Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2019-2020-ci tədris ili məzunlarının buraxılış mərasimi keçirilib.

 

“Məzun günü” rektorluq, fakültə dekanları, ayrı-ayrı fakültələrin tələbələri və  universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri ilə “Zoom” proqramı üzərindən online təşkil edilib.

          

Tədbir iştirakçıları əvvəlcə universitetə həsr olunmuş videoçarxı izləyiblər. Mərasimi davam etdirən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova  zəngin elm və təhsil ənənələrinə malik universitetin həyatında 45-ci buraxılış gecəsinin ötən illərdən fərqli olaraq yeni formatda keçirildiyini, pandemiya dövrünə uyğun virtual şəkildə təşkil olunduğunu vurğulayıb. Rektor  məzun adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzulayıb. G.Məmmədova  builki məzunların təhsildəki nəticələrindən  və universitetin ictimai həyatındakı uğurlu fəaliyyətlərindən də  danışıb. O  qeyd edib ki, başa çatan  tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1314 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 251 nəfər olmaqla, cəmi 1565 gənc bitirir. “Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib; bakalavr tələbələrimizdən 5, magistr tələbələrimizdən isə 22 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Sudan, Çin, Rusiya və Özbəkistandan 60 məzun var”.

          

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən,  universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən məzunların adları çəkilib, rektorun həmin tələbələrin valideynlərinə ünvanlanmış təbrik məktubu oxunub.

         

BP-nin Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PMD Projects MMC-nin direktoru Dəyanət Sadullayev məzunları təbrik edib, onlara  özlərini inkişaf etdirmək üçün səylə çalışmağı, çətinliklərdən qorxmamağı tövsiyə ediblər.  

          

Universiteti fərqlənmə diplomu ilə bitirən memarlıq fakültəsinin tələbəsi Lalə İskəndərli, Türkmənistandan olan əcnəbi tələbə Lalə Xanhüseynova tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə  əhatələndiklərini söyləyərək, universitet rəhbərliyinə bütün məzunlar adından təşəkkürlərini bildiriblər.