Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə "Virtual BİR mən" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır.

 

“Virtual BİR mən” layihəsinin ilk vebinarı Ümumdünya Səhiyyə Təşkilatının ( World Health Organization Azerbaijan ) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BMT könüllüsü Fənarə Bünyadzadənin iştirakı ilə "Beynəlxalq könüllülük" mövzusunda keçirilib. 100-dən çox tələbə-könüllünün iştirak etdiyi vebinarda könüllülülərin beynəlxalq arenada təmsilçiliyi, BMT könüllüləri haqqında məlumat verilib və tələbə-könüllülərin sualları cavablandırılıb.

 

Onlayn layihə çərçivəsində tələbə-könüllülər üçün peşəkar təlimçi və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə təlim, vebinar və görüşlər keçiriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24.000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.