Paytaxt məktəbliləri nüfuzlu xarici təhsil müəssisələrinə dəvət olunub.

 

 

Bakı şəhəri 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanovanın onlayn formada keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğur qazanaraq, "Volfram tədqiqat mükafatı"na layiq görülmüş "Baykal başlıqotu dərman bitkisində gümüş nanohissəciklərinin sintezi və onların antioksidant, antibakterial aktivliyi" mövzusundakı tədqiqat işi ABŞ təhsil müəssisələrinin diqqətini cəlb edib.

 

Belə ki, Alabama Universitetinin nəzdində fəaliyyət göstərən Birminqem Sənət və Elm Kollecindən, eləcə də Milvauki Mühəndislik Məktəbindən N.Alşanovaya təhsilini və tədqiqatını davam etdirmək üçün dəvət gəlib. Eyni zamanda tədqiqatyönlü ali təhsil müəssisələri olan Renseiler Politexnik İnstitutu, Templ Universiteti və Florida Texnologiya İnstitutu da N.Alşanovanı tədqiqatını inkişaf etdirmək üçün yaradıcılıq və araşdırma düşərgələrinə dəvət ediblər.

 

175 nömrəli tam orta məktəbin digər şagirdi Angelina Şevlyakova isə onlayn qaydada keçirilmiş rus dili üzrə beynəlxalq olimpiadanın qalibi olub və I dərəcəli diploma layiq görülüb. Bu uğuruna görə A.Şevlyakova Sankt-Peterburq Universiteti tərəfindən humanitar ixtisaslar üzrə təhsil almağa dəvət edilib.

 

Hər iki məktəblini təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.