İnternatura diplomdansonrakı kadr hazırlığının etibarlı vasitəsi kimi


Respublikamızda təhsilin, o cümlədən ali təhsilin  inkişaf etdirilməsi, onun dünyanın qabaqcıl ölkələrinin təhsil sistemləri səviyyəsinə gətirilməsi istiqamətində səmərəli tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin milli təhsilimizin təkmilləşdirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin müvafiq qərarları, Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti deyilənlərə əyani sübutdur.  Yeni pedaqoji təfəkkür şəraitində yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması ali təhsilin qarşısında dayanan mühüm vəzifələrdən biridir.   Bəzi xarici ölkələrdə müəllim kadrlarının hazırlanması məqsədilə pedaqoji internaturanın imkanlarına müraciət edirlər. Biz bu məqalədə həmin imkanları araşdırmağı, pedaqoji internaturanın mahiyyətini, məqsəd və vəzifələrini, fəaliyyətinin əsas istiqamətlərini, işinin məzmununu, xarici təcrübəni, internaturaya qəbul qaydalarını və s. diqqət mərkəzinə gətirməyi qarşımıza məqsəd qoymuşuq.

 

İnternatura gənc mütəxəssisə ümumtəhsil məktəbində və digər təhsil ocaqlarında müvafiq vəzifəni tutmaq üçün imkan və şərait yaradır.

 

İnternaturaya  diplomdansonrakı təhsil forması olmaqla, pedaqoji universitet və institutların, habelə ali təhsil müəssisələrinin pedaqoji fakültələrinin məzunları cəlb edilməlidirlər.

 

İnkişaf etmiş ölkələrdə pedaqoji internatura

 

Pedaqoji internatura dedikdə, ali təhsil müəssisəsi  şəraitində yenicə fəaliyyətə başlayan müəllimin təcrübə (stajirovka) və adaptasiya dövrü başa düşülür ki,  bu təcrübəkeçmə nəticəsində   məzun tədricən nəzəri pedaqoji kursdan müəllim-peşəkar səviyyəsinə yüksəlir.

 

İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçir, yəni müəllim fəaliyyətinə başlamaq üçün lisenziya alırlar. Müasir  Rusiyada müəllim hazırlığı  iki istiqamətdə gedir: “Pedaqoji təhsil” və “Psixoloji-pedaqoji təhsil”. Bu hazırlıq iki standarta uyğun gəlir: ali təhsilin akademik standartına və peşə standartına. Ali təhsilin akademik standartını ali təhsil haqqında diplom (bakalavr, magistr) təsdiq edir. 

 

Bəzi ölkələrdə internatura 1, bəzilərində 2 il ərzində tətbiq edilir.  Tədqiqatlardan görünür ki, inkişaf etmiş ölkələrin bəzilərində pedaqoji internatura təcrübəsinin aşağıdakı adları mövcuddur: məktəbdə işin sınaq ili (Böyük Britaniya); məktəbdə işin birinci ili (Yaponiya); referendariat (Almaniya); peşəyə giriş proqramı (Kanada); internatura (ABŞ).

 

Böyük Britaniya

 

Böyük Britaniyanın universitetlərində təhsil sahəsində bakalavriat dərəcəsi alan  şəxslər üçün tədris prosesi 4 il davam edir. Tələbələrin təlim prosesində pedaqoji təcrübəsi 1 il təşkil edir. Pedaqoji təcrübənin əsas hissəsi təlimin yekun mərhələsində aparılır. Universiteti bitirdikdən sonra pedaqoji ali məktəbin hər bir məzunu üçün bir il müddətində işə girəcəyi  təhsil müəssisəsində, məktəbdə  stajkeçmə (“Vəzifəyə giriş”) müəyyənləşdirilir. Bu müddət ərzində onun fəaliyyəti üzərində Təhsil və Elm Nazirliyi inspektorunun müşahidəsi (nəzarəti) həyata keçirilir və o, “stajorun pedaqoji fəaliyyətə cəlb olunmasının məqsədəuyğunluğuna dair yekun rəy verir”.

 

Böyük Britaniyada pedaqoji ali məktəbləri bitirənlər uzun illər müəllimlik edirlər. Həm də Britaniya məktəblərində  sınaq dövründə çalışan gənc mütəxəssis xüsusi dəstək alır: onun tədris yükü azaldılır ki,  planlaşdırma və təlimin səmərəli təşkili üsullarına yiyələnməsi üçün  vaxtı qalsın.

 

Fransa

 

Fransada müəllimlərin hazırlanması üzrə universitet (institut) hazırkı vəziyyətində məktəbəqədər təhsil müəssisələri, ibtidai və orta məktəbi (liseylərin yuxarı sinifləri də daxil olmaqla), peşə liseylərini kadrlarla təmin edir,  sinifdənxaric iş üzrə direktor müavinlərini, əqli cəhətdən geridə qalan uşaqlarla iş üzrə müəllimləri, fiziki qüsurları olan uşaqlarla işləyəcək müəllimləri hazırlayır. Bundan başqa, institutlar akademiya (departamentin təhsil fəaliyyəti mərkəzi) ilə birlikdə müəllimlərin ixtisaslarının fasiləsiz yüksəldilməsi prosesində iştirak edirlər.

 

İnstitutda təhsilə universitetin iki kursunu müvəffəqiyyətlə bitirib ali təhsil alan şəxsləri (belə olan təqdirdə onlar təhsil zamanı üçüncü universitet ili üçün imtahan verməyə borcludurlar) və ya   üçillik universitet təhsili alan məzunları  qəbul edirlər. İnstituta daxil olmaq istəyənlərin təhsil səviyyəsinə verilən tələblərdəki belə azadlıq imkan verir  ki, onlar öz imkanlarını (həm də maddi) ölçüb-biçsinlər.

 

Təhsil iki ildir: birinci ilk, əsasən seçilən ixtisas üzrə məşğələlərə, yekun müsabiqə imtahanına hazırlığa həsr olunur. İmtahanın müvəffəqiyyətlə verilməsi tələbələrə ikinci kursa keçməyə imkan yaradır;  təhsilin ikinci ili isə, peşə-pedaqoji hazırlığa həsr edilir. Təhsilin ikinci ilində başlıca yer məktəbdə təcrübəyə ayrılır. Təxmini dərs cədvəli belədir ki, təcrübəçi 3-4 gün məktəbdə olur (həmin günlər: bazar ertəsi, çərşənbə axşamı, cümə və bəzən də şənbə); çərşənbə, yaxud cümə axşamı fransız məktəbində qeyri-iş günü olduğundan həftənin həmin günlərində təcrübə keçənlər   institutda məşğələlərdə iştirak edirlər.  Beləliklə, stajorlar daim məsləhət almaq imkanına malik olur və müəllimlər tərəfindən dəstək alırlar.

 

Yeni pedaqoji fəaliyyətə başlayan müəllimlər tam stavkada işləyir, fəqət əmək fəaliyyətinin birinci ilində məktəbdə həftədə iki gün onlara fərdi məsləhət təşkil olunurdu.  Müəllim-hamilər təhkim olunduqları gənc müəllimlərə zəruri köməyi göstərir, lakin sinifdə onların işinə qiymət vermirdilər.

 

ABŞ

 

ABŞ-ın ali məktəblərində müəllim hazırlığı ümumi təhsili, fənn ixtisaslaşmasını və peşə-pedaqoji biliklər sistemini əhatə edir.  Tədris planlarının və  ayrı-ayrı fənlərin proqramlarının məzmunu, həmçinin onların öyrənilmə ardıcıllığı ayrı-ayrı ali məktəblərdə müxtəlifdir, bir-birindən əsaslı şəkildə fərqlənir. Universitetlərin bir çoxunda və humanitar kolleclərdə məzunların  birillik stajirovka təcrübəsindən istifadə olunur. Bu kurs ali təhsil almış şəxslər üçün nəzərdə tutulur.

 

ABŞ-ın bəzi ştatlarında məktəbdə işləmək istəyən, lakin xüsusi pedaqoji hazırlığa malik olmayan şəxslər üçün alternativ pedaqoji tədris proqramları mövcuddur. Alternativ proqramlar  təcrübəli müəllimlərin rəhbərliyi ilə və “Pedaqoji ustalıq” təlimi kursu üzrə məktəbdə 1-2 illik işi nəzərdə tutur.

 

Yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında çalışan müəllimlər-internalar həm xüsusi hazırlığın yekunlaşdırıcı, həm də  praktik pedaqoji fəaliyyət mərhələlərində olurlar. Yenicə işə başlayan müəllimlərin ixtisaslaşması təhsilin peşə sahələri subyektlərinin qarşılıqlı əlaqəsindən asılıdır. Bu qarşılıqlı fəaliyyət özündə aşağıdakıları birləşdirir: müəllim-hami internaya gündəlik və həftəlik  kömək edir, amma yenicə işə başlayan müəllimlə onun işi  tədris yükünə daxil olur, əlavə vəzifə kimi nəzərdən keçirilmir;  yüksəkixtisaslı müəllim-hamilər ali pedaqoji məktəblərdə 3 il işləyirlər. Ali məktəblərin professor-müəllim heyəti və məktəblərin metodistləri birlikdə internaturanın proqramını hazırlayır və yenicə işə başlayan müəllimlər üçün müxtəlif seminarlar keçirirlər.

 

ABŞ-da pedaqoji ali məktəb məzunlarının peşə fəaliyyətinə inteqrasiyası və  hamilik (mentorinq) institutlarının təkmilləşdirilməsi  peşə təşəkkülünün birinci mərhələsi, məsul dövrü hesab edilir. Mentorinqin ən mühüm məqsədləri  yenicə işə başlayan müəllimlərin fərdi peşə üslubunu,  fəallığını və müstəqilliyini formalaşdırmaqdır. Yenicə işə başlayan müəllimlərə  bütün pedaqoji kollektiv tərəfindən xeyirxah himayədarlığın və metodik köməyin göstərilməsi onlara son dərəcə müsbət təsir edir, onların şəxsi şübhələrini, tərəddüdlərini, inamsızlıqlarını aradan qaldırır.  

 

Dünyanın müxtəlif ölkələrində pedaqoji internaturanın təşkili sahəsində apardığımız təhlil xarici pedaqoji internaturanın  aşağıdakı ümumi səciyyəsini müəyyənləşdirməyə imkan vermişdir: tədrisin  keyfiyyətinin yaxşılaşdırılması; yenicə işə başlayan müəllimlərin fəaliyyətindəki kəm-kəsirlərin aradan qaldırılması; gənc müəllimin şəxsi və peşə səviyyəsinin qaldırılması; iş yerlərində yenicə işə başlayan müəllimlər üçün əlverişli şəraitin yaradılması və s.

 

Dünyanın inkişaf etmiş ölkələrində pedaqoji internaturanın ümumi səciyyələndirilməsi Azərbaycan Respublikasında da internaturanın (zəruri pedaqoji stajkeçmənin)   təşkili üçün müəyyən əsas verir.

 

Pedaqoji  internaturanın məqsədi, qarşısında duran vəzifələr

 

Pedaqoji internatura müvafiq qurum tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında fəaliyyət göstərir. Pedaqoji internaturanın tətbiqi üçün, ilk növbədə, hüquqi əsasın yaradılması lazımdır. 

 

İnternatura ali pedaqoji təhsilin tədris proqramlarını mənimsəyən  şəxslər üçün peşə hazırlığının zəruri  formasıdır. O, gənc mütəxəssislərə təhsil sistemində  müvafiq vəzifə tutmağa, ümumi təhsil məktəblərində dərs aparmağa imkan verir.

 

İnternaların təhsili fərdi plana əsasən,  diplomdansonrakı pedaqoji kadr hazırlığına Azərbaycan Respublikası hökumətinin verdiyi tələblərə uyğun olaraq,  rəhbərlik tərəfindən işlənib hazırlanmış  tədris planı və proqramı   əsasında həyata keçirilir. İnternanın fərdi planı ali təhsil müəssisəsinin, yaxud struktur bölmənin rəhbəri  tərəfindən məzunun internaturaya daxil olmasından bir aydan gec olmayaraq  təsdiq edilir.

 

Fərdi tədris planının və təlim proqramının yerinə yetirilməsi internin gündəliyində öz ifadəsini tapır. Bu da hər həftə  internanın rəhbəri tərəfindən təhlil olunur və imzalanır. İxtisasların və  fənlərin siyahısı müəyyən edilir. Tədris planına “Pedaqoji ustalığın əsasları”, “Kurikulumlarla iş”, “Təhsil standartları” və s. üzrə məşğələlərin daxil edilməsi məqsədəuyğundur.

 

İnternaturada təhsil müddətində tədris proqramının bölmələri üzrə bilik və bacarıqların  test yoxlaması keçirilir, həmçinin rübdə bir dəfə hesabat hazırlanır. İnternaturada təhsil yekun dövlət attestasiyası ilə başa çatır.

 

İnternaların  hazırlığı müddəti başa çatdıqda təhsil plan və proqramlarını müvəffəqiyyətlə yerinə yetirənlərə və dövlət yekun attestasiyasından keçənlərə internaturanı bitirməklə bağlı  vəsiqə və mütəxəssisin sertifikatı verilir.

 

Dövlət yekun attestasiyasından keçə bilməyən internalar internaturanı bitirməklə bağlı  vəsiqə və arayış alırlar.  Onlar təkrar imtahan vermək hüququna malikdirlər. İmtahanın verilmə müddəti ixtisaslaşdırılmış imtahan komissiyası tərəfindən müəyyən edilir.

 

Fasiləsiz pedaqoji təcrübə ali pedaqoji təhsil müəssisəsində müəllim hazırlığının  -  müəllimin və pedaqoq-psixoloqun təşəkkül tapma prosesinin çox zəruri komponentidir. 

 

Son zamanlar pedaqoji universitet və institutlarda, ali təhsil müəssisələrinin pedaqoji fakültələrinin bakalavriat mərhələsində  pedaqoji praktikaya müəyyən saatlar ayrılır. Bəzi mütəxəssislər, tədqiqatçılar, müəllimlər, tələbələrin özləri pedaqoji təcrübəyə ayrılan saatların kifayət qədər olmadığından şikayətlənir, pedaqoji kadrların praktik baxımdan müəllimlik peşəsinə səmərəli şəkildə hazırlanmasına mane olduğunu bildirirlər. Bütün bunlar ali təhsilin bakalavriat  pilləsi məzunlarının peşə-pedaqoji praktikaya cəlb olunmasının yeni mexanizminin və yollarının müəyyənləşdirilməsini zərurətə çevirir.

 

İntetrnatura pedaqoji kadr hazırlığı sisteminin tərkib hissəsi olmalıdır. İnternatura (lat. İnternus - daxili) - ali təhsilin bakalavriat mərhələsi məzunlarının diplomdan  sonrakı ilkin ixtisaslaşdırılmasıdır.

 

İnternaturanın məqsədi ali təhsilin bakalavriat mərhələsi məzunlarını pedaqoji fəaliyyətə hazırlamaq, onlara “Pedaqoji təhsil” və “Psixoloji-pedaqoji təhsil” istiqamətləri üzrə magistraturada təhsil üçün imkan yaratmaqdan ibarətdir.

 

Pedaqoji internatura aşağıdakı vəzifələri həyata keçirir:

  • - gələcək müəllimlərdə seçdiyi peşə fəaliyyətində kompetensiyaların formalaşdırılması və inkişaf etdirilməsi;
  • - ali təhsilin bakalavriat mərhələsi məzunlarının gələcək peşə fəaliyyətində praktikaya  maksimal yaxınlaşma şəraitində təlim-nəzəri hazırlığı;
  • - peşə pedaqoji fəaliyyətdə özünüinkişafa yönələn bakalavriat məzunlarının təhsil-tədqiqat hazırlığı;
  • - seçilmiş peşə fəaliyyətində bakalavrların elmi-praktik hazırlığının təkmilləşdirilməsi.

 

Nəzərdə tutulur ki, Azərbaycanda da ali və orta ixtisas məktəblərinin pedaqoji ixtisaslarını bitirən şəxslər birbaşa orta məktəblərdə müəllim kimi fəaliyyətə başlamazdan əvvəl internatura keçməlidirlər. İnternaturanın müddəti dövlət tərəfindən müəyyənləşdirilir. Məzunlar müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi proqramlar əsasında internaturaya cəlb oluna bilərlər.   İnternaturada təhsil müddətinin bir il nəzərdə tutulması məsləhətdir.

 

İnternatura təhsili alan  şəxslərə sertifikat, başqa sözlə, lisenziya verilir. Bu lisenziyanın müddəti 5 il ola bilər. Beş ildən sonra həmin şəxs təkrarən həmin kursu keçməli və yenidən lisenziya almalıdır.

 

Müəllim işləmək istəyənlər internaturadan bakalavriat mərhələsindən, bəzi hallarda hətta magistratura mərhələsini bitirdikdən sonra da keçə bilərlər. İnternaturaya dövlət attestasiyasından keçən və ali pedaqoji təhsil diplomu alan ali pedaqoji müəssisələrin, yaxud ali  təhsil müəssisələrinin pedaqoji fakültələrinin məzunları qəbul oluna bilərlər.

 

Pedaqoji internaturaya qəbul qaydaları müvafiq icra hakimiyyəti (məsələn, Təhsil Nazirliyi) tərəfindən təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

 

İnternaturaya qəbulu və internaturadan xaricetməni həyata keçirmək üçün institut və universitet rektorunun əmri ilə komissiya yaradılır.

 

İnternaların hazırlanması üzrə tədris planları və proqramları təhsil və elmi təşkilatlar tərəfindən müstəqil şəkildə  dövlət tələblərinə uyğun olaraq hazırlanır və  özündə praktik kompetensiyaları əhatə edir.

 

İnternaturada təhsil zamanı müdavimlərə internaturanın iki istiqamətindən (“Pedaqoji təhsil” və “Psixoloji-pedaqoji təhsil”) birini seçmək imkanı verilir. İnternalara internaturada hazırlığın məzmununu təşkil edən üç zəruri komponent  təklif olunur: tədris-nəzəri komponent; tədris-praktik komponent; elmi-praktik komponent;

 

İnternaturada təhsilin məzmununun strukturu milli-mədəni ənənələri və ali təhsil pedaqogikasının inkişafının bütün müasir ənənələrini nəzərdə tutur. Bu mərhələdə müəllim hazırlığı üzrə təhsilin məzmunu modul prinsipi əsasında qurulur. Modul hər hansı ixtisaslaşdırılmış peşə fəaliyyətində təhsil-praktik və tədris-nəzəri hazırlığın başa çatmış tam sistemini özündə birləşdirir (məsələn, uşaq bağçasında tərbiyəçinin köməkçisi, ibtidai sinif müəlliminin köməkçisi, sosial pedaqoqun köməkçisi).

 

İnternaturada hazırlıq zamanı yuxarıda göstərilən həmin üç komponentdən birinin seçilməsi internaturada təhsil alanın hər biri üçün vacibdir. Lakin iki komponentin  (tədris-nəzəri komponent və tədris-praktik komponent) daxilində hazırlıq iki komponentdən birini, yaxud hər ikisini birlikdə seçməklə bağlı iki modul üzrə aparılır. Komponentin daxilindəki modulun biri “Pedaqoji təhsil” istiqaməti üzrə, ikincisi “Psixoloji-pedaqoji təhsil” hazırlıqla bağlı olan moduldur. İnterna hazırlığının məzmunu onun hansı modul dəstini seçməsindən, bu və ya digər peşə fəaliyyəti sahəsində ixtisaslaşmasından asılıdır.

 

Pedaqoji internaturada tədris-praktik fəaliyyətin təşkili

 

Pedaqoji internaturada  tədris-praktik fəaliyyətin təşkilati strukturu  ali təhsilin bakalavriat mərhələsi məzunlarının hazırlanmasının  məqsədinə,  vəzifələrinə və məzmununa uyğun olaraq qurulmalıdır. Təlimin təşkilinin əsas forması  baza təhsil müəssisəsində fəaliyyətin seçilmiş profili üzrə (tərbiyəçinin köməkçisi, müəllim, sosial pedaqoq) müstəqil təlim-praktik və təlim-tədqiqat işi olur. Tədris məşğələlərinin və tərbiyəvi tədbirlərin təşkilində və həyata keçirilməsində pedaqoji hamiyə, başqa sözlə, gənc müəllimə təhkim olunmuş təcrübəli müəllimə kömək lazımdır.

 

Pedaqoji hami-təcrübəli müəllim təkmil şəxsi və peşə keyfiyyətlərinə malik olmalıdır.

 

Pedaqoji internaturada təhsil illərində daha çox praktik bacarıqların qazanılmasına fikir verilməlidir. İnternatura ümumi təhsil məktəbləri, uşaq bağçaları ilə son dərəcə sıx əlaqə saxlamalıdır. Müəllimlik peşəsini seçmiş ali məktəb məzununun günü məktəbdə - şagirdlər arasında keçməlidir. İnternaturada ümumtəhsil fənn kurikulumları, təhsil standartları ilə tanışlığa geniş yer verilməlidir.

 

Müasir təhsildə idraki inkişafın parametrlərini diqqət mərkəzində saxlamaq,  ona zəruri imkan və şərait yaratmaq əsas vəzifə kimi nəzərdən keçirilməlidir. Təhsilə inkişafyönümlü proses kimi yanaşılmalıdır.

 

Pedaqoji internaturada təlimin məzmununu bu və ya digər fənnin əhəmiyyəti, məqsəd və vəzifələri, həmin fənnin   (məsələn, ana dili, riyaziyyat, kimya,  fizika, ədəbiyyat, xarici dil) kurikulumu və onun səciyyəvi cəhətləri; ümumi təhsil məktəblərində tədris olunan ayrı-ayrı fənlərin (hər bir məzunun ixtisasına uyğun olaraq) məzmun xətləri, fəaliyyət xətləri və fəaliyyət standartları; alt-məzmun xətlərinin əsaslandırılması; ümumi təlim nəticələri,  məzmun standartları; təlim texnologiyaları ilə dərslərin aparılmasının səmərəli yolları; interaktiv təlim metodları (beyin həmləsi,  Venn diaqramı, akvarium, BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim), klaster (şaxələndirmə), söz assosiasiyaları, müzakirə, rollar üzrə oyun, layihələrin hazırlanması və s.); təlim strategiyaları; fənlər üzrə qiymətləndirmə standartları; şagird nailiyyətlərinin qiymətləndirilməsi üsulları ilə tanışlıq; fəndaxili (üfüqi və şaquli, başqa sözlə siniflərarası)  və fənlərarası inteqrasiyanın yaradılması üzrə bacarıqların formalaşdırılması təşkil edir. İnterna informatika fənninin tədrisi ilə bağlı formalaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırmanın səmərəli üsullarına yiyələnir; kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri ilə bağlı məlumatlar alırlar.

 

İnternaturada təlim internanın təhsil müəssisəsində təşkil olunan istehsalat müşavirələrində, pedaqoji şuranın iclaslarında, metodik birliklərdə, peşə birliklərində və digər tədbirlərdə iştirakını nəzərdə tutur. İnternanın praktik hazırlığında həm də sənədləşdirmə işləri üzrə bacarıqların   formalaşdırılması da lazım bilinir. Buraya daxildir: plan, qrafik, hesabat sənədləri.

 

Nəticə

 

Pedaqoji internaturaya tələbat meydana gəlir. Pedaqoji internatura - ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi,  seçdikləri müəllimlik   peşəsi  üzrə internaların müstəqil  fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçən diplomdansonrakı (ilkin ali təhsildən sonrakı) peşə təhsilinin formasıdır.  

 

Pedaqoji internatura komponentlərinin təhlilindən görünür ki, ona müxtəlif adlar verilməsinə, müxtəlif təhsil müddəti, müxtəlif iş formaları müəyyənləşdirilməsinə baxmayaraq, o, dünyanın ayrı-ayrı ölkələrində  maliyyə cəhətdən və  metodik baxımdan təchiz olunub, yenicə işə  başlayan müəllimin işinin səmərəliliyini qiymətləndirməyə aparan məqsədyönlü prosesin mühüm mərhələsidir.

 

İnternalar həm təhsil almalı və həm də məktəbdə müəllim kimi fəaliyyət göstərməlidirlər, başqa sözlə, həm də işləyib maaş almalıdırlar.

 

Dünyanın inkişaf etmiş ölkələrində pedaqoji internaturanın ümumi səciyyələndirilməsi Azərbaycan Respublikasında da internaturanın (zəruri pedaqoji stajkeçmənin)   təşkili üçün müəyyən əsas verir.

 

Təkliflər

 

  • 1. Pedaqoji internatura “təcrübəkeçmənin” (“stajirovka”), praktik bacarıq və vərdişlərə, peşə, pedaqoji qabiliyyətlərə sahibolmanın vacib  bir forması kimi nəzərdən keçirilsin. 
  • 2. Pedaqoji təhsili olan məzunların müəllimlik fəaliyyətinə başlaması üçün onların internaturadan keçməsi,  müəllim fəaliyyətinə başlamaq üçün lisenziya alması məsləhət bilinsin. 
  • 3. Pedaqoji internaturanın müvafiq qurum tərəfindən təsdiq olunmuş Əsasnamə əsasında fəaliyyət göstərməsi zəruri sayılsın.    
  • 4. Pedaqoji internaturanın tətbiqi məqsədilə, ilk növbədə, hüquqi əsasın yaradılması diqqət mərkəzində dayansın. 
  • 5. Azərbaycanda pedaqoji internaturada təhsil müddətinin 1 il   müəyyənləşdirilməsi faydalı sayılsın.
  • 6. Zəruri ehtiyac nəzərə alınmaqla ali məktəblərdə pedaqoji internaturanın yaradılması məqsədəuyğun hesab olunsun.
  • 7. Pedaqoji internaturanın təşkili məqsədilə müvafiq qurumlar qarşısında məsələnin qaldırılması təklif olunur.

 

Akif ABBASOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim