Bakı Dövlət Universitetində (BDU) geologiya fakültəsinin təşkilatçılığı ilə “Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova fakültədə aparılan elmi tədqiqatlar və nailiyyətlər, onların mühüm nəticələri barədə məlumat verib.

 

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov geologiya fakültəsinin elmi uğurlarından danışaraq, fakültədə aparılan elmi-tədqiqat işlərinə, fakültənin qazandığı nailiyyətlərə diqqət çəkib.

 

Daha sonra Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin geoloji kəşfiyyat işləri üzrə meneceri, yer elmləri üzrə fəlsəfə doktoru Anar Vəliyev “Müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə Gədəbəy filiz rayonunda kəşf olunmuş yataqlar” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə Gədəbəy filiz rayonunda son vaxtlar müasir filizəmələgəlmə modellərinin və axtarış-kəşfiyyat üsullarının tətbiqi ilə kəşf olunmuş - Qədir, Uğur yataqları barədə, bərk faydalı qazıntı yataqlarının genezisinin, əmələgəlmə və yerləşmə qanunauyğunluqlarının, filizdaşıyan metasomatik dəyişilmələrin araşdırılması, gizli filiz kütlələrinin birbaşa axtarışı və proqnozlaşdırılması ilə bağlı ətraflı məlumat verilib.

 

Geologiya-mineralogiya elmlər doktoru, professor Vasif Babazadə geologiya ixtisası üzrə təhsil alan tələbə-gənclərin geologiya ilə bağlı biliklərinin inkişaf etdirilməsi, onların geoloji tədqiqatlarda istifadə olunan mütərəqqi yanaşma və metodologiyalarla tanış edilməsi, bu istiqamətdə hazırlanmış yeni cihaz və avadanlıqlarla tanışlıq, həmçinin çöl-tədqiqat işlərində müəyyən vərdişlərin formalaşdırılması kimi məsələlərə aydınlıq gətirib.

 

Elmi seminara qoşulan BDU-nun rektoru Elçin Babayev elm və texnikanın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi həyata keçirilən islahatların əsas prinsipləri sırasındadır. Ölkəmizdə geologiya elminin inkişafından söz açan rektor əlavə edib ki, geologiya fakültəsi geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin,  geoloji proseslərin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərinin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə mühüm töhfələr verib.