Azərbaycan Milli Elmlər Akademiyasının  Aşqarlar Kimyası İnstitutu (AKİ) Hindistanın Kimya Texnologiyaları İnstitutunun Üzvi sintez , kimya prosesi departamentinin Təbii məhsullar və yaşıl kimya tədqiqat bölməsi ilə elmi əməkdaşlıq edəcək.

 

İnstitutdan bildirilib ki,  Təbii məhsullar və yaşıl kimya tədqiqat qrupunun rəhbəri Sadu Naqesvara elmi əməkdaşlığa dair AKİ rəhbərliyinə müraciət edib. O qeyd edib ki, zərif üzvi və fizioloji fəal maddələrin sintezi və tətbiqi yollarının müəyyənləşdirilməsində qarşılıqlı əməkdaşlıq yüksək nəticələr verəcək və tərəflər üçün faydalı olacaq.

 

Qeyd edilib ki, Təbii məhsullar və yaşıl kimya tədqiqat bölməsi heterotsiklik makromolekulların sintezi və tədqiqi sahəsində beynəlxalq layihələr həyata keçirib. Bu qrupun apardığı tədqiqatlar və əldə etdiyi elmi nəticələr dünyanın müxtəlif nüfuzlu jurnallarında silsilə məqalələr şəklində yayımlanıb.