kimyəvi analiz” kitabının əhəmiyyəti haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Tədbirin sonunda institutun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev alimlə bağlı xatirələrini bölüşüb.