Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən azərbaycanlı magistr və doktorantlara 2020-ci il üçün ayrılmış təqaüdlər təqdim olunub.

 

Qeyd edək ki, bu il DAAD fərdi proqramları çərçivəsində Azərbaycanda istedadlı tələbə və tədqiqatçılara 23 magistr və 9 tədqiqat təqaüdü verilib ki, onlardan 5 təqaüdçü Bakı Dövlət Universitetinin (BDU) məzunlarıdır.

 

BDU-dan bildirilib ki, Adobe Connect platforması üzərindən onlayn qaydada təşkil olunan mükafatlandırma mərasimində Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri və nümayəndələri iştirak edib. 

 

BDU-nun rektoru Elçin Babayev çıxış edərək elm və təhsil sahəsində Azərbaycan-Almaniya münasibətlərinin hazırkı yüksək səviyyəsində DAAD-ın xüsusi rolunu vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq elmi mübadilə, həmçinin birgə elmi layihələrin həyata keçirilməsinə münbit şərait yaradır. Rektor dost ölkədə təhsil alacaq və tədqiqat aparacaq təqaüdçülərə uğurlar arzulayıb. 

 

DAAD tərəfindən BDU məzunları - Fatimə Dəmirli, Günay Osmanova, Murad Talıbov magistr təhsili təqaüdü, Səbinə Fərzəliyeva və Elmir Xəlilov isə doktorantura təhsili təqaüdü alıblar.