AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə hazırladığı “Naxçıvan ədəbi mühiti” monoqrafiyası üzərində işlər davam etdirilir.

 

Naxçıvan Bölməsindən bildirilib ki, sözügedən nəşrin hazırlıq vəziyyəti ilə bağlı iclas keçirilib.

 

Tədbirdə layihənin ideya rəhbəri, AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Naxçıvan ədəbi mühitini əhatə edən irihəcmli, fundamental bir əsərin çap olunmasının zərurətdən doğduğunu qeyd edib. Bildirib ki, Naxçıvan ədəbi mühitini bütün mərhələləri və xüsusiyyətləri üzrə əhatəli öyrənib vəsait şəklində çap etmək Azərbaycan elmi, xüsusilə naxçıvanşünaslıq qarşısında vacib bir məsələ kimi dayanırdı: ”Bu məqsədlə belə bir əsərin hazırlanması üçün əhəmiyyətli bir qərara gəlinib və nəşrin hazırlığı üzərində artıq bir neçə müddətdir ki, işlər davam etdirilir. Monoqrafiyanın ərsəyə gəlməsi və işıq üzü görməsi üçün Azərbaycan alimləri, o cümlədən Naxçıvandan olan elm adamları fəal çalışırlar. Vəsait Naxçıvan ədəbi mühiti ilə bağlı ən müxtəlif məsələləri-Naxçıvanda qədim mədəniyyətin izləri, ədəbi mühitin inkişaf mərhələləri, qədim və orta əsrlərdə Naxçıvanda ictimai fikir və ədəbi mühit, yeni və müasir dövrdə, müstəqillik illərində Naxçıvanda ədəbi mühit, ayrı-ayrı görkəmli şəxsiyyətlər və onların həyat və yaradıcılıq yolu və sair kimi məsələləri əhatə edəcəkdir”.

 

Sonra akademik İ.Həbibbəyliyə monoqrafiyanın ayrı-ayrı bölmələri və mövzuların hazırlıq vəziyyəti ilə bağlı məlumat verilib. Qeyd edilib ki, artıq mövzuların yarıdan çoxu yazılıb, bir qisminin üzərində isə hazırlıq işləri davam etdirilir.

 

Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri Ramiz Qasımov məsələ ətrafında çıxış edərək öz fikirlərini bildiriblər.

 

Sonda qarşıda duran vəzifələr istiqamətində işlərin sürətləndirilməsi tövsiyə edilib.